Azərbaycanda koronavirus pandemiyasına görə 2020-ci ilin mart ayından etibarən ölkədə gücləndirilmiş karantin rejimi və qapanma tətbiq olunub. O cümlədən, həmin dövrdən quru sərhədləri bağlı saxlanılır. 2021-ci ilin ortalarından gücləndirilmiş rejim tədricən yumşaldılsa da, quru sərhədləri hələ də bağlıdır. Cəmiyyətdə sərhədlərin bağlı qalmasının turizmə təsirləri barədə davamlı müzakirələr gedir.
Mövzu ilə əlaqədar danışan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib ki, hazırda Azərbaycana gələn turistlərin sayı pandemiyadan əvvəlki sərhədlərin açıq olduğu vaxtlardakı qədərdir.
“Fakt Yoxla” Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin iddiasının doğru olub-olmadığını araşdırıb.
Fuad Nağıyev “hazırda” dediyinə görə, 2023-cü ilin ilk 6 ayı ilə 2019-cu ilin ilk 6 ayını müqayisə etmək məqsədəuyğundur. Rəsmi rəqəmlərə görə, 2023-cü ilin ilk altı ayı ərzində Azərbaycana 919 min turist gəlib. Pandemiyadan öncə, 2019-cu ilin ilk altı ayı ərzində eyni göstərici 1.4 milyona bərabər idi. Yəni, 2019-cu ilin eyni dövrü ilə müqayisədə, 2023-cü ilin ilk altı ayı ərzində Azərbaycana gələn turistlərin sayı 34.3% aşağı düşüb.
Həmçinin 2019-cu və 2023-cü illərin iyun ayı ərzində əsas istiqamətlər üzrə yalnız Türkiyədən gələn turistlərin sayında artım var.
Cədvəl 1: 2019 və 2023-cü illərin iyun ayları ərzində əsas turizm istiqamətləri üzrə Azərbaycana gələn turistlərin sayı
Bundan əlavə, illik statistika göstərir ki, 2019-cu ilə nəzərən 2023-cü ildə ölkəyə gələn turistlərin sayında yarıya qədər azalma var.
Cədvəl 2: 2019-2022-ci illərdə Azərbaycana gələn turistlərin sayı
Beləliklə, 2019-cu ilin eyni dövrü ilə müqayisədə 2023-cü ilin ilk 6 ayında ölkəyə gələn turist sayı 34,3 faiz azalıb. Əsas istiqamətlər üzrə yalnız Türkiyədən gələn turist sayında artım olub. İllik əsasda da 2019-cu il ilə müqayisədə 2023-cü ildə 50 faizə yaxın azalma var.
“Fakt Yoxla”nın araşdırmasına görə, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin iddiası yanlışdır.