logo logo

Deyilənlərə yox, faktlara inanın

İnsan hüquqları

Elman Nəsirov: “AXCP-nin Milli Məclisin qarşısında mitinq keçirmək niyyəti qeyri-qanunidir”

Elman Nəsirov: “AXCP-nin Milli Məclisin qarşısında mitinq keçirmək niyyəti qeyri-qanunidir”

Azərbaycan Xalq Cəbhəsi Partiyası bu gün Milli Məclisin qarşısında mitinq keçirmək niyyətini ortaya qoydu. Bu məqsəd qeyri-qanunidir, tamamilə qanuna ziddir, “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun tələblərinin pozulması anlamındadır”.

Milli Məclisin deputatı Elman Nəsirov (YAP) sentyabrın 30-da müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) təşkil etdiyi etiraz aksiyasını şərh edərkən belə deyib. 

“Fakt Yoxla” deputatın iddiasının doğru olub-olmadığını yoxlayıb.

AXCP-nin parlament qarşısında planlaşdırdığı aksiyanın əsas məqsədi “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinə etiraz olub. 

Təşkilatçılardan Vahid Məhərrəmli aksiyada siyasi məhbuslara azadlıq, azad seçki, demokratik dəyişikliklər və sərhədlərin açılmasını tələb edən şuarlar da səsləndirəcəklərini bildirmişdi.

AXCP Bakı Şəhər İcra Hakimiyyətinə məlumat xarakterli müraciət ünvanlansa da, qurumdan partiyaya toplantı keçirməsinin məqsədəuyğun olmadığı bildirilmişdi. Amma bu arqument həmin toplantının məqsədinin qanunsuz olduğu mənasına gəlmir.

Konstitusiyanın 49-cu maddəsinə əsasən, hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı var. Hər kəsin başqaları ilə birlikdə müvafiq dövlət orqanlarını qabaqcadan xəbərdar etməklə, ictimai qaydanı və ya ictimai əxlaqı pozmamaq şərtilə, dinc, silahsız yığışmaq, yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri keçirmək, piketlər düzəltmək hüququ var. Bu hüquqa yalnız demokratik cəmiyyətdə zəruri olan və qanunla müəyyən edilmiş məhdudiyyətlər qoyula bilər. 

71-ci maddədə isə deyilir ki, təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. 

Bu maddənin III bəndində göstərilir ki, müharibə, hərbi vəziyyət və fövqəladə vəziyyət, habelə səfərbərlik elan edilərkən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi Azərbaycanın beynəlxalq öhdəliklərini nəzərə almaq şərti ilə qismən və ya müvəqqəti məhdudlaşdırıla bilər. 

“Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun 1-ci maddəsində bildirilir ki, hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə təmin edilir.

“Siyasi partiyalar haqqında” Qanunun 12-ci maddəsində də deyilir ki, siyasi partiyaların “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanuna uyğun olaraq mitinq, nümayiş, yürüş, piket və yığıncaq keçirmək hüququ vardır. 

Partiya fəaliyyətinin mahiyyəti onun iqtidarın hərəkətlərinə reaksiya bildirmə, tənqid etmə, qarşı çıxmadan ibarətdir. Bu isə legitim siyasi fəaliyyət məqsədidir. 

Qanunun 13-cü maddəsinə görə, dövlət siyasi partiyaların hüquqlarına və qanuni mənafelərinə əməl olunmasına təminat verir.

“Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun 7-ci maddəsində göstərilir ki, sərbəst toplaşmaq azadlığı yalnız spesifik hallarda məhdudlaşdırıla bilər. 

8-ci maddəyə əsasən prezident, deputat, bələdiyyə seçkiləri, həmçinin referendumun keçirildiyi günə 24 saat qalmışdan səsvermə məntəqələri bağlananadək siyasi məqsədlə dinc toplantının keçirilməsi qadağan edilir. Aksiyanın keçirildiyi ərəfədə ölkədə  bu halların heç biri mövcud olmayıb. 

İcra hakimiyyətindən aksiya təşkilatçılarına verilən cavab qanun və onun müddəalarına istinadla əsaslandırılmayıb. 

Konstitusiyanın 12-ci maddəsində qeyd olunur ki, Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq olunur.

151-ci maddədə isə deyilir ki, Konstitusiya və referendumla qəbul olunan aktlar istisna olmaqla, qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlarla Azərbaycanın tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir.

Azərbaycanın da qoşulduğu Avropa İnsan Haqları Konvensiyasının 11-ci maddəsində bildirilir ki, hər kəsin dinc toplaşmaq azadlığı və öz maraqlarını müdafiə etmək üçün həmkarlar ittifaqları yaratmaq və onlara qoşulmaq hüququ da daxil olmaqla, başqaları ilə birləşmək azadlığı hüququ var. 

Birləşmək azadlığı yalnız spesifik hallar daxilində məhdudlaşdırıla bilər, dövlətin onu icazə almaq şərtinə tabe tutaraq birdəfəlik məhdudlaşdırmaq səlahiyyəti yoxdur.

Piketə cəhd zamanı səsləndirilən tələblər və video görüntülər də sübut edir ki, sentyabrın 30-da təşkil olunmuş etiraz aksiyasının məqsədi qanunlara uyğundur və “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun tələblərini pozmur. 

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, Elman Nəsirovun iddiası yanlışdır.

Yanlış
  • 18 Oktyabr, 2022
  • 1563

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə