İyul ayının 26-da Nigerdə təşkil edilən hərbi çevriliş nəticəsində prezident Məhəmməd Bazoum hakimiyyətdən uzaqlaşdırılıb. Çevrilişdən sonra Niger prezident qvardiyasının komandiri Abdurahman Tçianinin ölkənin keçid hökumətinə rəhbərlik edəcəyi bildirilib.
Çevrilişdən sonra “apa.az”, “report.az”, “turkustan.az”, “sia.az”, “islamtimes.org”, “globalinfo.az”, “azerbaycan24.com”, “azpolitika.info” və digər saytlar Nigerin Fransaya uran ixracını dayandırması barədə xəbərlər yayıb.
“Fakt Yoxla” iddianın doğru olub-olmadığını yoxlayıb.
Dünya Nüvə Assosasiyasının məlumatına görə, Nigerdə dünya hasilatının təxminən 5%-ni təmin edən iki əhəmiyyətli uran mədəni var. “Le Monde” qəzeti yazır ki, 2022-ci ildə Fransanın ən böyük üç uran tədarükçüsündən biri olan Nigerdən Fransaya 1440 ton uran ixrac edilib. Həmin il Fransanın idxal etdiyi uranın 20,2%-i Nigerin payına düşüb.
Nigerdəki çevrilişdən sonra hakimiyyəti ələ keçirən qüvvələrin Fransaya uran ixracını dayandıra biləcəyi ilə bağlı narahatlıqlar yaranıb. Ancaq, bu məqalənin yazıldığı 23 avqust tarixinə qədər Nigerdən Fransaya uran ixracının dayandırılması barədə qərar qəbul edilməyib.
Saytlar Nigerdən uran ixracının dayandırılması barədə xəbərlərdə BBC-yə istinad edib. Ancaq BBC iyulun 31-də Nigerlə bağlı dərc etdiyi xəbərə düzəliş edib və uranın tədarükü ilə bağlı hissəni silib. BBC-nin fakt yoxlama xidməti olan “BBC Verify” da avqustun 9-da Nigerin uran ixracına qadağa qoyması ilə bağlı iddiaların yalan olduğunu bildirib.
“Fakt Yoxla”nın gəldiyi qənaətə görə, Nigerin Fransaya uran tədarükünü dayandırması barədə xəbərlər saxtadır.