logo logo

Deyilənlərə yox, faktlara inanın

İqtisadiyyat

Mərkəzi Bank: “Azərbaycanda bank sektorunda təmərküzləşmə səviyyəsi yüksək deyil”

Mərkəzi Bank: “Azərbaycanda bank sektorunda təmərküzləşmə səviyyəsi yüksək deyil”

Mərkəzi Bankın 2021-ci ilin yekununa dair  Maliyyə sabitliyi hesabatında Azərbaycanın bank sistemində təmərküzləşmə səviyyəsinin aşağı və orta təmərküzləşmə göstəricilərinə uyğun olduğu bildirilib.

“Fakt Yoxla” bu iddianın doğru olub-olmadığını araşdırıb.

Təmərküzləşmə bank sektorunun resurslarının müxtəlif banklar arasında paylanma və bank sektorunda inhisarlaşma səviyyəsini əks etdirir. Məsələn, az sayda bank, resursların daha böyük hissəsinə sahib olursa, bu göstəricinin də səviyyəsi yüksəlir və inhisarlaşmanın mövcudlğu təsdiqlənir. 

Beynəlxalq təcrübədə təmərküzləşmənin ölçülməsi üçün xüsusi indeksdən istifadə edilir. “Herfindahl-Hirschman Indeks”inin (“HHI”)  hesablanması üçün  tətbiq edilən metodologiyaya görə, indeks 0-10 000 intervalında dəyişir. 

Göstəricinin aşağı səviyyəsi hesab olunan 0-1500 aralığındakı indeks inhisarlaşmanın yoxluğunu və rəqabətin mövcudluğunu göstərir. “Orta səviyyə”ni göstərən və 1500-2000 intervalında  qiymətləndirilən indeks  rəqabətin nisbətən zəif də olsa mövcudluğu kimi qiymətləndirilir. Göstəricinin 2500-i ötməsi istənilən ölkənin bank sektorunda yüksək inhisarlaşmanın olması mənasına gəlir.

Mərkəzi Bankın son hesabatından belə çıxır ki, Azərbaycanın bank sistemində təmərküzləşmə orta səviyyədədir və bu faktiki olaraq inhisarlaşmanın yoxluğunu iddia etməkdir. Hesabata görə kredit portfeli, depozit portfeli və aktivlərin xüsusi çəkisinə əsasən “HHI” müvafiq olaraq 1017, 1741 və 1567 təşkil edir. 

Metodologiyaya əsasən, Mərkəzi Bankın Azərbaycan bank sektorunda kredit portfeli (1017), depozit (1741) və aktivlərin həcminə görə (1567) hesablanan “HHI” ilk baxışdan doğrudur. Lakin nəzərə alınması vacib olan bir məqam var. 

Təmərküzləşmənin hesablanmasında son məqsəd bank sektoru üçün riskləri müəyyən etməkdir. Yəni inhisarlaşma artdıqca, risk daha da yüksəlir. Bu məsələdə məntiqi yanaşma odur ki, əgər bank sekoru az sayda məsələn, 2 və ya 3 mülkiyyətçinin, yaxud biznes şəbəkəsinin əlində cəmlənibsə, onların ixtiyari səbəbdən müflisləşməsi ölkənin maliyyə sistemini iflas həddinə gətirə bilər. 

Məhz Mərkəzi Bankın öz hesablamasında nəzərə almadığı məqam da ölkədə fəaliyyət göstərən və aparıcı mövqeyi olan əsas bankların bir neçəsinin vahid biznes şəbəkəsinə aid olmasıdır. Həmin banklar formal olaraq ayrılıqda fəaliyyət göstərsələr də, mülkiyyətçilərdən qaynaqlanan eyni riskləri daşıyırlar. Əgər “HHI” indeksinin hesablanmasında bu amil nəzərə alınmazsa, yekun hesablama real mənzərəni əks etdirə və etibarlı hesab edilə bilməz. Odur ki, Azərbaycan reallığında “HHI” məhz vahid biznes şəbəkəsinə aid və ortaq riskləri bölüşən bankların birgə göstəriciləri əsasında hesablanarsa, obyektiv mənzərəni əks etdirə bilər.

Azərbaycan banklarının bazar payı - 2021-ci il

Cədvəldən göründüyü kimi, hazırda Azərbaycanda 26 bank fəaliyyət göstərir. Burada diqqət çəkən məqam odur ki, aktivlərin həcminə görə bazarda ən yüksək paya malik dörd bankdan üçü – Paşa Bank, Kapital Bank və Xalq Bank eyni biznes şəbəkəsinə məxsusdur. Bu banklardan ikisi – Kapital Bank və Paşa Bank Paşa Holdinqə daxildir. 

Prezidentin qızları Leyla və Arzu Əliyevalar Paşa Holdinqin səhmdarlarıdır. Xalq Bankın konsolidə olunmuş hesabatında da göstərilir ki, Leyla və Arzu Əliyevalar bu bankın mülkiyyətçiləridir. 

Belə məlum olur ki, bu üç bank bazarda ayrı fəaliyyət göstərsə də, mülkiyyətçiləri eynidir. Bu baxımdan, HHİ hesablanarkən, bu üç bankın göstəricilərinin ayrılıqda deyil, birlikdə nəzərdən keçirilməsi real mənzərəni daha obyektiv əks etdirərdi.

Kapital Bank, Paşa Bank və Xalq Bankın bazar payları ayrılıqda deyil, vahid götürməklə hesablandıqda, indeksin səviyyəsi kredit portfeli üzrə 2574-ə, depozit portfeli üzrə 2873-ə, aktivlərin həcminə görə isə 2565-ə bərabər olur. Bu göstəricilər isə “HHI”nin hesablanma metodologiyasına görə, ölkənin bank sektorunda yüksək inhisarlaşmanın olduğunu (indeksin 2500-dən yüksək olduğu vəziyyət) göstərir. 

Beləliklə, Azərbaycanın bank sektorunda rəqabət çox zəif, inhisarlaşma isə yüksəkdir.  

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, Mərkəzi Bankın iddiası faktlarla manipulyasiyadır.

Azərbaycan Respublikası Mərkəzi Bankı, Maliyyə sabitliyi hesabatı (bax: səhifə 12)

“investopedia.com”, Herfindahl-Hirschman index

“Azərbaycan Banklar Assossasiyası”, Bankların siyahısı

“Fakt Yoxla”, İlham Əliyev: Övladlarımın biznes fəaliyyəti şəffafdır

Xalq Bank, Maliyyə hesabatı (səh. 12)

Faktlarla manipulyasiya
  • 8 İyul, 2022
  • 2840

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə