“Bakı Metropoliteni” QSC-nin baş mühəndisi Əlixan Osmanov Bakı metrosunun fəaliyyətə başlamasının 55-ci il dönümü ilə bağlı “report.az”a müsahibə verib.
Baş mühəndis jurnalistlə danşarkən Аzərbaycanda müstəqillik dövründə həyata keçirilən metro tikintisini digər post-Sovet ölkələrinin təcrübəsi ilə müqayisə edib.
“SSRİ dağıldıqdan sonra bir sıra ölkələrdə metro tikintisi dayandı. Amma Azərbaycan kimi iqtisadiyyatı dayanıqlı olan ölkələrdə metro tikintisi müstəqillik dövründə də davam etdi”, – deyə Əlixan Osmanov vurğulayıb.
“Fakt Yoxla” digər ölkələrdə metro tikintisinin dayandırılması ilə bağlı iddianın doğru olub-olmadığını araşdırıb.
Keçmiş SSRİ-yə daxil olan on beş respublikanın yeddisində – Rusiya, Ukrayna, Belarus, Gürcüstan, Ermənistan, Azərbaycan və Özbəkistanda metro nəqliyyatı mövcud olub. Son otuz ildə bu ölkələrin hər birinin paytaxtında merto stansiyalarının inşası davam etdirilib.
1990-cı illərdə Moskvanın metro sisteminin 33 kilometr genişləndirilməsi nəticəsində 19 yeni stansiya istifadəyə verilib.
Bu tendensiya sonra da davam etdirilib.
2000-2010-cu illərdə şəhərdə 42 kilometr metro xətti boyunca 27 yeni stansiya tikilib.
Kiyev metrosunda da müstəqillik dövründə genişlənmə işləri davam etdirilib. Şəhər metropoliteninin saytındakı məlumatlardan aydın olur ki, 1991-i ildən başlayaraq, Ukrayna paytaxtında 20-dək metro stansiyası istifadəyə verilib.
Minskdə də, müstəqillik dövründə yeni metro stansiyaları inşa edilib.
1995-2020-ci illərdə şəhərin metro xətlərinin genişləndirilməsi ilə bağlı işlər görülüb və yeni stansiyalar fəaliyyətə başlayıb. Bu dövr ərzində Minskin metro xəttinin uzunluğu 25 kilometrdən çox artırılıb.
Özbəksitanın paytaxtı Daşkəntdə də, müstəqillik dövründə yeni metro stansiyaları fəaliyyətə başlayıb. 2001-ci ildə şəhərdə üçüncü metro xətti istifadəyə verilib.
Uzunluğu 10.5 kilometr olan bu xətt boyunca 8 stansiya yerləşib.
2020-ci ildə istismara verilən dördüncü metro xəttinin uzunluğu isə 11 kilometrdir və bu xətt üzərində 7 metro stansiyası var.
Tiflisdə metro xətlərinin çəkilməsi müstəqillik dövründə də davam edib. Şəhərdə 2000-ci və 2017-ci ildə olmaqla iki yeni stansiya istifadəyə verilib. Yerevanda müstəqillik dövründə sadəcə 1 yeni metro stansiyası fəaliyyətə başlayıb ki, onun da açılışı 1996-cı ilə təsadüf edib.
Bakıda müstəqillik dövründə açılan ilk metro stansiyası 1993-cü ildə mərhum yazıçı-dramaturq Cəfər Cabbarlının adına açılıb. 2002-ci ildə Həzi Aslanov, 2008-ci ildə Nəsimi, 2009-cu ildə “Azadlıq prospekti”, 2011-ci ildə “Dərnəgül”, 2016-cı ildə “Avtovağzal”, 2021-ci ildə isə “8 Noyabr” stansiyaları olmaqla toplam 7 yeni stansiya fəaliyyətə başlayıb.
Beləliklə, SSRİ dövründə metro nəqliyyatı mövcud olan ölkələrin hər birində müstəqillik dövründə də yeni stansiyalar inşa olunub.
“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, Əlixan Osmanovun iddiası əsasən yanlışdır.
Redaksiya qeydi: Azərbaycanda metro xətləri ancaq Bakıda inşa olunduğundan “Fakt Yoxla” araşdırmanı keçmiş SSRİ ölkələrinin paytaxtları ilə məhdudlaşdırılıb.