logo logo

Deyilənlərə yox, faktlara inanın

Media

“Sputnik.az”: “2007-2008-ci illərdəki böhranlar bir dəstə bankirin razılaşdırılmış oyununun nəticəsi idi”

“Sputnik.az”:  “2007-2008-ci illərdəki böhranlar bir dəstə bankirin razılaşdırılmış oyununun nəticəsi idi”

“Bizneslər iflas etdi, insanlar müflis oldu, kütləvi işsizlik yarandı. Bu, əslində, 2007-2008-ci illərdə və bütün bu maliyyə böhranları zamanı bir dəstə bankirin razılaşdırılmış oyununun nəticəsi idi”.

“Sputnik.az” saytında dərc olunan məqalədə belə bir iddia yer alır.

“Fakt Yoxla” bu iddianın doğru olub-olmadığını araşdırıb.

2008-ci ilin maliyyə böhranı indiyədək dünya iqtisadiyyatında baş vermiş ən böyük iqtisadi böhranlardan biridir. Böhran 2007-ci ilin ikinci yarısından etibarən ABŞ-ın maliyyə sektorunda başladı və dünyanın əksər ölkələrində iqtisadi durğunluğa səbəb oldu.

Böhranın əsas çıxış nöqtəsi ABŞ-ın daşınmaz əmlak bazarı idi. 2001-ci ildə bu ölkədə ipoteka borclarının ümumi məbləği 7 trilyon dollar idisə,  2007-ci ildə bu göstərici iki dəfə artaraq 15 trilyon dollara yaxınlaşmışdı.

Böhranın səbəbi daşınmaz əmlak kreditləri siyasətində yol verilən yanlışlıqlarla izah olunurdu. İqtisadiyyat üzrə Nobel mükafatçısı Cozef Stiqlitsin fikrincə, bank sektorunun daşınmaz əmlak bazarına yüksək həcmdə aşağı faiz dərəcələri ilə yüksək riskli kreditlər yönəltməsi ABŞ-ın daşınmaz əmlak bazarında “qiymət balonu” ortaya çıxarmasına səbəb oldu. İqtisadi nəzəriyyədə “qiymət balonu” dedikdə aktivlərin qiymətlərinin reallığı əks etdirməyən şəkildə əsassız yüksəlməsi başa düşülür.

Digər bir məşhur iqtisadçı Oliver Blandchar  deyib ki, törəmə maliyyə alətləri ilə ticarətin genişlənməsi də böhranda mühüm rol oynayıb. Belə ki, törəmə maliyyə alətləri ilə əməliyyatların genişlənməsi riskli kredit məhsulları satan bankların həmin məhsulları rahatlıqla üçüncü tərəflərə, məsələn, hedcinq fondlarına (investorların itkilərini azaltmaq məqsədilə yaradılan, risklərdən sığrotalanma fondları) verməsinə şərait yaratdı. Bu tip qiymətli kağızların rahatlıqla satılması bankların riskli kreditləri daha böyük həcmdə satmasına, sonuncu isə bazarda böhranın yaranmasına gətirib çıxardı.

Digər tərəfdən, 2007-ci ilin sonunda və 2008-ci lin əvvəlində dünyada neft qiymətləri sürətlə artmağa başladı. Həmin dövrdə ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) uçot dərəcələrini yüksəltməsi, kredit faizlərinin artması və daşınmaz əmlak qiymətlərinin sürətlə ucuzlaşması böhranın təməlini qoydu. Kredit götürən şəxslərin ödəmə qabiliyyətinin aşağı düşməsi ilə ödənişlərdə problemlər yaranmağa başladı.

Müştərilər ipoteka ilə əldə etdikləri əmlakları tikinti və əmlak satışı üzrə ixtisaslaşmış şirlətlərə geri qaytarmağa başladı. Qaytarılan əmlakların yenidən satışının zəif olması, həmin şirkətlərin də banklar qarşısında öhdəliklərini yerinə yetirə bilməməsini şərtləndirdi. Beləcə, daşınmaz əmlak bazarında başlayan böhran maliyyə sektoruna da sıçradı.

Böhranın səbəbləri arasında ABŞ-da riskli müştərilərə böyük həcmdə kreditlərin verilməsinə şərait yaradan müvafiq qanunvericilik də göstərilir. Belə ki, 1995-ci ildə bu ölkədə qəbul edilən İctimai İnvestisiya Aktına dəyişikliklərlə birlikdə, orta və aşağı gəlirli əhalinin ev və digər istehlak kreditləri almasına şərait yarandı. Nəticədə kredit verən qurumlar öz tələblərini yumşaltdılar. 

Eyni zamanda, Akta edilən digər dəyişikliklər dövlət tərəfindən öhdəliklərinə zəmanət verilən və dövlətdən limitsiz kredit ala bilən açıq səhmdar cəmiyyətlərinin aşağı və orta gəlirlilər qrupuna da investisiya yönəltməsinə imkan yaratdı. Bu, əslində kredit qabiliyyəti olmayan qrupa kredit verilmə prosesinin başlanması idi.

Böhranın səbəblərindən daha biri kredit qiymətləndirmə agentliklərinin fəaliyyətindəki qüsurlardır. Məşhur reytinq agentliklərinin riskli kreditlər verən banklarla bağlı qiymətləndirmələrinin obyektiv olmaması və ümumiyyətlə bu tip qurumların fəaliyyətlərinin tənzimlənməməsi daşınmaz əmlak sektoru ilə bağlı risklərin vaxtında üzə çıxmamasına səbəb kimi göstərilir. Dünyanın ən məşhur kredit qiymətləndirmə agentliklərindən biri “Moody’s” 2008-ci il qlobal maliyyə böhranı ilə bağlı kredit reytinqlərinin ölçülməsində buraxdığı səhvlərə görə 864 milyon dollar cərimə ödəməli olmuşdu.

Qiymətləndirmə şirkətləri ilə yanaşı, ipoteka sahəsində ixtisaslaşan qurumlar da böhran nəticəsində iflasa uğradı. Diqqət çəkən hadisələrdən biri ABŞ-da ipoteka sahəsində ixtisaslaşan ən böyük 5 şirkətdən ikisinin -  “Fannie Mae” və “Freddie Mac” şirkətlərinin iflas etməsi idi.

Beləcə, həm ABŞ-da hökumətin riskli kreditlərin verilməsi ilə bağlı hüquqi tənzimləməni doğru həyata keçirə bilməməsi, həm bankların aşağı gəlirləri şəxslərə verdiyi riskli kreditlərin həcminin artması, həm də kredit reytinqlərini qiymətləndirən agentliklərin fəaliyyətlərində baş verən boşluqlar qlobal maliyyə böhranının yaranmasını şərtləndirən obyektiv amillər olub.

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, “Sputnik.az”ın iddiası saxtadır.

Saxta Xəbər
  • 22 Mart, 2022
  • 666

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə