logo logo

Deyilənlərə yox, faktlara inanın

İqtisadiyyat

Tahir Mirkişili: “Hazırda Azərbaycanda hər 8 nəfərdən biri sahibkardır”

Tahir Mirkişili: “Hazırda Azərbaycanda hər 8 nəfərdən biri sahibkardır”

Xəbərin qısa icmalı

  • 2023-cü ilin aprel ayının 1-nə respublika üzrə uçotda olan 1 430 739 vergi ödəyicisi var.
  • Aktiv vergi ödəyicisi Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsi (VÖEN) aktiv olan, yəni, dondurulmamış vergi ödəyicisidir.
  • VÖEN hesabı olanların sayı 1 milyon 430 min 739 nəfər olsa da, hazırda onların 706 min 339-u (49.4%) aktiv deyil.
  • 2023-cü ilin aprel ayının 1-nə ölkədə aktiv vergi ödəyicilərinin sayı 724 400-ə bərabərdir.

“Hazırda Azərbaycanda 1,4 milyondan çox vergi ödəyicisi var. Bu da o deməkdir ki, ölkəmizdə hər 8 nəfərdən biri sahibkardır”. 

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, deputat Tahir Mirkişili Milli Məclisin komitə iclasındakı çıxışında bildirib.

“Fakt Yoxla” deputat Tahir Mirkişilinin iddiasının doğru olub-olmadığını araşdırıb.

Dövlət Vergi Xidmətinin (DVX) açıqlamasına görə, 2023-cü ilin aprel ayının 1-nə respublika üzrə uçotda olan 1 430 739 vergi ödəyici var. Onların 87.3 faizi fiziki şəxslər, 12.7 faizi hüquqi şəxslər və digər təşkilatlardır.

Ancaq, burada xüsusi əhəmiyyət kəsb edən məsələ aktiv vergi ödəyicisi anlayışıdır.  Aktiv vergi ödəyicisi Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsi (VÖEN) aktiv olan, yəni, dondurulmamış vergi ödəyicisidir. DVX hər ay ümumi vergi ödəyicilərinin sayı ilə yanaşı, aktiv vergi ödəyicilərinin də sayını açıqlayır. Həmin açıqlamaya görə, 2023-cü ilin aprel ayının 1-nə ölkədə aktiv vergi ödəyicilərinin sayı 724 400-ə bərabərdir. Yəni, indiyədək VÖEN hesabı olanların sayı 1 milyon 430 min 739 nəfər olsa da, hazırda onların 706 min 339-u (49.4%) aktiv deyil.

Bununla bağlı Vergi Məcəlləsinin 16.3-cü maddəsində bildirilir ki, vergi ödəyicisi sahibkarlıq fəaliyyətini  dayandırdıqda… vergi orqanına arayış təqdim etməlidir. Bu baxımdan, aktiv olmayan vergi ödəyiciləri sahibkarlıq fəaliyyətini dayandırmaları ilə bağlı DVX-yə məlumat vermiş şəxslərdən ibarətdir.

Digər tərəfdən, onu da nəzərə almaq lazımdır ki, aktiv vergi ödəyicilərinin hamısı gəlir əldə etmir, sadəcə VÖEN hesabı açıq olduğu üçün aktiv vergi ödəyicisi sayılırlar. Təəssüf ki, DVX aktiv vergi ödəyicilərinin sayını ictimaiyyətə açıqlamır. Yəni, VÖEN-i aktiv olan 724 min 400 şəxsin də bir hissəsi gəlir əldə etmir, sadəcə VÖEN-ni bağlamayıb deyə aktiv vergi ödəyicisi hesab edilir. Bu baxımdan gəlir əldə edən aktiv vergi ödəyicilərinin sayının daha aşağı olduğunu ehtimal etmək olar. 

Beləliklə, aydın olur ki, ölkədə 1 milyon 430 min vergi ödəyicisi olsa da, onlardan cəmi 730 min nəfərin VÖEN-i aktivdir. 

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə deputat Tahir Mirkişilinin iddiası faktlarla manipulyasiyadır. 

 

“report.az”, Azərbaycanda hər 8 nəfərdən biri sahibkardır

“Dövlət Vergi Xidməti”, Xəbərlər

“Dövlət Vergi Xİdməti”, Aktiv vergi ödəyiciləri

Vergi Məcəlləsi

Faktlarla manipulyasiya
  • 11 May, 2023
  • 3814

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə