logo logo

Deyilənlərə yox, faktlara inanın

Siyasət

Deputatın yanlış iddiası: 1978-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan dili Azərbaycan SSR-in konstitusiyasına daxil edildi

Deputatın yanlış iddiası: 1978-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan dili Azərbaycan SSR-in konstitusiyasına daxil edildi

Foto süni intellektlə düzəldilib

Xəbərin qısa icmalı

  • Azərbaycan SSR-in konstitusiyasına Azərbaycan dili ilk dəfə 1956-cı ildə rəsmi dövlət dili olaraq daxil edilib.
  • SSRİ ölkələri arasında ilk dəfə Gürcüstanın 1922-ci il konstitusiyasında gürcü dili dövlət dili olaraq təsbit edilib.
  • İddia yanlışdır.

Deputat Sevinc Hüseynova iddia edib ki, ilk dəfə Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan dili Azərbaycan SSR-in Konstitusiyasına rəsmi dövlət dili olaraq daxil edildi: “1978-ci ildə isə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə ittifaq respublikaları arasında ilk olaraq məhz Azərbaycan SSR-in Konstitusiyasına “Azərbaycan dili Azərbaycan SSR-in rəsmi dövlət dilidir” maddəsi daxil edildi”

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə iddia yanlışdır.

Deputat Sevinc Hüseynovanın iddiasını iki fərqli iddia şəklində qiymətləndirmək olar.

  1. İlk dəfə Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan dili Azərbaycan SSR-in Konstitusiyasına rəsmi dövlət dili olaraq daxil edildi.

Azərbaycan Sovet Sosialist Respublikası (SSR) 1920-ci ildə yaranıb və Azərbaycanın müstəqilliyini elan etdiyi 1991-ci ilə qədər mövcud olub. Bu müddət ərzində Azərbaycan SSR 4 konstitusiya qəbul edib: 1921-ci ildə, 1927-ci ildə, 1937-ci ildə və 1978-ci ildə. Ancaq, Azərbaycan SSR-in konstitutsiyasın müxtəlif illərdə düzəlişlər edilib. 1956-ci ildə 1937-ci il konstitusiyasına edilən dəyişikliklər zamanı Azərbaycan dili Azərbaycan SSR-in rəsmi dili olaraq elan edildi. Azərbaycan SSR Konstitusiyasına (Əsas Qanununa) Azərbaycan SSR dövlət dili barəsində maddə əlavə edilməsi haqqında Qanun bildirir:

Maddə 1. Azərbaycan SSR Konstitusiyasına (Əsas Qanununa) Azərbaycan SSR Dövlət dili barəsində maddə əlavə edilsin və həmin maddə 151-ci maddə ilə aşağıdakı məzmunda yazılsın:

"Maddə 151. Azərbaycan SSR-in Dövlət dili Azərbaycan dilidir.

Beləliklə, Azərbaycan dilinin Azərbaycan SSR-in rəsmi dili olması haqqında konstitusiya maddəsi 1978-ci ildə deyil, 1956-cı ildə qəbul edilib.

  1. Azərbaycan dilinin Azərbaycan SSR-in konstitusiyasına daxil edilməsi Sovet İttifaqında bir ilk idi.

Azərbaycan SSR 1956-cı ildən Azərbaycan dilini rəsmi dil olaraq konstitusiyaya daxil etsə də, bu yenə də Sovet İttifaqı ölkələri arasında bir ilk deyildi. Belə ki, 1922-ci ildə qəbul edilən Gürcüstan SSR konstitusiyası gürcü dilini dövlət dili olaraq təsbit etmişdi.

Beləliklə, nə Heydər Əliyev Azərbaycan dilini Azərbaycan SSR-in konstitusiyasına daxil edib, nə də Azərbaycan Sovet ölkələri arasında öz dilini konstitusiyaya daxil edən ilk dövlətdir.

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə hər iki iddia yanlışdır.

Yanlış
  • 10 Oktyabr, 2026
  • 19

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə