logo logo

Deyilənlərə yox, faktlara inanın

Siyasət

Deputat: “Litva indiyə qədər Qarabağ münaqişəsi ilə bağlı neytral mövqe nümayiş etdirib”

Deputat: “Litva indiyə qədər Qarabağ münaqişəsi ilə bağlı neytral mövqe nümayiş etdirib”

“Litva indiyə qədər Ermənistan-Azərbaycan münasibətləri, keçmiş Qarabağ münaqişəsi ilə bağlı hər hansı ciddi bəyənat verməyib və neytral mövqe nümayiş etdirib. Litvadan yalnız ara-sıra məsələnin sülh yolu ilə həll olunması barəsində bəyanatlar eşitmişik”.  

Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Vüqar İskəndərov (YAP) belə deyib

“Fakt Yoxla” bu iddianın doğru olub-olmadığını yoxlayıb.

Qeyd edək ki, deputatın bu açıqlamasından bir gün əvvəl – dekabrın 16-da Litvanın Xarici İşlər Nazirliyi bəyanat verərək humanitar böhrana səbəb olan “Laçın dəhlizinin” blokadasından dərin narahatlıq keçirdiklərini bildirib.

Azərbaycan tərəfin narazılığı isə Litva XİN-in bəyanatda “Dağlıq Qarabağ” ifadəsi ilə bağlı olub.

Skrinşot Litva Xarici İşlər Nazirliyinin “Twitter” səhifəsindən götürülüb.

“Litva tərəfinə xatırladırıq ki, Azərbaycan ərazisində “Dağlıq Qarabağ” deyilən ərazi vahidi mövcud deyil. Litva artıq “Pribaltika” ölkəsi adlandırılmadığı kimi, Azərbaycanın Qarabağ İqtisadi rayonunun Sovet İttifaqı zamanı formalaşdırılmış keçmiş adlarla adlandırılması qəbuledilməzdir”, – deyə Azərbaycan XİN-in yaydığı bəyanatda deyilirdi.

Litva Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub. 

Deputatın iddiasına gəlincə, Litva rəsmiləri Dağlıq Qarabağ ərazisinin Azərbaycanın tərkib hissəsi olduğunu dəfələrlə bəyan ediblər.

8 iyun 2006-cı il: Azərbaycan və Litva prezidentləri arasında Birgə Bəyanat imzalanıb. Bəyanatın 8 və 9-cu bəndlərində Dağlıq Qarabağ münaqişəsindən bəhs olunur. 

Sənəddə BMT Nizamnaməsinin prinsipləri və ATƏT-in Lissabon sammitində qəbul edilmiş üç prinsip tam dəstəklənir, Qarabağ münaqişəsinin beynəlxalq hüququn dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipləri əsasında sülh yolu ilə həll edilməsinin vacibliyi vurğulanır. 

Bu bəyanatdan təxminən 1 il sonra 2007-ci il sentyabrın 13-də Litva və Azərbaycan prezidentləri yenidən birlikdə bəyanatimzalayıblar. Bu sənəddə də münaqişənin dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında sülh yolu ilə həll edilməsinin vacibliyi bir daha qeyd edilib. 

Yuxarıdakı bəyanatlarda münaqişənin həll edilməsi məqsədilə istinad edilən beynəlxalq sənədlərdə  Dağlıq Qarabağın Azərbaycann tərkib hissəsi olduğu vurğulanır. Yəni Litva da Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanıdığından, münaqişənin ərazi bütövlüyünün bərpa edilməsi şərti əsasında sülh yolu ilə həll edilməsini bildirib. 

26 may 2010-cu il: Vilnüsdə Azərbaycan və Litva Hökumətlərarası Komissiyasının birinci iclasında Litvanın Xarici İşlər naziri Audronyus Ajubalis Dağlıq Qarabağda separatçı rejim tərəfindən keçirilən parlament seçkiləri haqda Avropa İttifaqı və ATƏT tərəfindən verilən bəyanatları bütünlüklə dəstəklədiklərini deyib.

Həmin görüşdən iki gün əvvəl ATƏT-in rəhbəri olmuş Qazaxıstanın xarici işlər naziri Kanat Sudabayev bildirmişdi ki, ATƏT Dağlıq Qarabağın müstəqilliyini tanımadığından orada keçirilən seçkilər münaqişənin nizamlanmasına heç bir təsir göstərə bilməz.

15 may 2015-ci il: Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf  Xələfovla Litva Xarici İşlər nazirinin müavini Andrius Krivas arasında görüş zamanı sonuncu Litvanın münaqişədə Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini, işğal altındakı ərazilərdə ticarət-iqtisadi fəaliyyətin Azərbaycanın ərazi bütövlüyünə əsaslanmalı olduğunu bəyan edib. Xələfov Litvanın Azərbaycanın ədalətli mövqeyinə münasibətdə həssaslığının yüksək qiymətləndirildiyini  litvalı həmkarının diqqətə çatdırıb.

17 may 2016-cı il: Vilnüsdə səfərdə olan Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamran Nəbizadə, deputatlar Muxtar Babayev və Elşad Həsənovun daxil olduğu nümayəndə heyəti Litva rəsmiləri ilə görüşüb

Görüşdə Litva Seyminin (parlamentinin) Azərbaycanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Yuras Pojela münaqişə ilə bağlı ölkəsinin rəsmi mövqeyinin dəyişilməz olduğunu, Litvanın Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanıdığını açıqlayıb.

Qrupun sədr müavini Mantas Adomenas da münaqişənin sülh yolu ilə, ədalətli həllinin tərəfdarı olduğunu, bunun isə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkünlüyünü bildirib.

20 dekabr 2016-cı il: Litva Seyminin sədri Viktoras Prantskietis Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə ilə görüşdə Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı ölkəsinin rəsmi mövqeyini təkrarlayıb, Azərbaycanın ərazi bütövlüyünə və müstəqilliyinə hörmətlə yanaşdığını bildirib. 

6 ferval 2017-ci il: Səfir Həsən Məmmədzadə ilə görüşən Litva Seyminin sədr müavini, Avropa işləri üzrə komitənin rəhbəri Qediminas Kirkilas ölkəsinin rəsmi mövqeyini yenidən açıqlamış, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyinidəstəklədiyini qeyd etmişdi.

“Fakt Yoxla”nın yuxarıda qeyd edilənlərə əsasən gəldiyi nətcəyə görə, deputat Vüqar İskəndərovun iddiası yanlışdır

Yanlış
  • 5 Yanvar, 2023
  • 359

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə