logo logo

Deyilənlərə yox, faktlara inanın

Siyasət

Deputat Tahir Rzayevin müxalifətlə bağlı iddiası

Deputat Tahir Rzayevin müxalifətlə bağlı iddiası

Milli Məclisin deputatı Tahir Rzayev jurnalist Aytən Məmmədovanın hədələnməsi, ondan öncə isə ictimai fəal Bəxtiyar Hacıyevin oğurlanaraq döyülməsinə münasibət bildirərkən müxalifəti ittiham edib.

“Bunun günahını hökumətdə görmək radikal müxalifətin siyasi oyunudur. Guya ölkədə müxalif siyasi nümayəndələr təqib edilirlər. Xeyr, belə deyil. Onlar dövlət haqqında yalan məlumatlar yayırlar”, – deyə Tahir Rzayev vurğulayıb. 

“Fakt Yoxla” deputatın Azərbaycanda müxalif fikirli fəalların təqib olunmadığına dair iddiasının doğru olub-olmadığını yoxlayıb.

ABŞ Dövlət DepartamentiBöyük Britaniyanın Azərbaycandakı səfirliyiJurnalistləri Müdafiə Komitəsi, AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə məruzəçisi Ştefan Şennak, ATƏT-in media azadlığı üzrə nümayəndəsi Tereza Ribeyro və başqaları Azərbaycan hakimiyyətindən jurnalist və fəallara hücumların obyektiv araşdırılmasını tələb ediblər. 

“Human Rights House”un  jurnalistə hücumla bağlı yaydığı bəyanatda vurğulanır ki, Azərbaycan Avropa İnsan Hüquqları Konvensiyasının, Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın iştirakçısı olaraq qaldığından ifadə azadlığına və hüquq müdafiəçilərinin müdafiəsinə zəmanət vermək öhdəliyinə malikdir.  

Qurum Azərbaycan hakimiyyətini üzərinə götürdüyü beynəlxalq öhdəliklərə hörmət etməyə, jurnalistlərə və digər hüquq müdafiəçilərinə qarşı təhdid və zorakılığa dərhal son qoymağa, onlara qarşı törədilmiş cinayətləri operativ və hərtərəfli araşdırmağa çağırıb.

“Human Rights Watch” bu il dərc etdiyi hesabatda isə bildirilir ki, Azərbaycan höküməti müxalifəti və digər tənqidçilərini təqib etməyə davam edir. Buna görə də çox sayda insan saxta ittihamlarla həbs edilir, həbsdə saxlanılır.

“Hökumətin alternativ fikirli şəxslərə qarşı sərt mövqeyi dəyişməz olaraq qalıb. Qeyri-hökumət təşkilatlarının (QHT) müstəqil fəaliyyətini məhdudlaşdıran qanunlar hələ də qüvvədə qalır. 2021-ci il boyunca işgəncə və pis rəftara məruz qalma halları ilə bağlı çoxlu məlumatlar yayılmışdır”, – deyə təşkilat vurğulayıb.

“Human Rights Watch”un bundan öncəki illərə aid hesabatlarında da Azərbaycanla bağlı oxşar məzmunlu tənqidlərə rast gəlmək mümkündür. 

“Amnesty International”ın 2022-ci ilə dair hesabatında da bildirilir ki, Azərbaycanda hökuməti onu tənqid edənlərin təqibini davam etdirir. Sənəddə dinc etiraz aksiyalarının zorakılıqla dağıdıldığı, QHT-lərin fəaliyyətinə dair  məhdudiyyətlərin hələ də mövcud olduğu vurğulanıb.

Azərbaycan “Siyasi Məhbuslara Azadlıq” İttifaqı 2022-ci il fevralın 21-də Azərbaycandakı siyasi məhbusların yeni siyahısını yayıb. Jurnalistlər və bloqqerlər; müxalifət partiyalarının və hərəkatların üzvləri; dindarlar; “Tərtər işi” üzrə mühakimə olunanlar; “Gəncə işi” üzrə mühakimə olunanlar; ömürlük məhkumlar olmaqla 6 qrupa bölünən siyahıya 126 məhbusun adı daxil edilib. Halbuki, ötən ilin dekabrında yayılan siyahıda 122 siyasi məhbusun adı var idi.

Qeyd edək ki, Tahir Rzayevin iddiası parlamentdən müxalif kəsimə ünvanlanan yeganə açıqlama deyil. 2019-cu ildə Milli Məclisin vitse-spikeri olan Bahar Muradova Azərbaycanda siyasi məhbusların olmadığını iddia etsə də, “Fakt Yoxla” onun dediklərinin  yanlış olduğu nəticəsinə gəlmişdi.

“Fakt Yoxla” bu ilin aprelində deputat Elman Nəsirov Azərbaycanda siyasi mövqeyinə görə heç kimin həbs olunmadığına dair iddiasının yanlış olduğu qənaətinə gəlmişdi. 

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, deputat Tahir Rzayevin iddiası faktlarla manipulyasiyadır.

“pravda.az", Deputat: "Guya ölkədə müxalif siyasi nümayəndələr təqib edilirlər, nəyə görə əsassız yerə mitinq təşkil edilməlidir?"

“meydan tv”, Jurnalistin boğazına bıçaq dirəyib hədələdilər

“facebook.com”, Aytən Məmmədovanın sosial şəbəkə paylaşımı

“meydan tv”, Aytən Məmmədova ekspertizadan keçib

“meydan tv, JMK: “Aytən Məmmədovanın təhlükəsizliyi təmin edilməlidir”

“facebook.com”, Britaniyanın Azərbaycandakı səfirliyinin sosial şəbəkə paylaşımı

 “meydan tv”, AŞPA-nın məruzəçisi: “Aytən Məmmədovaya qarşı hücumun araşdırılmasını təqib edəcəyik”

“irfs.org”, ATƏT-in media azadlığı üzrə nümayəndəsi jurnalist Aytən Məmmədovaya hücumu pisləyib

“humanrightshouse.org”, 13 may 2022-ci ildə yayımlanan hesabat

 “hrw.org”, Human Rights Watch 2022-ci il hesabatı (Səh. 60)

 “hrw.org”, Human Rights Watch 2020-ci il hesabatı (Səh. 48)

 “hrw.org”, Human Rights Watch 2021-ci il hesabatı (Səh. 63)

 “amnesty.org”, Amnesty International 2022-ci il hesabatı

 “irfs.org”, Hüquq müdafiəçiləri Azərbaycanda siyasi məhbusların yeni siyahısını açıqlayıblar

 “irfs.org”, There are 122 political prisoners in Azerbaijan, human rights activists

 “faktyoxla.info”, Bahar Muradova: “Azərbaycanda siyasi baxışına görə heç kim təqib olunmur”

 “faktyoxla.info”, Elman Nəsirov: “Azərbaycanda siyasi mövqeyinə görə heç kim həbs olunmayıb”

Faktlarla manipulyasiya
  • 23 May, 2022
  • 2083

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə