logo logo

Deyilənlərə yox, faktlara inanın

İnsan hüquqları

Ekstradisiya hansı hallarda mümkündür?

Ekstradisiya hansı hallarda mümkündür?

Martın 16-dan etibarən Baş Prokurorluq mühacirətdə yaşayan bir neçə azərbaycanlı siyasi fəalı istintaqa çağırıb. Yerli mətbuat xəbər verib ki, Qabil Məmmədov, Tural Sadıqlı, Məhəmməd Mirzəli, Qurban Məmmədov, İlqar Hacıyev, Elşad Məmmədov və digər şəxslər müxtəlif cinayət işləri üzrə təqsirləndirilən şəxs qismində tanınıb. Onlar ölkədən kənarda olduqları üçün axtarışa verildikləri bildirilir.

Fakt Yoxla” mövzunun ictimai əhəmiyyətini nəzərə alaraq xarici ölkələrdən ekstradisiya (təslimetmə) prosesinin necə baş verdiyini araşdırıb.

Cinayət törədən və ya törətməkdə təqsirləndirilən şəxsin başqa bir ölkədə saxlanılaraq istintaq və ya cəzaçəkmə üçün onu tələb edən dövlətə təhvil verilməsi prosesi ekstradisiya adlanır. Bir qayda olaraq, bu mexanizmdən bir şəxsin barəsində cinayət işi açıldıqda və həmin şəxs beynəlxalq axtarışa verildiyi və ya cəzaçəkmədən yayınaraq ölkəni tərk etdiyi hallarda istifadə olunur.

Bu proses adətən şəxsin beynəlxalq axtarışa verilməsi ilə başlanır. Bu mərhələdə dövlətlər çox vaxt İnterpolun (Beynəlxalq Cinayət Polis Təşkilatı) Qırmızı Bildiriş (Red Notice) sisteminə müraciət edir və digər dövlətləri axtarışda olan şəxs barədə məlumatlandırırlar. 

Bununla belə, İnterpol yalnız polis əməkdaşlığı və məlumat mübadiləsi üçün nəzərdə tutulmuş platforma olduğu üçün saxlanılma yaxud ekstradisiya interpol tərəfindən aparılmır. Saxlanılma və ya ekstradisiya qərarını müstəqil şəkildə həmin ölkənin polisi və məhkəməsi verir. İnterpol bu prosesdə sadəcə əlaqələndirmə funksiyasını yerinə yetirir. Ancaq Qırmızı Bildirişin verilməsi İnterpolun qaydalarına uyğun olmalıdır. 

Əgər şəxsin qaçqın və ya sığınacaq statusu varsa, cinayət siyasi xarakter daşıyırsa və ya tələb edən ölkədə ölüm cəzası mövcuddursa şəxsin təhvil verilməsi qadağandır. Bundan əlavə, şəxsin tələb edən ölkədə işgəncə, qeyri-insani rəftar və ya ədalətsiz məhkəmə riskinin olub-olmaması, həmçinin törədildiyi iddia olunan əməlin həmin ölkənin qanunvericiliyində də cinayət hesab edilib-edilməməsi nəzərə alınır.

O da qeyd olunmalıdır ki, İnterpolun Qırmız Bildiriş sistemi bəzi hallarda dövlətlər tərəfindən sui-istifadə olunur. Dövlətlər bundan öz rəqiblərini, jurnalistləri və ya hüquq müdafiəçilərini həbs etmək üçün istifadə etməyə çalışırlar. Belə hallar aşkarlandıqda İnterpol Qırmızı Bildirişləri ləğv edir. Yalnız 2021-ci ildə təxminən 1300 belə bildiriş İnterpol tərəfindən ləğv olunub.

Azərbaycanlı siyasi fəalların da müxtəlif ölkələrdə İnterpol vasitəsilə saxlanılıb daha sonra sərbəst buraxılması halları mövcuddur. Məsələn, 2025-ci ilin iyununda Xorvatiyada saxlanılmış fəal Azər Kazımov hüquq müdafiəçilərinin müdaxiləsindən sonra siyasi təqib riski səbəbilə Azərbaycana deyil, İsveçə göndərilmişdi.

Fakt Yoxla”nın nəticəsinə görə, siyasi motivli işlər üzrə ekstradisiya proseduru son dərəcə çətindir və bu kateqoriyaya aid şəxslərin verilməsi beynəlxalq praktika baxımından demək olar ki, mümkün deyil.

Analiz
  • 16 Dekabr, 2025
  • 98

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə