logo logo

Deyilənlərə yox, faktlara inanın

Koronavirus

Aqil Abbas: “Koronavirus süni yaradılmış xəstəlikdir”

Aqil Abbas: “Koronavirus süni yaradılmış xəstəlikdir”

Deputat Aqil Abbas “Baku TV”yə müsahibəsində deyib ki, “COVID-19” laboratoriya şəraitində süni şəkildə yaradılıb. 

“Dünyada müəyyən güclər siyasət aparıb, virusun yarasadan çıxdığını deyirlər. Nə oldu, min ildir yarasadan heç nə çıxmırdı, sırağagün çıxdı? Süni yaradılmış, laboratoriyada yaradılmış xəstəlikdir”, – deyə o, bildirib.

“Fakt Yoxla” deputatın bu iddiasının doğru olub-olmadığını araşdırıb.

ABŞ Allergik və İnfeksion Xəstəliklər Milli İnstitutu bildirib ki, koronaviruslar insanlar və heyvanlar arasında yayılan virus ailəsidir. Koronaviruslar insanlarda adi soyuqdəymədən tutmuş daha ciddi xəstəliklərə qədər respirator infeksiyalara səbəb ola bilər. Son illər ortaya çıxan koronavirus növləri daha təhlükəlidir və ölümə səbəb olur.

2019-cu ilin dekabrında Çinin Uhan şəhərində ortaya çıxan və 3 milyondan çox insanın ölümünə səbəb olan “Sars-Cov-2” koronavirusu Azərbaycan da daxil olmaqla bir çox ölkəyə yayılıb.

Virusun mənşəyi ilə bağlı müxtəlif spekulyasiyalar olsa da, onun laboratoriyada süni şəkildə yaradıldığına dair heç bir sübut yoxdur. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST), Çin və digər ölkələrdən olan tədqiqatçıların apardığı araşdırmada virusun mənşəyi ilə bağlı müxtəlif iddialar yoxlanıb. Araşdırmaçılar bildirirlər ki, bu iddanı dəqiq sübut etmək üçün dünyadakı bütün yüksək səviyyəli biotəhlükəsizlik laboratoriyalarının yoxlanması lazımdır.

Yayılan iddiaların siyasi məqsəd güddüyünü deyən 27 elm adamı dünyaca məşhur “Lancet” tibbi jurnalında “COVID-19”-la mübarizə aparan çinli elm adamlarına, ictimai səhiyyə və tibb mütəxəssislərinə dəstək bəyanatı ilə çıxış edərək, virusun təbii mənşəli olduğunu və vəhşi təbiətdən törəndiyi qənaətinə gəldiklərini bildiriblər.

ÜST tərəfindən təşkil edilən araşdırmada virusun ehtimal olunan mənbəyi kimi Uhandakı bazar da daxil olmaqla heyvan satılan yerlər göstərilib. Avstraliyanın Sidney Universitetinin viroloqu Eddi Holmes də virusun bazarda yayıldığını dəstəkləyərək araşdırma təhlillərinin virusun daşıyıcı bir heyvan vasitəsilə insana ötürüldüyünü qeyd edib.

ÜST-ün 2020-ci il aprelin 23-də yayımladığı hesabata görə, əldə edilən faktlar virusun labarotoriyada hazırlandığı ehtimalını əks etdirmir: “Bugünə qədər əldə edilən bütün faktlar virusun təbii heyvan mənşəyinə aid olduğunu, labaratoriya məhsulu olmadığını dəstəkləyir. Bir çox araşdırmaçı “Sars-Cov-2”-nin genom xüsusiyətlərini yaxından tədqiq edib və əldə edilmiş faktlar virusun laboratoriyada hazırlanmış olduğu fikrini müdafiə etmir. Əgər virus hazırlanmış olsaydı, onun genom ardıcıllığı məlum elementlərin qarışığı olaraq görünəcəkdi. Belə bir hal isə qeydə alınmayıb”.

Hələlik virusun hansısa güclər tərəfindən laboratoriyada hazırlandığını təsdiq edən heç bir sübut yoxdur.

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, deputatın iddiası konspirasiya nəzəriyyəsidir.

Konspirasiya nəzəriyyəsi
  • 30 Aprel, 2021
  • 4557

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə