logo logo

Deyilənlərə yox, faktlara inanın

Siyasət

Adil Əliyev: “O dövrdə respublikaya rəhbərlik edənlər 20 Yanvara siyasi qiymət vermədilər”

Adil Əliyev: “O dövrdə respublikaya rəhbərlik edənlər 20 Yanvara siyasi qiymət vermədilər”

“O dövrdə respublikaya rəhbərlik edənlər bu fundamental və tarixi əhəmiyyətli hadisəyə siyasi qiymət vermədilər. 20 Yanvar faciəsinə siyasi qiymət yalnız Ulu öndər Heydər Əliyevin təşəbbüsü və səyləri ilə 1994-cü ildə verildi”.

Milli Məclisin sədr müavini Adil Əliyev 20 Yanvar haqqında məqaləsində belə yazıb. 

“Fakt Yoxla” deputatın iddiasının doğru olub-olmadığını yoxlayıb.

1990-cı il yanvarın 18-də  Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Əbdürrəhman Vəzirov istefa vermişdi. 

1990-cı il yanvarın 25-də bu vəzifəyə Ayaz Mütəllibov gəldi. Həmin vaxt Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri Elmira Qafarova idi. 

Araşdırma iddianın əhatə etdiyi dövr nəzərə alınaraq sözügedən şəxslərin hakimiyyət dövrləri ilə çərçivələnib.

21 yanvar 1990-cı ildə deputatların üçdə bir hissəsinin təşəbbüsü ilə çağırılmış Azərbaycan SSR Ali Sovetinin fövqəladə sessiyası işə başladı. Sessiyanı Ali Sovetin Rəyasət Heyətinin sədri Elmira Qafarova açdı. 

Açılış zamanı deputatlar 1990-cı il yanvarın 19-21-də Bakıda faciəli hadisələr zamanı həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. 21 yanvarda başlayan sessiya bütün gecəni davam etdi və yalnız 22 yanvar səhər saatlarında yekunlaşdı. 

Azərbaycan SSR Ali Soveti, SSRİ Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Komitəsi qoşunlarının Bakıda dinc əhaliyə qanlı divan tutması, yüzlərlə adamın öldürülməsi və yaralanması ilə nəticələnən hadisəni Azərbaycan SSR-in suveren hüquqlarının açıq-aşkar tapdalanması kimi qiymətləndirdi. Baş verən hadisələr Azərbaycan xalqına qarşı cinayət adlandırıldı.Bu sessiya zamanı aşağıdakı qərarlar verildi:

1. Bakıda fövqəladə vəziyyət haqqında SSRİ Ali Soveti Rəyasət Heyətinin 19 yanvar 1990-cı il tarixli fərmanı Azərbaycan SSR-in suverenliyinə qarşı təcavüz, bu fərmanın Bakı və onun ətrafında kütləvi qırğına səbəb olmuş icrasına sərəncam vermiş SSRİ ali hakimiyyət orqanlarının və ali vəzifəli şəxslərin hərəkətləri isə Azərbaycan xalqına qarşı cinayət kimi qiymətləndirilsin;

2. Bütün qoşun hissələrinin və bölmələrinin ən qısa müddətdə Bakı şəhərindən çıxarılması tələb edilsin; 

3. SSRİ Konstitusiyasının 119-cu maddəsinin 14-cü bəndini kobud surətdə pozmaqla Azərbaycan SSR-in ali hakimiyyət orqanlarının razılığı olmadan qəbul edildiyinə görə, Azərbaycan SSR-in suverenliyi haqqında Konstitusiya Qanununun 6-cı maddəsinə əsasən, SSRİ Ali Soveti Rəyasət Heyətinin Dağlıq Qarabağ Muxtar Vilayəti və Ermənistanla qonşu rayonların sərhəd zolaqları istisna olmaqla, Bakı şəhərində və Azərbaycan SSR-in digər rayonlarında fövqəladə vəziyyət elan edilməsi barədə 15 və 19 yanvar 1990-cı il tarixli fərmanlarının icrası dayandırılsın; 

4. SSRİ Ali Sovetinin Rəyasət Heyətindən Bakı şəhərində və respublikanın rayonlarında fövqəladə vəziyyət elan edilməsi haqqında 1990-cı il 19 yanvar tarixli fərmanın dərhal ləğv olunması tələb edilsin, Bakı şəhərindən və həmin rayonlardan ordu hissələrinin və hərbi texnikanın çıxarılması barədə sərəncam verilsin; 

5. Bakı şəhərində və Azərbaycanın digər rayonlarında Azərbaycan SSR vətəndaşlarına qanlı divan tutulmasının bilavasitə təşkilatçılarını, müqəssir olanları aşkar etmək üçün ictimai təşkilatların nümayəndələri daxil edilməklə deputat komissiyası yaradılsın; 

6. Müttəfiq respublikaların Ali Sovetlərinə, dünyanın bütün demokratik hökumətlərinə belə bir çağırışla müraciət edilsin ki, yüzlərlə adamın həlak olması ilə nəticələnmiş və beynəlxalq hüquq normalarına zidd olan bu acı təcavüz və vəhşilik hərəkətlərini pisləsinlər; 

7. Əgər ittifaq orqanlarından müsbət cavab alınmazsa, fövqəladə sessiya öz işini davam etdirsin. SSRİ və Azərbaycan SSR arasındakı ittifaq münasibətlərinin saxlanmasının məqsədəuyğunluğu haqqında məsələnin müzakirəsinə başlasın. 

Qərarı Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri Elmira Qafarova və Ali Sovetin Rəyasət Heyətinin katibi Rəfiqə Qazıyeva imzalayıb. 

Azərbaycan SSR Ali Soveti elə həmin gün deputatlardan ibarət istintaq komissiyasının yaradılması haqqında da qərarimzalayıb. Qərarda bildirilib ki, SSRİ Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Komitəsinin qoşunları tərəfindən Bakı şəhərində və Azərbaycanın digər rayonlarında hüquqa zidd hərəkətlər nəticəsində yüzlərlə insanın həlak olmasının və yaralanmasının bilavasitə təşkilatçılarını, müqəssirlərini aşkara çıxarmaq məqsədilə, ictimaiyyətin nümayəndələri də daxil edilməklə deputat komissiyası yaradılsın. Komissiyanın tərkibinə ümumilikdə 21 nəfər daxil idi. 

Bu qərarı Elmira Qafarova ilə Rəfiqə Qazıyeva imzalayıb.

Fevralın 11-də Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti istintaq komissiyasının bəyanatını müzakirə edərək qərarimzalayıb. 

Həmin qərarda bildirilib ki, 1990-cı il yanvarın 19-20-də Bakı şəhərində adamların həlak olmasında müqəssir şəxslər barəsində cinayət işləri qaldırılsın və istintaq aparılsın.

Bu qərarı da Elmira Qafarova və Rəfiqə Qazıyeva imzalayıb. 

1992-ci il yanvarın 13-də  “Azərbaycan Respublikasının “Azadlıq uğrunda mübariz” fəxri adının müəyyən edilməsi haqqında” Qanun imzalanıb. Qanunda 20 Yanvar hadisələri zamanı həlak olan və yaralanan vətəndaşlara “Azadlıq uğrunda mübariz” fəxri adının verilməsi qərara alınıb. Bu qanun həmin vaxt Azərbaycanın Prezidenti olan Ayaz Mütəllibov tərəfindən imzalanıb.

20 Yanvar hadisələrinin araşdırılması məqsədilə yaradılan istintaq komissiyası 1992-ci il yanvarın 19-da işin yekunlarına dair Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasına hesabat verib. 

Hesabatda göstərilib ki, dinc əhalidən 131 adam öldürülüb, 744 adam yaralanıb, yüzlərlə adam qanunsuz tutulub, dövlət əmlakına, ictimai və şəxsi əmlaka böyük zərər vurulub. 

“Komissiyaya vətəndaşların 2 mindən çox məktub və şikayəti, yüzlərlə şifahi məlumatı daxil olmuş, təqribən 2 min 500 adam sorğu-sual edilmiş, 250-dən çox hadisə yeri və obyekt müayinə olunmuş, 286 ballistik, avtotexniki, əmtəəşünaslıq, mühəndis-texniki ekspertiza keçirilmiş, meyitlərin məhkəmə-tibbi müayinəsi haqqında aktlar, habelə müstəqil hərbi ekspertlərin rəyləri alınmış, böyük miqdarda audio və videomateriallar toplanmış və öyrənilmişdir. Keçmiş SSRİ-nin və respublikanın müxtəlif dövlət, təsərrüfat, hüquq mühafizə orqanlarına, habelə ictimai təşkilatlarına və hərbi idarələrinə 2517 sorğu göndərilib. Bütün bunlar tarixi əhəmiyyət kəsb edən materiallar toplamış komissiyanın böyük iş gördüyünü sübut edir”, – deyə Ali Sovet Milli Şurasının 19 yanvar 1992-ci il tarixli qərarında qeyd olunub.

Həmçinin qərarda hadisə ilə bağlı dünya dövlətləri parlamentlərinə və BMT-yə müraciətin edilməsi əksini tapıb. 

Bundan başqa, qərarda qeyd olunub ki, araşdırmalar davam etsin, istintaq-əməliyyat qrupu yaradılsın və siyasi fəaliyyətə görə və Bakı şəhərində fövqəladə vəziyyət rejiminin tətbiqi ilə əlaqədar adamların tutulması, həbsə alınması, cinayət və inzibati məsuliyyətə cəlb edilməsi, ictimai təşkilatların fəaliyyətinin dayandırılması hallarının qanuniliyi və əsaslılığı yoxlanılsın və yoxlama nəticələrinə əsasən müvafiq tədbir görülsün.Bu qərarı Ali Sovetin sədri Elmira Qafarova imzalayıb.

Həmin  gün istintaq komissiyasının gördüyü işlərlə bağlı Ali Sovetin Milli Şurası başqa bir qərar da qəbul edib. Qərarda istintaq komissiyasının 20 Yanvar hadisələrinin təfsilatını aydınlaşdırmasının nəticələri yüksək qiymətləndirilib və komissiya üzvlərinin adları qeyd olunaraq onlara təşəkkür elan edilib. Bu qərarı da yenə Ali Sovetin sədri Elmira Qafarova imzalayıb. 

20 Yanvar hadisələrinə Heydər Əliyevin təşəbbüsü və səyləri ilə qiymət verilməsinə gəlincə, 1994-cü il martın 29-da imzalanan “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Milli Məclisin qərarında da baş verən hadisələr hərbi təcavüz və cinayət kimi qiymətləndirilib. 

Beləliklə, həmin vaxt Ali Sovetin Sədri olan Elmira Qafarovanın imzaladığı aşağıdakı qərarlarda 20 Yanvar hadisələrinə siyasi qiymət verilib:

1. 1990-cı il 22 yanvar tarixli “Bakı şəhərində fövqəladə vəziyyətin ləğv edilməsi haqqında Azərbaycan SSR Ali Sovetinin qərarı” və “Azərbaycan SSR Ali Soveti deputatlarından ibarət istintaq komissiyasının yaradılması haqqında Azərbaycan SSR Ali Sovetinin qərarı”; 

2. 1990-cı il 11 fevral tarixli “Azərbaycan SSR Ali Sovetinin istintaq komissiyasının bəyanatı haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin qərarı”; 

3. 1992-ci il 19 yanvar tarixli “1990-cı il yanvarın 19-20-də Bakı şəhərinə qoşunların yeridilməsi ilə əlaqədar faciəli hadisələrin təfsilatının və səbəblərinin təhqiqi üzrə Azərbaycan Respublikası Ali Soveti komissiyasının işinin yekunlarına dair Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının qərarı” və “1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə qoşunların yeridilməsi ilə əlaqədar faciəli hadisələrin təfsilatının və səbəblərinin təhqiqi üzrə Azərbaycan Respublikası Ali Soveti istintaq komissiyasının üzvlərini mükafatlandırmaq haqqında Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının qərarı”.

Ayaz Mütəllibovun 1992-ci il yanvarın 13-də imzaladığı “Azərbaycan Respublikasının “Azadlıq uğrunda mübariz” fəxri adının müəyyən edilməsi haqqında” Qanunda 20 Yanvar hadisələrinə siyasi qiymət verilib. 

Bu sənədlərdə yanvarın 20-də törədilən hadisələrin Azərbaycana qarşı təcavüz və cinayət olduğu vurğulanıb. 

Ayaz Mütəllibovun imzaladığı qanunda 20 Yanvar hadisələri zamanı yüzlərlə dinc insanın qətlə yetirildiyi qeyd edilib. Bu faktlar sübut edir ki, həmin vaxt ölkəyə rəhbərlik edən şəxslər hadisələrə siyasi qiymət veriblər. 

1994-cü il martın 29-da Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərarı Ali Sovetin o zamankı sədri Rəsul Quliyev tərəfindən imzalanıb. Bu qərarın qəbulu sabiq Prezident Heydər Əliyevin hakimiyyəti dövrünə düşür. 

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, Adil Əliyevin iddiası yanlışdır

Yanlış
  • 2 Fevral, 2023
  • 688

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə