Daxili İşlər Nazirliyi (DİN) 19 fevral 2021-ci ildə tibbi maskadan istifadə ilə bağlı vətəndaşlara müraciət edib.
Müraciətdə deyilir ki, bir sıra dövlətlər pandemiyanın geniş yayılmasının qarşısının alınmasında daha sərt cəza tədbirləri həyata keçirir. Məsələn, tibbi maskalardan istifadə etməyən şəxslər Türkiyədə 219 manat, Almaniyada 307 manat, Böyük Britaniyada 235 manat, Fransada 276 manat, ABŞ-da 510 manatdan 550 manata qədər cərimlənir.
Elə ölkələr var ki, orada daha yüksək cərimələrlə yanaşı, 30 sutka həbs cəzası da nəzərdə tutulur.
“Fakt Yoxla” DİN-in bu iddiasının doğru olub-olmadığını yoxlayıb.
19 noyabr 2020-ci ildə Nazirlər Kabinetinin qəbul etdiyi digər qərara əsasən 21 noyabr 2020-ci ildən etibarən açıq havadakı ictimai yerlərdə maskadan istifadə etmək məcburi oldu.
Bu qaydaya riayət etməyən fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 300 manat, hüquqi şəxslər isə 600 manat məbləğində cərimə edilir. Həmin xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən 1 il ərzində təkrar törədilməsinə görə isə fiziki şəxslər 200 manat, vəzifəli şəxslər 600 manat, hüquqi şəxslər isə 1200 manat məbləğində cərimə edilir.
Bəs DİN-in müarciətində iddia etdiyi xarici ölkələrdə bu sahədə vəziyyət necədir?
Türkiyədə 22 iyun 2020-ci ildən etibarən 81 əyalətdən 48-də açıq havada maska taxmamağa görə 900 lirə (219 manat) cərimə cəzası tətbiq edilir. Digər 33 əyalətdə isə alış-veriş mərkəzi, market, restoran, kafe və bərbərxana kimi insanların toplu halda olduğu qapalı yerlərdə maska taxmaq məcburiyyəti var.
Almaniyada ictimai nəqliyyatda və dükanlarda, eləcə də insanların sıx olduğu digər ictimai açıq məkanlarda maska taxmamağa görə cərimə 50 avro (102 manat) təşkil edir. Burada Azərbaycandan fərqli olaraq açıq havada maska taxmaq məcburiyyəti yoxdur.
Böyük Britaniyada ictimai nəqliyyatda, eləcə də, bəzi ictimai məkanlarda (bank, məktəb, vağzal, restoran və s.) maska taxmamağa görə cərimə 200 funt sterling təşkil edir. Cərimə 14 gün müddətində ödənilərsə məbləği azalaraq 100 funt sterlinq (238 manat) təşkil edir. Burada da Azərbaycandan fəqli olaraq açıq havada maska taxmaq məcburiyyəti yoxdur.
Fransada ictimai nəqliyyatda və qapalı ictimai məkanlarda maska taxmamağa görə cərimə 135 avro (278 manat) təşkil edir. Burada da Azərbaycandan fərqli olaraq açıq havada maska taxmaq məcburiyyəti yoxdur.
ABŞ-da isə bu cərimələr ştatdan ştata fərqli olmaqla 50$ - 400$ (85 manat - 680 manat) arasında dəyişir.
Bəzi ştatlarda açıq havada maska taxmaq məcburiyyəti yalnız təqribən 2 metr sosial məsafənin gözlənə bilmədiyi və ailə üzvlərindən kənar şəxslərin olduğu məkanlarda məcburidir.
Əgər Daxili Nazirliyinin Məlumatında qeyd olunan ölkələrdə maska taxmamağa görə tətbiq olunan cərimə məbləğlərini həmin ölkələrdəki orta aylıq əməkhaqqı ilə müqayisə etsək, görərik ki, adıçəkilən ölkələr içində cərimə yükünün ən çox olduğu ikinci ölkə Azərbaycandır.
Beləliklə, DİN-in məlumatında qeyd olunan ölkələrdə maska taxmamağa görə edilən cərimə, Azərbaycanda tətbiq olanan açıq havada maska taxmamaqdan fərqli olaraq, əsasən, ictimai nəqliyyat və qapalı məkanlarla məhdudlaşır. Yalnız Türkiyənin əyalətlərinin təqribən yarısında açıq havada maska taxmaq məcburidir.
Almaniya və ABŞ-da isə yalnız insanların sıx olduğu və ara məsafəsinin gözlənə bilmədiyi yerlərdə maska taxmaq məcburidir.
Fransa və Böyük Britaniyada isə açıq havada maska taxmaq kimi bir məcburiyyət yoxdur.
Digər tərəfdən, adı çəkilən ölkələrdə maskadan düzgün istifadə etməməyə görə edilən cərimələr orta aylıq əmək haqqına nisbətdə aşağıdır. Azərbaycan cərimələrin yüksəkliyinə görə Türkiyədən sonra ikinci sırada yerləşir.
“Fakt Yoxla"nın gəldiyi nəticəyə görə, DİN-in iddiası əsasən yanlışdır.