logo logo

Deyilənlərə yox, faktlara inanın

İqtisadiyyat

Deputat Vüqar Bayramovun manipulyasiyası: 2026-cı ildə Azərbaycanın sosial xərcləri Ermənistandan 4,2 dəfə çox olacaq

Deputat Vüqar Bayramovun manipulyasiyası: 2026-cı ildə Azərbaycanın sosial xərcləri Ermənistandan 4,2 dəfə çox olacaq

Xəbərin qısa icmalı

Deputat Vüqar Bayramov gələn ilin dövlət büdcəsinin müzakirəsinə dair Milli Məclisdə keçirilən iclasda bildirib ki, 2026-cı ildə Azərbaycanın 10 milyard dollarlıq sosial xərcləri Ermənistanın 2,4 milyard dollarlıq sosial ayırmalarından 4,2 dəfə yaxın çox olacaq.

- Ermənistanın sosial müdafiə xərcləri 2,4 milyard deyil, 2,6 milyard dollardır.

- 2026-cı ildə Ermənistanın icmal büdcəsindən səhiyyəyə 212,4 mlrd. dram, mədəniyyətə 44 mlrd. dram, təhsilə 361,5 mlrd. dram, sosial müdafiəyə 993 mlrd. dram ayrılması nəzərdə tutulur. Qeyd olunan 4 sosial istiqamət üzrə ümumilikdə 1,6 trilyon dram və ya 4,2 milyard dolları ayrıldığı görünür.  Bu halda deputatın iddia etdiyi kimi, 2026-cı maliyyə ili üzrə Ermənistanın cəmi sosial xərcləri (4,2 milyard dollar) Azərbaycanın eyni göstəricindən (11,5 milyard dollar) 4,2 dəfə deyil, 2,7 dəfə azdır. 

- Hökumətin sosial xərcləmələrinin adambaşına göstəricisi hesablansa, əhalinin hər nəfəri üçün 2026-cı ildə sosial istiqamətlərə Ermənistanda 1385 dollar, Azərbaycanda isə 1130  dollar ayrılacaq. Yalnız sosial müdafiə xərcləri götürüldükdə, adambaşına xərclər Ermənistanda 860 dollar, Azərbaycanda 670 dollar olacaq.

Deputat Vüqar Bayramov gələn ilin dövlət büdcəsinin müzakirəsinə dair Milli Məclisdə keçirilən iclasda bildirib ki, bir sıra marjinal siyasi qruplar qərəzli şəkildə Azərbaycanın sosial göstəricilərini qonşu dövlətlərlə müqayisə edərək yanlış fikir formalaşdırmağa çalışırlar. Deputat çıxışı zamanı iddia edib ki, 2026-cı ildə Azərbaycanın 10 milyard dollarlıq sosial xərcləri Ermənistanın 2,4 milyard dollarlıq sosial ayırmalarından 4,2 dəfə yaxın çox olacaq.

Fakt Yoxla” V.Bayramovun iddiasının nə dərəcədə doğru olduğunu yoxlayıb. 

Hər şeydən əvvəl, Ermənistanın sosial müdafiə xərcləri 2,4 milyard deyil, 2,6 milyard dollardır. Ermənistan Maliyyə Nazirliyinin saytında 2026-cı il büdcə zərfinə dair yerləşdirilən sənədlər toplusundan aydın olur ki, 2026-cı ildə Ermənistanın icmal büdcə xərclərindən sosial müdafiə funksional bölməsi üzrə 993 mlrd. dram və ya hazırkı məzənnə ilə 2,6 mlrd. dollar ayrılması nəzərdə tutulur. Bu göstəricini qeyd olunan sənədlər toplusunun “Büdcə xərclərinin funksional təsnifatı” adlı 4 saylı əlavəsindən görmək mümkündür. Yəni, məbləğ deputatın iddia etdiyindən 200 milyon dollar çoxdur. Məlumat üçün qeyd edək ki, Ermənistan Mərkəzi Bankının məlumatına görə, hazırda ölkənin milli valyutası olan dramın ABŞ dollarına mübadilə məzənnəsi 1 dollar=382 dram nisbətindədir. 

Deputat həmçinin iki ölkənin sosial xərclərini müqayisə edən zaman manipulyasiyaya yol verib. Belə ki, o, Ermənistanın yalnız sosial müdafiə xərclərini Azərbaycanın dövlət büdcəsinin bütün sosial xərcləri ilə müqayisə edib. Deputatın iddiasında “sosial xərclər” kimi təqdim etdiyi 10 mlrd. dollar və ya 17 mlrd. manat məbləğində vəsait dövlət büdcəsinin təhsil, səhiyyə, sosial müdafiə, mədəniyyət-incəsənət xərcləri ilə Dövlət Sosial Müdafiə Fondunun (dövlət büdcəsinin transfertləri nəzərə alınmadan) xərclərinin cəminə yaxın məbləğdir. Belə ki, Hesablama Palatasının 2026-cı ilin dövlət büdcəsinə dair rəyinə görə, gələn il dövlət büdcəsindən 4 sosial istiqamətə -  təhsil, səhiyyə, sosial müdafiə, mədəniyyət-incəsənətə 12,6 mlrd. manat (7,5 mlrd. dollar) xərclənməsi nəzərdə tutulur. Palatanın 2026-cı il üzrə Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə dair rəyindən görünür ki, bu qurumun xətti ilə mərkəzi büdcənin ayırmaları olmadan xalis xərcləmələr 6,7 mlrd. manat (4 mlrd. dollara yaxın) olacaq. Hesablamalarda manat-ABŞ dolları məzənnəsi 1 ABŞ dolları=1,7 manat götürülüb və bu Mərkəzi Bankın hazırkı məzənnəsinə uyğundur. Yəni, 2026-cı ilin icmal büdcəsindən sosial istiqamətlərə ayrılan xərclərin ümumi məbləği 11,5 milyard dollara yaxındır. 

Əgər bütün sosial xərclərin müqayisə edilirsə, 2026-cı ildə Ermənistanın icmal büdcəsindən səhiyyəyə 212,4 mlrd. dram, mədəniyyətə 44 mlrd. dram, təhsilə 361,5 mlrd. dram, sosial müdafiəyə 993 mlrd. dram ayrılması nəzərdə tutulur. Qeyd olunan 4 sosial istiqamət üzrə ümumilikdə 1,6 trilyon dram və ya 4,2 milyard dolları ayrıldığı görünür.  Bu halda deputatın iddia etdiyi kimi, 2026-cı maliyyə ili üzrə Ermənistanın cəmi sosial xərcləri (4,2 milyard dollar) Azərbaycanın eyni göstəricindən (11,5 milyard dollar) 4,2 dəfə deyil, 2,7 dəfə azdır. 

Lakin nəzərə almaq lazımdır ki, hazırda Ermənistan əhalisi Azərbaycanla müqayisədə 3,4 dəfə azdır. Ermənistan statistika qurumunun məlumatına görə, 2024-ci ilin sonunda bu ölkənin əhalisi 3 milyon nəfərə yaxın olub. Azərbaycanın statistika orqanı isə həmin tarixdə Azərbaycan əhalisi təxminən 10,2 mln. nəfər təşkil etdiyini bildirir.  Bu baxımdan hökumətin sosial xərcləmələrinin adambaşına göstəricisi hesablansa, əhalinin hər nəfəri üçün 2026-cı ildə sosial istiqamətlərə Ermənistanda 1385 dollar, Azərbaycanda isə 1130  dollar ayrılacaq. Yalnız sosial müdafiə xərcləri götürüldükdə, adambaşına xərclər Ermənistanda 860 dollar, Azərbaycanda 670 dollar olacaq.

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, deputat Vüqar Bayramovun iddiası faktlarla manipulyasiyadır.

Faktlarla manipulyasiya
  • 21 Noyabr, 2025
  • 194

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə