logo logo

Deyilənlərə yox, faktlara inanın

İqtisadiyyat

Mərkəzi Bankın sədri: “Azərbaycanda kredit faizi fiziki şəxslər üçün 16.1 faizdir.”

Mərkəzi Bankın sədri: “Azərbaycanda kredit faizi fiziki şəxslər üçün 16.1 faizdir.”

Xəbərin qısa icmalı

Mərkəzi Bankın sədri Taleh Kazımov  bildirib ki, hazırda Azərbaycanda kredit faizi fiziki şəxslər üçün 16.1 faizdir.

- Mərkəzi Bankın aylıq statistik bülleteni göstərir ki, doğrudan da bu ilin ilk beş ayının nəticələrinə görə, ölkədə fiziki şəxslər üçün orta kredit faizi 16.1 faizdir. Ancaq, bu ölkədəki məbləğindən və formasından asılı olmayaraq fiziki şəxslərin əldə etdikləri bütün növ kreditlərin orta faiz dərəcəsini əks etdirir.

- Ölkədə kredit kartlarının yarısından çoxuna sahiblik edən Kapital bankın kredit kartlarında illik faiz dərəcəsi 25%-ə bərabərdir.  Ölkənin aparıcı kredit kart məhsullarına sahib olan digər bankların da heç birində illik faiz dərəcəsi 20 faizdən aşağı deyil.

- Fiziki şəxslərə verilən kreditlərin orta faiz dərəcəsinin 16.1 faizə bərabər olması, ipoteka və digər böyük məbləğli kreditlərin də bu göstəricinin hesablanmasında istifadə edilməsi ilə bağlıdır. Həmin kredit məhsullarında faiz dərəcələri daha aşağı olduğu üçün, fiziki şəxslər üzrə orta faizin də aşağı olmasına təsir edir. Bu baxımdan, 16.1 faiz göstəricisi istehlak kreditləri ilə bağlı real orta faiz göstəricisini əks etdirmir.

Azərbaycanda kredit faizlərinin yüksək olması tez-tez müzakirələrə səbəb olur. Bugünlərdə Milli Məclisdə “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Taleh Kazımov da bu mövzuya toxunub. O, bildirib ki, hazırda Azərbaycanda kredit faizi fiziki şəxslər üçün 16.1 faizdir.

“Fakt Yoxla” Mərkəzi Bank sədri Taleh Kazımovun iddiasının doğru olub-olmadığını araşdırıb.

Mərkəzi Bankın aylıq statistik bülleteni göstərir ki, doğrudan da bu ilin ilk beş ayının nəticələrinə görə, ölkədə fiziki şəxslər üçün orta kredit faizi 16.1 faizdir. Ancaq, nəzərə almaq lazımdır ki, ölkədə fiziki şəxslərə verilən kreditlər sadəcə kiçik və orta məbləğli istehlak kreditlərindən ibarət deyil. Məsələn, hazırda fiziki şəxslər 150 min manatadək olan ipoteka kreditlərindən də yararlana bilirlər ki, onların faiz dərəcəsi güzəştli şərtlərlə 4 faiz, adi şərtlərlə 8 faizdir.  Bu baxımdan, ipoteka kreditləri kimi irihəcmli və uzunmüddətli kreditlərin faizinin nisbətən aşağı olması, təbii olaraq, fiziki şəxslərə verilən kreditlərin orta faiz dərəcəsinin daha aşağı olmasına yol açır. Həqiqətən də,  Mərkəzi Bankın statistik bülleteni göstərir ki, fiziki şəxslərin bütün kreditlərinin orta faiz dərəcəsi 16.1 faiz olsa da, 10 ildən uzun müddətə verilən kreditlərdə bu göstərici cəmi 6.9 faizə bərabərdir. (səh. 46)

Qeyd edək ki, bu ilin 1 iyun tarixinə olan göstəricilərə görə, ölkədə istehlak kreditlərinin həcmi 6.2 milyard manata, ipoteka kreditlərinin həcmi isə 3.3 milyard manata bərabərdir. (səh. 69)

İpoteka kreditləri ilə yanaşı, bəzi hallarda banklar daşınmaz əmlak təminatı ilə də böyük məbləğdə kreditlər verə bilir. Bu kreditlərin də faiz dərəcəsi nisbətən aşağı olduğu üçün, orta faiz dərəcəsinə təsir edə bilir. 

Bu baxımdan, aydın olur ki, Mərkəzi Bank sədri Taleh Kazımovun Azərbaycandakı orta kredit faizlərinin 16.1 faiz olması ilə bağlı iddiası ölkədəki məbləğindən və formasından asılı olmayaraq fiziki şəxslərin əldə etdikləri bütün növ kreditlərin orta faiz dərəcəsini əks etdirir.

Azərbaycanda fiziki şəxslərin əldə etdikləri sırf istehlak kreditləri ilə bağlı orta faiz dərəcəsinin nə qədər olması açıqlanmır. Ayrı-ayrı banklar isə bu faizlərlə bağlı minimum və maksimum hədləri açıqlayırlar. Bu isə, orta faiz dərəcəsini bilməyə imkan vermir. Bu baxımdan, ölkədəki kredit kartlarının faiz dərəcələri bazardakı vəziyyətlə bağlı müəyyən təsəvvür yarada bilər.

Cədvəl: Azərbaycandakı bankların fiziki şəxslərə təklif etdikləri kredit kartlarının illik faiz dərəcələri  

Cədvəldən göründüyü kimi, ölkədə kredit kartlarının yarısından çoxuna sahiblik edən Kapital bankın kredit kartlarında illik faiz dərəcəsi 25%-ə bərabərdir.  Ölkənin aparıcı kredit kart məhsullarına sahib olan digər bankların da heç birində illik faiz dərəcəsi 20 faizdən aşağı deyil.

“Fakt Yoxla”nın araşdırmasına görə, fiziki şəxslərə verilən kreditlərin orta faiz dərəcəsinin 16.1 faizə bərabər olması, ipoteka və digər böyük məbləğli kreditlərin də bu göstəricinin hesablanmasında istifadə edilməsi ilə bağlıdır. Həmin kredit məhsullarında faiz dərəcələri daha aşağı olduğu üçün, fiziki şəxslər üzrə orta faizin də aşağı olmasına təsir edir. Bu baxımdan, 16.1 faiz göstəricisi istehlak kreditləri ilə bağlı real orta faiz göstəricisini əks etdirmir. Eyni zamanda, ölkədəki kredit kartlarında da illik faiz dərəcəsi 20 faizin üzərindədir. 

“Fakt Yoxla”nın araşdırmasına görə, Mərkəzi Bank sədri Taleh Kazımovun Azərbaycanda fiziki şəxslər üçün kredit faizinin 16.1 faizə bərabər olması ilə bağlı iddiası faktlarla manipulyasiyadır.

 

”apa.az”, Mərkəzi Bankın sədri: Azərbaycanda kredit faizləri qonşu ölkələrdən çox aşağıdır

“Mərkəzi Bank”, Aylıq statistik bülleten, may 2023 (səh.45)

“Dövlət İpoteka Fondu”, Kreditin verilməsi şərtləri

“Kapital Bank”, Kredit kartı şərtləri

“Azərbaycan Beynəlxalq Bankı”, Kredit şərtləri

“unibank.az”, Kredit şərtləri

”leobank.az”, Kredit şərtləri

“rabitebank.az”, Kredit şərtləri

“bolkart.az”, Kredit şərtləri

Faktlarla manipulyasiya
  • 30 İyun, 2023
  • 1106

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə