logo logo

Deyilənlərə yox, faktlara inanın

Siyasət

Çingiz Qənizadə: “...Torpaqlarımız Ermənistanın işğalından tamamilə azad edildi”

Çingiz Qənizadə:  “...Torpaqlarımız Ermənistanın işğalından tamamilə azad edildi”

“Prezident İlham Əliyevin siyasi uzaqgörənliyi və qətiyyəti sayəsində torpaqlarımız Ermənistanın işğalından tamamilə azad edildi”.

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə “AZƏRTAC”-a açıqlamasında belə deyib.

“Fakt Yoxla” bu iddianın doğru olub-olmadığını yoxlayıb.

1991-ci il dekabrın 21-də  imzalanan Alma-Ata bəyannaməsinə əsasən, bütün müttəfiq ölkələr SSRİ respublikaları arasında mövcud olmuş sərhədlər çərçivəsində sərhədlərin toxunulmazlığını qəbul ediblər. Ermənistanın və Azərbaycanın da imzaladığı bu bəyannamə onu göstərir ki, Ermənistan Azərbaycanın Sovet dönəmindəki ərazilərinin Azərbaycana aid olduğunu qəbul edib. Bununla belə, işğal faktoru davam edib. “Fakt Yoxla” hələ üç il əvvəl Haaqa Konvensiyasının meyarlarına görə, qəsb edilən rayon, şəhər və kəndlərin Azərbaycan ərazilərinin 14-ni təşkil etdiyi nəticəsinə gəlmişdi.  

Beynəlxalq Böhran Qrupunun 2005-ci ildə dərc etdiyi məlumatda qeyd edilir ki, I Dağlıq Qarabağ müharibəsində bu bölgədən olan çağırışçılar və Ermənistandan olan muzdlu əsgərlərlə gücləndirilmiş qüvvələr Azərbaycan torpaqlarının 13,4%-ni (11,722 kvadrat kilometr) işğal edib. Həmin əraziyə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) ərazisinin 92.5%-i, Dağlıq Qarabağın ətrafında olan beş rayon və daha iki rayonun böyük bir hissəsi daxil idi.

Detallı desək, həmin ərazilərə Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın, Xocalı, Şuşa, Xankəndi daxil idi. Bundan başqa, Qazaxın 7 kəndi (Bağanis Ayrım, Xeyrimli, Aşağı Əskipara, Bərxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara) və Naxçıvanın Kərki kəndi də işğal edilmiş ərazilərdəndir. 

2020-ci ilin sentyabrın 27-də başlayan II Qarabağ müharibəsindən sonra Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonları, həmçinin Xocalı və Xocavənd rayonunun bəzi kəndləri və Şuşa şəhəri işğaldan azad edildi. Lakin Xocalı və Xocavəndin digər əraziləri, Xankəndi şəhəri separatçı “Dağlıq Qarabağ Respublikası”nın nəzarətində qaldı. 

2020-ci il noyabrın 9-da Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanan üçtərəfli bəyanatla döyüşlər yekunlaşdı. Tərəflər müqavilənin qüvvəyə mindiyi vaxtdan etibarən, yəni, 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00.00-dan tutduqları mövqelərində qaldılar. Bəyanatın II bəndinə əsasən, 2020-ci il noyabrın 20-də Ermənistan Silahlı Qüvvələri Ağdamı tərk etdi və Azərbaycan ordusu rayona daxil oldu.

Bəyanatın VI bəndinə görə, Kəlbəcər rayonunun noyabrın 15-dək təhvil verilməsi qərarlaşdırılsa da, Ermənistan tərəfi vaxt istədi və bu müddət noyabrın 25-dək uzadıldı. Nəticədə Azərbaycan Silahlı Qüvvələri 2020-ci il noyabrın 25-də rayona daxil oldu. Yenə həmin bəndə əsasən Laçın rayonu (Laçın şəhəri və bəzi bir sıra kəndlər istisna olmaqla) 2020-ci il dekabrın 1-də Azərbaycanın nəzarəti altına keçdi. Laçın dəhlizinə alternativ yolun çəkilişinin tamamlanması və istifadəyə verilməsi nəticəsində 2022-ci ilin avqustun 26-da Azərbaycan Ordusu Laçın şəhərinə daxil oldu. Bəyanata görə, 5 km. enində, 40-50 km. uzunluğunda olmaqla Laçın dəhlizi rus sülhməramlılarının nəzarətinə verildi.

Lakin sözügedən bəyanatda keçmiş Dağlıq Qarabağa aid digər ərazilər - Xankəndi, Ağdərə şəhərləri, həmçinin Xocalı və Xocavəndin böyük bir qisminin Azərbaycan tərəfinə qaytarılmasına dair məlumat yer almır. Başqa sözlə, Azərbaycan Respublikası bu ərazilərdə hakimiyyətini hələ bərpa edə bilməyib. Rusiya sülhməramlı kontingentin yerləşdirildiyi bu ərazilər  separatçı rejimin nəzarəti altındadır. 

Üçtərəfli bəyanatın IV bəndində göstərilib ki, Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Lakin bəyanatın digər bəndlərində Ağdam, Kəlbəcər və Laçının qeyd olunan tarixdə Azərbaycan tərəfinə qaytarılmasından bəhs edilsə də, bu bənddə erməni silahlı qüvvələrinin hansı ərazilərdən və nə vaxt çıxarılması göstərilmir. 

Beləliklə, 1 şəhər, 2 qəsəbə, 81 kənddən ibarət Xocavənd rayonunun Hadrut qəsəbəsi və 34 kəndi işğaldan azad edilsə də, rayonun mərkəzi – Xocavənd şəhəri, 47 kəndi və 1 qəsəbəsi (Qırmızı Bazar) Azərbaycanın nəzarəti altında deyil.

1 şəhər, 1 qəsəbə (Əsgəran), 49 kənddən ibarət Xocalı rayonunun 6 kəndi işğaldan azad edilib. Lakin Xocalı şəhəri, Əsgəran qəsəbəsi və 43 kənd separatçıların idarəsi altındadır. 

Həmçinin Ağdərə şəhəri və keçmiş Ağdərə rayonuna aid olan bir sıra kəndlər, Qazax rayonunun 7 və Naxçıvan MR-nın 1 kəndi də Azərbaycan hakimiyyətinin nəzarəti xaricindədir.

Bir sözlə, Azərbaycanın torpaqları işğaldan tamamilə azad edilməyib. 

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, Çingiz Qənizadənin iddiası yanlışdır

Yanlış
  • 26 Yanvar, 2023
  • 367

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə