Deputat Ceyhun Məmmədov “Demokrat.az” saytına açıqlamasında bildirib ki, dövlət qulluğu sistemində gənclərin payı ilbəil artır:
“Bayram ərəfəsində fərqlənən dövlət qulluqçuları müxtəlif orden və medallarla təltif olunurlar. Bu addım sahəyə olan dövlət qayğısının növbəti göstəricisidir. Dövlət qulluğu sistemində gənclərin payı da ilbəil artır.”
2000-ci ildə keçmiş prezident Heydər Əliyev tərəfindən imzalanan “Dövlət Qulluğu” haqqında qanuna görə dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər normativ hüquqi aktlarına uyğun olaraq dövlətin məqsəd və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluğu vəzifəsində xidmət,dövlət qulluqçusu isə dövlət büdcəsindən yaxud büdcədən kənar vəsaitlərdən məvacib alan, bu Qanunla müəyyən edilmiş qaydada inzibati və ya yardımçı dövlət qulluğu vəzifəsini tutan, ilk dəfə daimi dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən dövlət orqanının işçisidir.
“Gənclər siyasəti haqqında” qanuna görə Azərbaycanda gənclik yaşı 14-29 yaş arasıdır. Bu səbəbdən bu yaş aralığında olan dövlət qulluqçuların sayına baxmaq lazımdır. Dövlət Statistika Komitəsi 2003-cü ildən etibarən dövlət qulluqçularının yaş bölgüsünə əsasən məlumatlarını təqdim edir. Komitənin məlumatlarından görünür ki, 30 yaşa qədər olan dövlət qulluqçularının sayı ilbəil artmır, əksinə, 2016-cı ildən sonra 2019 və 2023-cü illər istisna olmaqla hər il əvvəlkinə nəzərən daha da azalır. 2016-cı ildə 30 yaşa qədər olan dövlət qulluqçularının sayı 5570 idisə, 2026-cı ildə bu rəqəm 3988 olub.
Qrafik süni intellekt vasitəsilə hazırlanıb
Həmçinin, ümumi dövlət qulluqçularının içində yaşı 30-a qədər olanların payı da eyni şəkildə azalıb.
Qrafik süni intellekt vasitəsilə hazırlanıb
Qrafikdən də göründüyü kimi, 2016-cı ildə dövlət qulluqçularının içində yaşı 30-a qədər olanların payı 18,51 faiz idisə, 2026-cı ildə bu rəqəm 14,61 faizə düşüb.
Beləliklə, dövlət qulluqçusu olan gənclərin sayı ilbəil artmır, son 10 ildə istisna hallar xaricində azalır.
“Fakt Yoxla”nın gəldiyi nəticəyə əsasən iddia yanlışdır.