logo logo

Deyilənlərə yox, faktlara inanın

Siyasət

AHİK: “Avropa Parlamenti Ermənistana qarşı bir dəfə də olsun səsini çıxarmadı”

AHİK: “Avropa Parlamenti Ermənistana qarşı bir dəfə də olsun səsini çıxarmadı”

Azərbaycan Həmkarlar İttifaqları  Konfederasiyasının (AHİK) Avropa Parlamentini tənqid edən bəyanat yayıb. 

Buna səbəb sonuncunun bu il yanvarın 19-da Laçın-Xankəndi yolunun blokadası ilə bağlı qəbul etdiyi qətnamə olub.

Blokadanın 120 000 erməninin yaşadığı bölgədə humanitar böhrana səbəb olduğu vurğulanan qətnamədə Azərbaycan hökumətindən Ermənistanla Dağlıq Qarabağ arasında nəqliyyat, enerji və kommunikasiya vasitələrinin fəaliyyətini bərpası tələb edilir.

Sənəddəki tələblərdən çıxış edən AHİK Avropa Parlamentinin hadisələrə adekvat münasibət göstərmədiyini bəyan edib.

“Avropa Parlamenti Azərbaycan torpaqlarını işğal edən Ermənistana qarşı bir dəfə də olsun səsini çıxarmadı”, – deyə AHİK bildirib.

“Fakt Yoxla” bu iddianın doğru olub-olmadığını araşdırıb. 

Məlum olub ki, Avropa İttifaqı Parlamenti 2010-cu ildə qəbul etdiyi qətnamədə Dağlıq Qarabağ münaqişəsi nəticəsində didərgin düşmüş yüz minlərlə məcburi köçkünün vəziyyətindən ciddi narahatlığını ifadə edib. 

Sənəddə qeyd olunur ki, bölgəyə BMT Nizamnaməsinə uyğun şəkildə beynəlxalq qüvvələr yerləşdirilməli, erməni hərbi birləşmələrin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır.

Prezident İlham Əliyev bu bəyanatı müsbət qiymətləndirib. 

“Bu qətnamə çox ədalətlidir, münaqişənin mahiyyətini tam şəkildə açır və Azərbaycanın işğal edilmiş torpaqlarından işğalçı qüvvələrin çıxarılmasına dair konkret təkliflər orada öz əksini tapır. Hər bir yeni qərar, xüsusilə Avropa Parlamenti tərəfindən qəbul edilmiş qətnamə və buna bənzər qətnamələr mövqeyimizi gücləndirir, bir sözlə, məsələnin ədalətli həllinə öz dəstəyini göstərir”, – deyə Əliyev vurğulayıb.

https://lh4.googleusercontent.com/f9_h9uRULeFVQ390JXIteKnv4cXVbXPG5vuSLC75-NXUb-3pgTIfvavM8QpRIG08SgiAucyMsSWSOVVr-EC0qMOj1IhNGSxRqfD7HDfRpfKYhXLN70URKpzf6YQAzI1NmqTsThHzatxiJYrUG36_JqFwgYTpcPR02bTbTWoksvI03yyeDj8enlH5BcHjfWMv

Avropa Parlamentinin 2010-cu ildə qəbul etdiyi qətnamədən çıxarış

Avropa Parlamenti 2012-ci ildə Ermənistanla assosiativ saziş üzrə qəbul etdiyi qətnamədə Ermənistanın Dağlıq Qarabağ ətrafındakı rayonları işğaldan azad etməsi, hərbi və fiziki kontingentini bu bölgədən çıxarmasına dair şərt qoyub.

Avropa Parlamenti 2013-cü il oktyabrın 23-də Avropa Qonşuluq siyasəti proqramı üzrə qətnamə qəbul edib. 

Qətnamənin 16-cı paraqrafında bildirilib ki, proqramda iştirak edən bir dövlətin digərinin ərazisinin işğal etməsi Şərq Tərəfdaşlığının fundamental prinsip və məqsədlərinə ziddir və Dağlıq Qarabağ münaqişəsi BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələri və ATƏT-in ATƏT-in Minsk Qrupunun baza prinsipləri əsasında həll edilməlidir. Rəsmi Yerevan bu qətnaməyə görə Avropa Parlamentini tənqid də edib. 

2015-ci ildə isə Avropa Parlamentinin Finlandiyadan olan üzvü və Avronest Parlament Assambleyasının prezidenti Heidi Hautala bildirib ki, Avropa Parlamenti Dağlıq Qarabağın işğalını inkar etmir.

2020-ci ilin iyununda Avropa Birliyi - Ermənistan Parlament Tərəfdaşlığı Komitəsinin nümayəndə heyəti Ermənistandan Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ vilayətinə yeni magistral yolun çəkilişini pisləyən bəyanat qəbul edib. 

“Prinsip etibarilə, Şərq Qonşuluğu daxilində regional tərəfdaşlığı, əlaqələrin yaranmasını, xalqlar arasında təmas yaradan layihələri dəstəkləyirik. Ancaq buna baxmayaraq, bu magistral yolun çəkilməsi üçün Azərbaycan hakimiyyətindən icazə alınmayıb və beynəlxalq hüquq pozulub. Bundan başqa, bu, simvolik olaraq Dağlıq Qarabağın və ətraf rayonların qanunsuz işğalını möhkəmləndirir. Bu səbəbdən sözügedən təşəbbüsü pisləyirik, çünki bu inam, sülh və barışığa yol açacaq şərtlərin yaranmasına töhfə vermir”, – deyə bəyanatda vurğulanıb. 

Sənədi nümayəndə heyətinin rəhbəri Marina Kaljurand, Avropa Parlamentinin Ermənistan üzrə daimi məruzəçisi Traian Băsescu və Avropa Parlamentinin Azərbaycan üzrə daimi məruzəçisi Željana Zovko imzalayıblar.

Beləliklə, Ermənistanın Azərbaycanın ərazilərini işğal etməsi Avropa Parlamentinin qəbul etdiyi qətnamələrdə  vurğulanıb. Bu sənədlərdə həmin ərazilərin Azərbaycana geri qaytarması tələb olunub. 

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, AHİK-nın iddiası yanlışdır.

 

Yanlış
  • 26 Yanvar, 2023
  • 552

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə