logo logo

Deyilənlərə yox, faktlara inanın

İnsan hüquqları

Deputat: “Almaniyadan geri qaytarılan soydaşlarımız təqib olunmurlar”

Deputat: “Almaniyadan geri qaytarılan soydaşlarımız təqib olunmurlar”

Milli Məclisin deputatı Cavid Osmanov deyib ki, Almaniyadan Azərbaycana deportasiya olunan mühacirlər təqib olunmurlar: “Bu, tamamilə yanlış iddiadır. Ölkəyə qayıtmış mühacirlər digər vətəndaşlar kimi normal həyata davam edirlər”. 

“Fakt Yoxla” deputatın iddiasının doğru olub-olmadığını araşdırıb.

2022-ci il martın 29-da Almaniyadan Azərbaycana deportasiya edilən siyasi fəal Samir Aşurov aprelin 19-da Bakıda saxlanılıb. 

Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü madəsilə (ümumi təhlükəli üsulla qəsdən sağlamlığa ağır zərər vurma) ittiham irəli sürülüb. Onun barəsində Nizami Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs-qətimkan tədbiri seçilib. 

Aşurovun hüquqlarını müdafiə edən vəkil Zibeydə Sadıqovanın verdiyi məlumata görə, müvəkkili ittihamı qəbul etməyib. Özünü təqsirli bilmədiyini vurğulayan Aşurov deyib ki, üzərində bıçaq olmayıb. Cinayət predmeti olduğu iddia edilən bıçağı zorla onun cibinə qoyublar. Vəkilin sözlərinə görə, Aşurov siyasi sifarişlə həbs olunduğuna etiraz olaraq aclıq aksiyasına başlayıb.

Siyasi sığınacaq almaq üçün Almaniyanın Miqrasiya və Qaçqınlar üzrə İdarəsinə müraciət edən Aşurov Almaniyada Azərbaycan hökumətinin tənqid olunduğu etiraz aksiyalarının fəal iştirakçılarından olub. 

Almaniyadan 2021-ci il noyabrın 24-də readmissiya ilə Azərbaycana göndərilən siyasi fəal Cəfər Mirzəyev isə 2022-ci il yanvarın 28-də Bakıda mülki geyimli şəxslər tərəfindən saxlanılıb. Mirzəyevə qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi (Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları satma, yaxud prekursorları eyni məqsədlə xeyli miqdarda hazırlama, əldə etmə, saxlama, göndərmə və ya daşıma-külli miqdarda törədildikdə) ilə cinayət işi qaldırılıb. Onun barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Mirzəyev Almaniyada fəaliyət göstərən Demokratik Azərbaycanı Seç (DAS) təşkilatının üzvü olub və təşkilatın aksiyalarında iştirak edib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Mütəllim Orucov 2021-ci ilin iyununda Almaniyadan Azərbaycana deportasiya edilib. Almaniyadan qayıtdıqdan bir neçə ay sonra ona qarşı da Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülüb. Orucov barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

2021-ci ilin iyununda Almaniyadan deportasiya olunan Azərbaycan vətəndaşlarından biri də Malik Rzayevdir. Ona da Mütəllim Orucov və Cəfər Mirzəyevin işində olduğu kimi Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülüb. Həm Orucovun, həm də Rzayevin vəkili olan Nemət Kərimli bildirib ki, onlara Almaniyada görüşdükləri şəxslər haqqında suallar veriblər, siyasi mühacirlərin fotolarını göstərib siyasi tədbirlərdə iştirak edib-etmədiklərinə dair sorğu-sual olunublar.

AXCP-nin digər fəalı Pünhan Kərimli isə 2021-ci ilin noyabrında Almaniyadan Azərbaycana deportasiya olunub. Kərimli yanvarın 25-də Bakıda saxlanılıb və onun barəsində də narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı ilə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. 

Beləliklə, Almaniyadan deportasiya olunan və siyasi fəaliyyətlə məşğul olmuş bu şəxslər Azərbaycana qayıtdıqdan sonra oxşar ittihamlarla həbs ediliblər. 

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, Cavid Osmanovun iddiası əsasən yanlışdır.

“pravda.az”: Deputat: “Almaniyadan geri qaytarılan soydaşlarımız təqib olunmurlar” https://pravda.az/news/79893

Meydan Tv: Samir Aşurov barəsində həbs qətimkan tədbiri seçilib https://d9mc3ts4czbpr.cloudfront.net/az/article/samir-asurov-baresinde-hebs-qetimkan-tedbiri-secilib/

Amerikanın Səsi: Almaniyadan readmissiya olunan fəal narkotik ittihamı ilə həbs edilib https://www.amerikaninsesi.org/a/6421361.html

Amerikanın Səsi: AXCP fəalı həbs edilib https://www.amerikaninsesi.org/a/axcp-f%C9%99al%C4%B1-h%C9%99bs-edilib-/6287913.html

Amerikanın Səsi: DMX: 42 nəfər Almaniya və Avstriyadan Azərbaycana deportasiya olunub https://www.amerikaninsesi.org/a/6443840.html

BBC Azərbaycan: Almaniyadan deportasiya olunanlar: onları Azərbaycanda nə gözləyir? https://www.bbc.com/azeri/international-60123028

Amerikanın Səsi: Almaniyadan readmissiya olunan AXCP üzvü həbs edilib https://www.amerikaninsesi.org/a/6423165.html

Meydan TV: Mühacirlər deportasiyadan sonra həbs olunan fəalların azadlığını tələb etdilər https://d9mc3ts4czbpr.cloudfront.net/az/article/muhacirler-deportasiyadan-sonra-hebs-olunan-feallarin-azadligini-teleb-etdiler/

Əsasən yanlış
  • 22 May, 2022
  • 5545

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə