logo logo

Deyilənlərə yox, faktlara inanın

İqtisadiyyat

Rusiyanın yanacaq satışından əldə etdiyi gəlirlər

Rusiyanın yanacaq satışından əldə etdiyi gəlirlər

“Rusiya bu saat sevinir ki, Azərbaycanla ticarət dövriyyəsini 24% artırıb. Azərbaycan günə 200 min barel neft alır Rusiyadan. Yəni bir neçə milyon ton əlavə neft satacaq Rusiya Azərbaycanın vasitəsi ilə. Görün Rusiya nə duruma qalıb ki, bir neçə milyon tonu qənimət bilir”.

Bunu “Toplum TV”-nin “Youtube” kanalında yayımlanan “Toplumun Nəbzi” verlişində Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli Rusiyanın neft satışları ilə bağlı danışarkən bildirib.

“Fakt Yoxla” müxalif partiya sədrinin bu iddiasını əsas götürərək, həm Azərbaycan və Rusiya arasındakı ticarətlə bağlı iddiaları, həm də Ukrayna-Rusiya müharibəsi fonunda Rusiyanın yanacaq satışından əldə etdiyi gəlirlərə dair göstəriciləri analiz edib. Yanacaq dedikdə neft, qaz və kömür nəzərdə tutulur.

İlk olaraq Azərbaycanın Rusiyadan neft idxalına dair göstəriciləri analiz edək. Azərbaycan Rusiyadan 2022-ci ildə ümumilikdə 200 min ton neft alıb və bunun üçün 131 milyon ABŞ dolları ödəniş edib. 2023-cü ilin ilk 10 ayında isə 892 min ton neft alıb və bunun üçün 476 milyon ABŞ dolları ödəyib. Yəni, Azərbaycan 2023-cü ildə noyabr və dekabr ayları nəzərə alınmadıqda keçən ilə nəzərən Rusiyadan 4,5 dəfə daha çox neft alıb və bunun üçün əvvəlki ilə nisbətən 3,6 dəfə daha çox pul ödəyib. Başqa sözlə, Rusiyadan 692 min ton daha çox neft alınıb.

Ukrayna ərazilərinə 24 fevral 2022-ci ildə hücuma başladığı vaxtdan indiki vaxta qədər Rusiya yanacaq ixracatından ümumilikdə 557 milyard avro gəlir əldə edib. Bu gəlirlərin 68%-i neft, 22%-i qazın payına düşüb, cəmi 10%-i isə kömür satışından əldə edilən gəlirlər olub. Rusiyanın yanacaq gəlirlərinin 182 milyard avrosu Avropa İttifaqı ölkələrinin payına düşüb. Başqa sözlə, Rusiyanın yanacaq satışından əldə etdiyi gəlirlərin 32,6%-dən çoxu Aİ ölkələrinə aiddir. Rusiyanın Aİ ölkələrinə satdığı yanacağa görə əldə etdiyi gəlirin 55%-i neftin, 42%-i qazın payına düşüb. Bu satışın sadəcə 3%-i kömür olub. Avropa İttifaqı Rusiyanın Ukraynaya hücumundan sonra Rusiyadan yanacaq idxalını azaltsa da, müharibə başlayandan indiki dövrə qədər olan (16 dekabr 2023-ə qədər) vaxt ərzində Rusiyadan ən çox yanacaq alan ölkələr sıralamasında birinci yerdə qərarlaşıb.

Təkcə 2023-cü il nəzərə alındıqda isə, eyni göstəricilərdə Aİ sıralamada geriləyərək, Rusiyadan ən çox yanacaq idxal edənlər arasında 4-cü yerdə qərarlaşıb. İlk 3-lükdə isə Çin, Hindistan və Türkiyə olub. Lakin 2023-cü ildə Rusiyadan qaz idxalında (digər yanacaq növləri nəzərə alınmadıqda) Aİ 1-ci pillədə qərarlaşaraq, ən çox qaz idxal edib. Hətta, 24 fevral 2022-16 dekabr 2023-cü illər aralığında Rusiyanın satdığı qazın 60%-dən çoxunu Aİ alıb. 

24 fevral 2022-16 dekabr 2023, Rusiyadan ən çox yanacaq idxal edən ölkələr (hər 3 yanacaq növü üzrə).

Mənbə: CREA 

1 yanvar-16 dekabr 2023, Rusiyadan ən çox yanacaq idxal edən ölkələr (hər 3 yanacaq növü üzrə).

Mənbə: CREA

Həmçinin, yuxarıdakı cədvəllərdən də göründüyü kimi, Azərbaycan Rusiyanın satdığı yanacağın idxalında heç ilk 20-likdə yer almayıb. 

Həmçinin əvvəlki illərlə müqayisəyə də nəzər salaq. 

  

Son 5 ildəki statistika nəzərə alındıqda məlum olub ki, Aİ müharibə başlayandan sonrakı 1 ildə Rusiyadan aldığı yanacağa görə son 5 ilin ən yüksək məbləğini, yəni 140 milyard ödəyib. Lakin 2023-cü ildə bu məbləğ ən aşağı göstəriciyə düşərək 30 milyard avro olub.

Analiz
  • 22 Dekabr, 2023
  • 1004

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə