Deputat Vüqar Bayramov iddia edib ki, Qarabağda bərpa və yenidənqurma işləri tamamilə Azərbaycanın öz maliyyə imkanları hesabına həyata keçib. Sitat: “İndiyədək bərpa və yenidənqurma işlərinə dövlət büdcəsindən 26 milyard manat vəsait ayrılıb və Azərbaycan bu layihələri tamamilə öz maliyyə imkanları hesabına həyata keçirməklə öz iqtisadi gücünü nümayiş etdirir”.
Prezident İlham Əliyev Qarabağın işğaldan azad edilməsindən sonra 2022-ci ildə “Böyük Qayıdışa dair I Dövlət Proqramı”nı təsdiq etdi. Bu proqram 2022-2026-cı illər ərzində Qarabağda infrastrukturun və iqtisadiyyatın yenidən qurulmasını, sosial inkişafı, ətraf mühitin tarazlı inkişafını əsas hədəf kimi qarşısına qoyub. Prezident İlham Əliyevin 2026-cı ilin oktyabr ayında verdiyi açıqlamaya görə o vaxta qədər bərpa və yenidənqurma işlərinə dövlət büdcəsindən 25,5 milyard manat vəsait ayrılıb.
Ancaq, Qarabağın yenidən qurulması prosesi yalnız Azərbaycanın öz maliyyə imkanları hesabına baş tutmur. Açıq mənbələrə əsasən, Qarabağın yenidənqurmasına xarici institutlar və ölkələr də vəsaitlər ayırıb. Məsələn, Macarıstan Qarabağda bərpa işləri üçün 30 milyon dollar ayırıb və Cəbrayıl rayonunun Soltanlı kəndində məktəb tikib. Özbəkistan və Qırğızıstan da Qarabağda məktəb tikintisi üçün maliyyə ayırıb.
Bundan əlavə Qarabağın minadan təmizlənməsi üçün müxtəlif dövlətlər və institutlar Azərbaycana maliyyə dəstəyi verib. Məsələn, Avropa İttifaqı 2022-ci ildə Qarabağda minadan təmizləmə fəaliyyəti üçün 2,5 milyon, 2023-cü ildə məcburi köçkünlərin təhlükəsiz qayıdışının dəstəklənməsi məqsədilə icra edilən layihəyə 4,25 milyon avro ayırıb. ABŞ 2021-ci ildə Qarabağda minalardan təmizləmə əməliyyatları üçün 500 min dollar, 2022-ci ildə 2 milyon dollar ayırıb. Birləşmiş Krallıq da 2023-cü ildə Qarabağda minatəmizləmə fəaliyyəti üçün 500 min funt sterlinq ayırıb.
Edilən maliyyə yardımları Azərbaycan dövlətinin büdcədən ayırdığını iddia etdiyi 25,5 milyard manat ilə müqayisədə kiçik məbləğlər hesab oluna bilər ancaq bu məlumatlar göstərir ki, Qarabağın yenidən qurulması prosesi yalnız Azərbaycanın öz maliyyə imkanları ilə həyata keçirilmir, xarici institutlar və ölkələr də Azərbaycana yardım göstərirlər.
“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə deputatın iddiası yanlışdır.