logo logo

Deyilənlərə yox, faktlara inanın

İnsan hüquqları

Çingiz Əsgərovun Azərbaycandan AİHM-ə göndərilən şikayətlərlə bağlı iddiası

Çingiz Əsgərovun Azərbaycandan AİHM-ə göndərilən şikayətlərlə bağlı iddiası

“Qeyd etməliyəm ki, əhalinin sayına görə şikayətlərin sayına baxdıqda, Azərbaycan Avropa Şurasının üzv dövlətləri arasında bir çox qonşu və Qərbi Avropa ölkələrinin arxa sırasında qalaraq üçüncü onluqda yerləşir”.

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) yanında Azərbaycanın səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov belə deyib. 

O verilmiş şikayətlərin sayına görə Azərbaycanın Avropa Şurasına üzv ölkələr arasında yüksək göstəriciyə malik olması ilə bağlı iddialara münasibət bildirərkən belə deyib.

“Fakt Yoxla” AİHM-də Azərbaycanla bağlı vəziyyəti analiz edib.

2021-ci ildə Azərbaycandan AİHM-ə ümumilikdə 425 şikayət göndərilib. Bu, o deməkdir ki, Azərbaycanda əhalinin hər 10 min nəfərinə düşən şikayət sayı 0.42-ə bərabərdir (səhifə 12). 

 

Qonşu və Qərbi Avropa ölkələrində əhalinin hər 10 min nəfərinə düşən şikayət sayı

Cədvəldən göründüyü kimi, əhalinin sayına nisbətdə qonşu ölkələrə nəzərən şikayət sayı dörd ölkədən üçündən yaxşı olsa da, Azərbaycanın göstəricisinin bir çox Qərbi Avropa ölkəsindən də yaxşı olması ilə bağlı iddia həqiqəti əks etdirmir. Adambaşına düşən şikayət sayına görə 18 Qərbi Avropa ölkəsindən 15-i Azərbaycandan daha yaxşı göstəriciyə malikdir.

2002-2021-ci illərdə Azərbaycandan AİHM-ə göndərilən şikayətlərin sayı:

Qeyd: Azərbaycan 2002-ci ildən AİHM-in yurisdiksiyasındadır. 

Cədvəldən göründüyü kimi, 2002-2021-ci illərdə məhkəməyə Azərbaycandan 7 650 şikayət daxil olub. 2021-ci ilin sonuna olan məlumata görə, Azərbaycandan göndərilən 2092 ərizə hələ də baxılmasını gözləyir. Gözləyən ərizələrin sayına görə, Rusiya Federasiyası liderdir - 17 013 ərizə. İkinci Türkiyə (15 251 ərizə), 3-cü Ukrayna (11 372 ərizə), 4-cü Rumıniya (5 690 ərizə), 5-ci İtaliya (3 646 ərizə), 6-cı Polşa (2 255) gəlir. Azərbaycan bu sıralamada baxılmasını gözləyən 2092 ərizə (AİHM-in ümumi iş yükünün 3 faizi) ilə 47 ölkə arasında 7-ci pillədədir. 

AİHM indiyədək Azərbaycanla bağlı 251 qərarını açıqlayıb. Həmin qərarlardan 241-də məhkəmə ərizəçilərin iddiasını haqlı sayıb. Baxılmasını gözləyən və qərar qəbul edilən şikayətlərdən başqa yerdə qalan ərizələr ya qəbuledilməz sayılıb, yaxud da başqa əsaslarla baxılacaq işlərin siyahısından çıxarılıb.

Qərar qəbul edilən işlərin analizi göstərir ki,  Azərbaycan üzrə ən çox ədalətli məhkəmə araşdırması hüququnun (Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsi) pozuntusu tanınıb – 119 iş. Ən çox pozuntusu tanının hüquqlar arasında 2-ci sırada azadlıq və toxunulmazlıq hüququ (Konvensiyanın 5-ci maddəsi) gəlir – 87 iş. Seçki hüququ pozuntularının (1 saylı Protokolun 3-cü maddəsi) tanınması üzrə də Azərbaycan Avropa Şurası məkanında birincidir. AİHM Azərbaycanla bağlı 25 qərarında seçki hüququnun pozuntusunu tanıyıb.  Azərbaycan Konvensiyanın 18-ci maddəsinin (Hüquq və ya azadlıqların Konvensiya ilə nəzərdə tutulmayan məqsəd üçün məhdudlaşdırılması) pozuntusuna görə də AİHM yurisdiksiyasını qəbul etmiş ölkələr arasında ilk sıradadır. Məhkəmə Azərbaycanla bağlı 11 qərarında, 18 ərizəçiyə münasibətdə 18-ci maddənin pozuntusuna qərar verib. Azərbaycan həm də birləşmək azadlığı hüququnu (Konvensiyanın 11-ci maddəsi) ən çox pozan ölkələr sırasında öndə gəlir. AİHM qərarlarına görə bu hüququ indiyədək ən çox Türkiyə (111 işdə) və Rusiya (79) pozub. Azərbaycan 41 qərarla 3-cü sıradadır. Əhali sayına nisbətdə qəbul edilən qərarlara baxdıqda isə, Azərbaycanın birinci olduğu görünür.

2011-2021-ci illərdə Azərbaycanla bağlı çıxarılan qərarlar, ərizəçilərə 5.4 milyon avro təzminat ödənilməsini nəzərdə tutur. Bu göstərici ilə Azərbaycan AİHM-in yuridiksiyasına daxil olan 47 ölkə arasında ən çox cərimə ödəyən 18-ci ölkədir.

"Fakt Yoxla"nın gəldiyi nəticəyə görə açıqlama yanlışdır.

Yanlış
  • 10 Mart, 2022
  • 740

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə