Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilən “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair” Strateji Yol Xəritəsində hökumət 2020-ci ilədək turizm sektorunda çatmağı hədəflədiyi göstəriciləri açıqlayıb. Həmin vədlərdən biri 2020-ci ilədək turizm sektorunda 35 min yeni iş yeri yaradılacağı bağlıdır.
“Fakt Yoxla” hökumətin 2020-ci ilədək turizm sektorunda 35 min yeni iş yeri yaradıb-yaratmadığını araşdırıb.
Cədvəl: 2016-2020-ci illərdə “Turistlərin yerləşdirilməsi və ictimai iaşə” iqtisadi fəaliyyət növü üzrə məşğul əhalinin sayı
Cədvəldən göründüyü kimi, 2016-cı illə müqayisədə 2020-ci ildə turistlərin yerləşdirilməsi və ictimai iaşə iqtisadi fəaliyyət növü üzrə məşğul əhalinin sayı 3.500 nəfər aşağı düşüb.
Qeyd edək ki, 2020-ci ildə göstəricilərin kəskin aşağı düşməsinin əsas səbəbi karantin rejimi səbəbi ilə bütün dünyada məhdudlaşdırıcı qaydaların tətbiqidir. Rəsmi rəqəmlərə görə, 2020-ci ildə Azərbaycanda turizm sektorunda əlavə dəyər istehsalı 2019-cu illə müqayisədə 59% aşağı düşüb.
Ancaq məşğulluqla bağlı göstəricilərdən aydın olur ki, pandemiya başlayanadək, 2019-cu ildə turizm sektorunda çalışanların toplam sayı 80.5 min nəfərə bərabər olub. Yəni, üç il ərzində bu sahədə çalışanların sayı cəmi 12.1 min nəfər artıb ki, bu da yol xəritəsində hədəflənən göstəricinin (35 min) cəmi 35%-i deməkdir.
“Fakt Yoxla”nın araşdırmasına görə, hökumət 2020-ci ilədək turizm sektorunda 35 min yeni iş yeri yaradılması ilə bağlı vədini yerinə yetirməyib.