logo logo

Deyilənlərə yox, faktlara inanın

İnsan hüquqları

Orxan Mürsəlov: “Polis heç kəsi vurmur. Polis vətəndaşı döymür.”

Orxan Mürsəlov: “Polis heç kəsi vurmur. Polis vətəndaşı döymür.”

Xəbərin qısa icmalı

-  Gədəbəy rayon  icra hakimiyyətinin başçısı Orxan Mürsəlov Gədəbəyin Söyüdlü kəndində baş verən etirazlar haqqında açıqlamasında deyib ki, polis heç kəsi vurmur. Polis vətəndaşı döymür. Kim ki, deyirsə ki, polis vətəndaşı döyür o vətən xainidir. 

- Sosial mediada yayılan video-görüntülərdən məlum olub ki, Söyüdlü kəndində baş verən hadisə zamanı polis yerə yıxılan vətəndaşı dəyənəklə vurur. Qadının heç bir müqavimət göstərmədən polislərin qarşısında yeriməsinə baxmayaraq onun gözlərinə xüsusi təyinatlı gözyaşardıcı qaz sıxılır.

- Gədəbəy hadisələri zamanı təkcə sıravi vətəndaşlara deyil, həmçinin müstəqil jurnalistlərə qarşı da zorakı davranışlar tətbiq edilib. Polis “Amerikanın səsi”nin jurnalisti Nigar Mübarizin ağzından tutub, digər həmkarı Nərgiz Absalamovanı isə itələyib.

- Daxili İşlər Nazirliyi baş verən polis zorakılığı ilə bağlı bəyanatında bildirib ki, Gədəbəyin Söyüdlü kəndindəki aksiya zamanı polis emosiyaya qapılaraq qadına qarşı ciddi qəbahətə yol verib və bu əmələ hüquqi qiymət veriləcək.

 

 

“Polis heç kəsi vurmur. Polis vətəndaşı döymür. Kim ki, deyirsə ki, polis vətəndaşı döyür, o, vətən xainidir”.

Gədəbəy rayon  icra hakimiyyətinin başçısı Orxan Mürsəlov Gədəbəyin Söyüdlü kəndində baş verən etirazlar haqqında açıqlamasında deyib. 

Bəs, bu hadisələr zamanı polis vətəndaşları vurub, döyübmü?

2023-cü il iyunun 20-də Gədəbəyin Söyüdlü kəndinin sakinləri ekoloji problemlərə etiraz ediblər. Kənd sakinləri bildirib ki, bu etirazlarının səbəbi “Azerbaijan International Mining Company” şirkətinin kənddə zərərli, kimyəvi tullantıların atılacağı ikinci göl yaratmağa çalışmasıdır. 

Konstitusiyanın 49-cu maddəsinə əsasən, hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı var.

Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun 1-ci maddəsində bildirilir ki, hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı Konstitusiya və dövlətin tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə təmin edilir.

Konstitusiyanın 71-ci maddəsində deyilir ki, insan hüquqlarını qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur, insan hüquqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.

Polis haqqında” Qanun 1-ci maddəsində göstərilib ki, dəyənəklər, əl-qolu bağlama və elektroşok vasitələri, xüsusi təyinatlı gözyaşardıcı qazlar, rezin güllələr, suatan vasitələr, nəqliyyatın məcburi dayandırma vasitələri xüsusi vasitələrdir. 

Həmin qanunun 27.1-ci maddəsinə əsasən, insana qarşı fiziki qüvvə və xüsusi vasitələr son zərurət və ya zəruri müdafiə vəziyyətində, bütün digər təsir imkanlarından istifadə lazımi nəticə vermədikdə, hüquqpozmanın ağırlıq dərəcəsindən və ya onu törədənin şəxsiyyətindən asılı olaraq tətbiq edilə bilər. 

27.2-ci maddədə isə bildirilib ki, polis odlu silah işlətməklə basqın edildiyi və ya silahlı müqavimət göstərildiyi hallar istisna olmaqla, qadınlara, azyaşlılara, yanında azyaşlı olan insanlara qarşı fiziki qüvvə, xüsusi vasitələr və odlu silah tətbiq edə bilməz.

Sosial mediada yayılan video-görüntülərdən isə məlum olub ki, Söyüdlü kəndində baş verən hadisə zamanı polis yerə yıxılan vətəndaşı dəyənəklə vurur. Qadının heç bir müqavimət göstərmədən polislərin qarşısında yeriməsinə baxmayaraq onun gözlərinə xüsusi təyinatlı gözyaşardıcı qaz sıxılır. Aşağıda həmin video-görüntülərdən əldə edilən skrinşotlar yerləşdirilib. 

Polisin vətəndaşı dəyənəklə vurduğu əks olunan görüntü (Mənbə: BBC)


 

Polisin vətəndaşın üzünə “xüsusi qaz” püskürtdüyü görüntülər (Mənbə: Toplum TV)

Meydan TV” aksiya zamanı polisin zorakılığına məruz qalan vətəndaşlar haqqında reportaj hazırlayıb. Reportajda vətəndaşların bədənlərində zorakılığın izləri aşkar görünür. 


 

Vətəndaşların bədənlərində zorakılıq izlərini əks etdirən görüntülər (Mənbə: Meydan TV)

BBC-nin xəbərində də verilən görüntüdə vətəndaşlarda xəsarət izləri görünür.

Skrinşot BBC-nin xəbərindən götürülüb.

"Söyüdlü işçi qrupu" bildirib ki, Söyüdlü kəndində baş verən hadisələr Azərbaycandakı ən dəhşətli insan hüquqları pozuntusu sayıla bilər.

Gədəbəy hadisələri zamanı təkcə sıravi vətəndaşlara deyil, həmçinin müstəqil jurnalistlərə qarşı da zorakı davranışlar tətbiq edilib. Polis “Amerikanın səsi”nin jurnalisti Nigar Mübarizin ağzından tutub, digər həmkarı Nərgiz Absalamovanı isə itələyib.

Daxili İşlər Nazirliyi baş verən polis zorakılığı ilə bağlı bəyanatında bildirib ki, Gədəbəyin Söyüdlü kəndindəki aksiya zamanı polis emosiyaya qapılaraq qadına qarşı ciddi qəbahətə yol verib və bu əmələ hüquqi qiymət veriləcək.

Beləliklə, yuxarıdakı faktları nəzərə aldıqda məlum olub ki, polis vətəndaşlara qarşı zorakılıqla müşahidə edilən hərəkətlər göstərib. Onların gözünə gözyaşardıcı qaz sıxıb, dubinka ilə vurub. 

“Fakt Yoxla”nın gəldiyi qənaətə görə icra başçısının iddiası yalandır.

Yalan
  • 30 İyun, 2023
  • 1066

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə