logo logo

Deyilənlərə yox, faktlara inanın

İnsan hüquqları

Pənah Hüseyn: “İstanbul Konvensiyası qaranlıq mərkəzlər tərəfindən sırf ailə dəyərlərinin dağıdılmasına yönəlib”

Pənah Hüseyn: “İstanbul Konvensiyası qaranlıq mərkəzlər tərəfindən sırf ailə dəyərlərinin dağıdılmasına yönəlib”

“İstanbul Konvensiyası dünyadakı bir çox qaranlıq mərkəzlər tərəfindən sırf ailə dəyərlərinin dağıdılmasına yönəlib”. 

Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn “Yeni Müsavat”a açıqlamasında belə deyib

“Xüsusən də konvensiyanın dünyadakı bir çox qaranlıq mərkəzlər tərəfindən sırf ailə dəyərlərinin dağıdılmasına yönəldiyini nəzərə alaraq, mən də oradakı bir sıra ayrı-ayrı müddəaların əleyhinə olmasam belə, sistem halında bu konvensiyanın zərərli olduğunu düşünürəm və zahirdə elan olunan məqsədlərə xidmət etmədiyi qənaətindəyəm”, - deyə Pənah Hüseyn bildirib.

“Fakt Yoxla” partiya sədrinin İstanbul Konvensiyası haqqında iddialarının  doğru olub-olmadığını araşdırıb.

Qeyd edək ki, İstanbul Konvensiyası haqqında müzakirələr Türkiyənin 2011-ci ildə ratifikasiya etdiyi bu sənəddən imtina etməsi ilə başladı. Avropa Şurasının “Qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması və onlarla mübarizə haqqında” Konvensiya İstanbulda imzalandığı üçün qısa olaraq İstanbul Konvensiyası adlandırılır. 2014-cü ildə Avropa Şurasının 10 ölkəsi tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minən  Konvensiya qadınlara qarşı zorakılıqla qanuni mübarizə aparmaq öhdəliyi yaradan ilk sənəd hesab olunur. 

Konvensiya 46 ölkə və Avropa İttifaqı tərəfindən imzalanıb və 34 ölkə tərəfindən ratifikasiya edilib. Azərbaycan İstanbul Konvensiyasını imzalamayıb. “Fakt Yoxla”nın bu mövzuda daha əvvəl hazırladığı analizdə qeyd olunurdu ki, qanunvericilikdə Azərbaycanın Konvensiyaya qoşulmasına mane olacaq hüquqi ziddiyyət yoxdur. Yerli normativ aktlara bəzi əlavə və dəyişiklər etməklə qanunvericiliyin Konvensiyaya uyğunlaşdırılması mümkündür. Amma hökumət hələ ki, gözləmə mövqeyindədir. 

Konvensiyanın 4-cü maddəsində qeyd olunur ki, sənədi imzalayan dövlətlər din, dil, irq, mülk, cinsi kimlik, cinsi oriyentasiya və digər sosial statuslardan asılı olmayaraq qurbanların hüquqlarını qorumağa borcludur. Bunun üçün hökumətlərdən tələb olunur: 

Qabaqlayıcı tədbirlər

▪ qadınlara qarşı zorakılığı məqbul sayan yanaşmaları

gender rollarını və stereotipləri dəyişdirmək;

▪ qurbanlarla işləyən mütəxəssislərə təlim keçmək;

▪ zorakılığın müxtəlif formaları və onların travmatik xarakteri 

barədə məlumatlılığı artırmaq;

▪ bərabərlik məsələlərinə dair tədris materiallarını tədrisin

bütün səviyyələrində tədris proqramlarına daxil etmək;

▪  ictimaiyyətlə əlaqələrin qurulması üçün QHT-lər, media və özəl sektorla əməkdaşlıq etmək;

Müdafiə tədbirləri

▪  bütün tədbirlərin mərkəzində qurbanların ehtiyaclarının 

və təhlükəsizliyinin dayanmasını təmin etmək;

▪ qurbanlara və onların uşaqlarına tibbi yardım göstərən, habelə psixoloji və hüquqi məsləhətlər verən ixtisaslaşmış 

dəstək xidmətləri təşkil etmək;

▪ yetərli sayda sığınacaqlar və fasiləsiz (7/24) və ödənişsiz xidmət göstərən qaynar xətlər təşkil etmək.

Cinayət təqibi

▪ qadınlara qarşı zorakılığın kriminallaşdırılmasını və müvafiq qaydada cəzalandırılmasını təmin etmək;

▪ hər hansı zorakılıq aksına mədəniyyət, adət, din və “şərəf” anlayışı ilə

bəraət qazandırılmasının qəbuledilməzliyini təmin etmək;

▪ istintaq, məhkəmə icraatı zamanı zərərçəkmiş şəxslərin 

təhlükəsizliyini təmin etmək üçün nəzərdə tutulan tədbirlərdən 

yararlanmaq imkanına malik olmanı təmin etmək;

▪ hüquq-mühafizə orqanlarının yardım üçün müraciətlərə dərhal reaksiya göstərməsini və təhlükəli vəziyyətlərin öhdəsindən adekvat şəkildə gələ bilməsini təmin etmək.

Konvensiya  iştirakçı dövlətlərdən aşağıdakı əməllərin kriminallaşdırılmasını tələb edir:

- məişət zorakılığı;

- cinsi təqib (stalking);

- cinsi zorakılıq, o cümlədən zorlama;

- cinsi qısnama;

- məcburi nigah;

- qadın sünnəti

- məcburi abort və məcburi sterilizasiya.

Göründüyü kimi, İstanbul Konvensiyasının bütün müddəaları da, bu sənədi ratifikasiya edən və ya ondan imtina edən ölkələr də açıq formada bəyan edilir. Sənəd Avropa Şurası tərəfindən hazırlanıb. Azərbaycan isə 2001-ci ildən bu qurumun tamhüquqlu üzvüdür. Konvensiyanın qaranlıq mərkəzlər tərəfindən ailə dəyərlərinin dağıdılmasına yönəldiyini təsdiq edən sübut yoxdur. 

İstanbul Konvensiyası qadınlara qarşı zorakılığın qarşısını alınmasına yönəlik bir sənəddir. Zorakılığın ailə dəyəri olduğunu ehtiva edən leksik izah, yaxud hüquqi normativ mövcud deyil.

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, açıqlama propaqandadır.

Anti-qərb dezinformasiyası
  • 14 Aprel, 2021
  • 3124

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə