Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra ƏƏSMN) 7 avqust 2021-ci il də vətəndaşlara ünvanladığı müraciətdə bildirib ki, 16 avqust 2021-ci ildən etibarən ƏƏSMN-in və onun qurumlarının qəbul mərkəzlərində, habelə DOST mərkəzlərində vətəndaşların qəbulu və müraciətlərinə baxılması yalnız peyvənd olunmaları və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənəd (COVID-19 pasportu) olduğu halda həyata keçiriləcək.
Nazirlik bu tədbirini onunla əsaslandırır ki, ƏƏSMN tərəfindən vətəndaşların qəbulu və müraciətlərinə baxılması sahəsində tətbiq olunan bu qayda əhalinin sağlamlığının qorunması məqsədilə aparılan vaksinasiya prosesində vətəndaşların daha fəal iştirakının təşviq edilməsinə, özlərinin və ətrafdakıların pandemiyadan qorunmasına münasibətdə məsuliyyətin artırılmasına xidmət edir.
Nazirliyin bu açıqlaması vətəndaşların müraciət etmək hüququnun pozulması, həmçinin dövlət orqanlarına çatımlığına maneə yaratması baxımından cəmiyyətdə müzakirələrə səbəb olub.
“Fakt Yoxla” ƏƏSMN-in sözügedən açıqlamasını hüquqi analiz edib.
Azərbaycan Konstitusiyasının 57.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ var. Həmin maddədə müraciət hüququnun hansı şərtlərlə məhdudlaşdırılması ilə bağlı göstəriş yoxdur. Bununla belə, Konstitusiyanın 71-ci maddəsində bildirilir ki, insan hüquq və azadlıqlarının həyata keçirilməsi müharibə, hərbi vəziyyət və fövqəladə vəziyyət, habelə səfərbərlik elan edilərkən məhdudlaşdırıla bilər.
Göründüyü kimi, bu sıraya pandemiya şəraiti aid edilməyib.
Vətəndaşın dövlət orqanına şəxsən müraciət etmək hüququ “Vətəndaşların müraciətləri haqqında” Qanunla da tanınır.
Həmin Qanunun 1.1-ci maddəsinə görə, Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır.
Qanunun 7.1-ci maddəsi müraciətə baxan subyektlərin və onların vəzifəli şəxslərinin üzərinə həmin Qanunla müəyyən edilmiş qaydada verilən yazılı müraciətləri mütləq qəbul etmək, qeydiyyata almaq və onlara baxılmasını təmin etmək öhdəliyi qoyur. Həmçinin bildirilir ki, bu qanunun tələblərinə uyğun olaraq verilən müraciəti qəbul etməkdən imtina qadağandır.
Sözügedən Qanunun 8-ci maddəsində müraciətin baxılmamış saxlanılması üçün əsaslar sadalanır və həmin əsaslar sırasında vətəndaşın “COVID-19” pasportuna malik olması şərti qeyd olunmayıb.
Yalnız Qanunun 11.4-cü maddəsində göstərilib ki, qəbula gəlmiş vətəndaş şəxsiyyətini təsdiq edən sənədi təqdim etməlidir. Nəticə etibarilə, ƏƏSMN-in tələbi Qanunun müddəalarına birbaşa olaraq ziddir.
“İnzibati icraat haqqında” Qanun da şəxslərin müraciət etmək hüququnu tanıyır. Qanunun 20.1-ci maddəsinə görə, hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. 21.1-ci maddədə isə göstərilir ki, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Həmin maddədə, həmçinin inzibati orqanın şəxsi dinləməkdən imtina edə bilməsi ilə bağlı hallar sadalanır və bu hallar sırasında da şəxsin “COVID-19” pasportuna malik olmaması şərti qeyd olunmur.
Bundan əlavə, ölkə üzrə vətəndaşların peyvənd olunmaları könüllü xarakter daşıyır. Belə ki, Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün vaksinasiya strategiyası”nın 8.2-ci bəndində bildirilir ki, “COVID-19” xəstəliyi əleyhinə vaksinasiyanın ümumi əhali arasında könüllülük prinsipi əsasında aparılması nəzərdə tutulur.
“Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında” Nazirlər Kabinetinin 26 iyul 2021-ci il tarixli Qərarında da, müraciətə gələn vətəndaşların deyil, dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının “COVID-19”a qarşı peyvənd olunmaları və ya bu virusa qarşı immunitet sertifikatına malik olmaları tələb olunur.
“Əhalinin sağlamlığının qorunması haqqında” Qanunda da sağlamlığın qorunması məqsədilə dövlət orqanlarının vətəndaşların müraciətləri ilə bağlı hər hansı məhdudiyyət tətbiq edə bilməsi ilə bağlı müddəa yoxdur.
ƏƏSMN-in belə bir tələb irəli sürməsi onun səlahiyyətlərindən kənara çıxır. Eləcə də, vətəndaşların dövlət orqanına çatımlığına manea yaratmaqla bilavasitə onların əmək və sosial hüquqlarını inzibati orqan vasitəsilə müdafiə etmək imkanından məhrum edir.
“Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında” Əsasnamənin 1.1-ci bəndi Nazirliyin statusunu müəyyənləşdirir. Həmin bəndə əsasən, ƏƏSMN əmək münasibətləri, əməyin mühafizəsi, əmək ehtiyatlarından istifadə, əhalinin sosial müdafiəsi, o cümlədən əmək pensiyaları və sosial sığorta, əhalinin məşğulluğu, işsizlikdən sığorta, demoqrafiya, tibbi-sosial ekspertiza, əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların reabilitasiyası sahələrində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
Əsasnamənin 2.1-ci bəndində nazirliyin fəaliyyət istiqamətləri, 3.1-ci bəndində isə vəzifələri sadalanır.
Həmin bəndlərin heç birində nazirliyin açıqlamasında əsaslandığı “vaksinasiya prosesində vətəndaşların daha fəal iştirakının təşviq etmək, özlərinin və ətrafdakıların pandemiyadan qorunmasına münasibətdə məsuliyyətin artırılmasına xidmət etmək məqsədilə vaksinasiya qaydası tətbiq etmək” müddəaları əks olunmayıb.
Dövlət orqanına çatımlıq probleminə gəlincə isə bu məsələyə Avropa İnsan Hüquqları Konvensiyasının 13-cü maddəsi işığında baxmaq məqsədəuyğundur.
Həmin maddədə deyilir ki, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir. Bu maddənin əsas tələblərindən biri hüququnu mübahisələndirən şəxs üçün müdafiə vasitəsinin çatımlı (əlçatan) olmasıdır.
13-cü maddədə qeyd edilən “dövlət orqanı” anlayışına, digərlərilə yanaşı, inzibati hakimiyyət orqanı da aid edilir (“Boyle və Rice Birləşmiş Krallığa qarşı” işi).
“Səmərəli” dedikdə isə, müdafiə vasitəsinin, operativlik öhdəliyini yerinə yetirməklə, yetərli və əlçatan olması nəzərdə tutulur (“Çelik və İmret Türkiyəyə qarşı” işi).
Avropa İnsan Hüquqları Məhkəməsinin Konvensiyanın 13-cü maddəsi üzrə formalaşmış məhkəmə təcrübəsinə əsasən, həddidən artıq məhdudlaşdırıcı tələblər müdafiə vasitəsini qeyri-səmərəli hala gətirə bilər (“Cemenzind İsveçrəyə qarşı” işi).
Bu yanaşmanı nazirliyin açıqlamasına tətbiq etsək, vətəndaşların qəbulu və müraciətlərinə baxılmasının “yalnız peyvənd olunmaları və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənəd (COVID-19 pasportu) olduqları halda” mümkün sayılması tələbi də vətəndaşların sözügedən hüquqa çatımlığını həddindən artıq məhdudlaşdırmış olur. Çünki bu tələb qanuna əsaslanmamaqla yanaşı konkretdir və heç bir istisna nəzərdə tutmur. Beləliklə, ƏƏSMN-in vətəndaşlara qarşı belə bir tələb irəli sürməsi həm onun Əsasnamədə sadalanan fəaliyyət istiqamətlərindən və vəzifələrindən kənar, həm də Konstitusiya başda olmaqla istər yerli qanunvericiliyin, istərsə də Avropa İnsan Hüquqları Konvensiyasının tələblərinə ziddir.