logo logo

Deyilənlərə yox, faktlara inanın

İqtisadiyyat

Azərbaycanın xarici ölkələrə yatırdığı investisiyalar pandemiyadan öncəki göstəriciyə çata bilməyib

Azərbaycanın xarici ölkələrə yatırdığı investisiyalar pandemiyadan öncəki göstəriciyə çata bilməyib

Mərkəzi Bank 2022-ci ildə Azərbaycan iqtisadiyyatına cəlb edilmiş və xarici ölkələrə yönəldilmiş birbaşa xarici investisiyalarla bağlı göstəricilərini açıqlayıb.

“Fakt Yoxla” həmin göstəricilər əsasında Azərbaycana yatırılan, eləcə də, Azərbaycanın yatırdığı investisiyalarla bağlı göstəriciləri analiz edib.

Azərbaycana yatırılan investisiyalar

Mərkəzi Bankın bildirir ki, 2022-ci ildə Azərbaycana yatırılmış birbaşa xarici investisiyaların toplam dəyəri 6 milyard 276 milyon dollara bərabər olub. Bu, 2021-ci illə müqayisədə 31% artım deməkdir.

Cədvəl 1: Son 5 ildə Azərbaycana cəlb edilmiş xarici investisiyalar

2022-ci ildə baş vermiş artımın əsas səbəblərindən biri il ərzində Rusiyadan Azərbaycana yönəldilən investisiyaların həcminin 10 dəfə artması ilə bağlıdır. Belə ki, Rusiyadan Azərbaycana yatırılan investisiyaların həcmi 2021-ci ildə 51 milyon dollara, 2022-ci ildə isə 518 milyon dollara bərabər olub. Yəni, Rusiyadan Azərbaycana yatırılan investisiyalar ötən il ərzində yarım milyard dollara yaxın artıb. Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra xarici investisiyalarla yanaşı, Rusiyadan Azərbaycana göndərilən pul köçürmələri, eləcə də, xarici ölkə vətəndaşlarının Azərbaycan banklarında saxladıqları vəsaitlərin həcmində də kəskin artımlar qeydə alınıb.

Cədvəl 2: 2022-ci ildə Azərbaycana ən çox investisiya yatıran ölkələr

Cədvəldən göründüyü kimi, Azərbaycana yatırılan investisiyaların həcminə görə ilk onluqda yerləşən ölkələrdən cəmi üçündən - Yaponiya, ABŞ və Norveçdən Azərbaycana cəlb edilən investisiyaların həcmi 2021-ci illə müqayisədə nisbətən azalıb. Digər diqqət çəkən bir məqam da, ölkəyə yatırılan xarici investisiyaların təxminən yarısının cəmi iki ölkəyə - Böyük Britaniya və Türkiyəyə məxsus olması ilə bağlıdır. Bu iki ölkənin xarici investisiyalarda payı 47%-dir.

Son illər Türkiyənin Azərbaycana investisiyalarının həcmində ardıcıl artımlar müşahidə edilir. 2020-ci ildə Türkiyədən Azərbaycana yatırımlar 577 milyon dollara, 2021-ci ildə 740 milyon dollara, 2022-ci ildə isə, 1 milyard 187 milyon dollara bərabər olub.

Azərbaycana yatırılan xarici investisiyaların yarısının cəmi iki ölkəyə məxsus olması ilə yanaşı, təmərküzləşmə olan daha bir göstərici xarici investisiyaların sahə bölgüsü ilə bağlıdır. Belə ki, 2022-ci ildə Azərbaycana yatırılan xarici investisiyaların 71%-i sadəcə neft və qaz sənayesinə yönəldilib. Bu baxımdan, ölkəyə cəlb edilən xarici investisiyaların sahə strukturuna görə bölgüsündə neft-qaz sənayesi ilə digər sahələr arasında böyük fərq var.

Azərbaycanın yatırdığı investisiyalar

Rəsmi rəqəmlərdən aydın olur ki, 2022-ci ildə Azərbaycanın xarici ölkələrə yönəltdiyi investisiyaların toplam həcmi 1 milyard 153 milyon dollara bərabər olub. 2021-ci ildə həmin göstərici 826 milyon dollara bərabər idi. Yəni, 2022-ci il ərzində Azərbaycanın xarici ölkələrə yatırdığı investisiyaların həcmi 327 milyon dollar və ya 40% artıb. Ancaq, onu da qeyd edək ki, 2022-ci ildə Azərbaycanın xarici ölkələrə yatırdığı investisiyaların həcmi kəskin artsa da, hələ də, pandemiyadan öncəki dövrlə müqayisədə aşağı qalmaqda davam edir.

Cədvəl 3: Son 5 ildə Azərbaycanın xarici ölkələrə yatırdığı investisiyaların həcmi

Azərbaycanın 2022-ci ildə ən çox investisiya yönəltdiyi ölkə 247 milyon dollar ilə Türkiyə olub. Bu, Azərbaycanın xarici investisiyalarının 21.4%-ni təşkil edib. Lakin, Azərbaycanın bu ölkəyə qoyduğu investisiyalar 2021-ci illə müqayisədə təxminən 34 milyon dollar aşağı düşüb. İlk üçlükdəki digər iki ölkə, BƏƏ və Avstraliya isə, əvvəlki illərdə xarici investisiyaların həcminə görə qabaqcıl yerlərdə olmayıblar və bu ölkələrə investisiyalar məhz 2022-ci ildə kəskin artıb. Azərbaycanın hər zaman investisiya yatırdığı ölkələr arasında olan Böyük Britaniya və Gürcüstana yatırılan investisiyalar isə 2021-ci illə müqayisədə aşağı düşüb.

 

2022-ci ildə Azərbaycan iqtisadiyyatına cəlb edilmiş və xarici ölkələrə yönəldilmiş birbaşa xarici investisiyalarla bağlı göstəricilərdən aydın olur ki, 2022-ci ildə Azərbaycana yatırılan investisiyaların həcmində kəskin artım olub. Bu artımın təxminən 90 faizi sadəcə üç ölkədən – Rusiya, Kipr və Türkiyədən gələn investisiyaların artması hesabına baş verib. Digər tərəfdən, Azərbaycana yatırılan investisiyaların böyük hissəsi neft-qaz sənayesinə yönəlməkdə davam edir. Bu baxımdan, qeyri-neft sektoruna xarici investorların marağı daha aşağıdır. Azərbaycanın xarici ölkələrə yatırdığı investisiyalar isə öncəki ilə nəzərən 40 faizə yaxın artsa da, hələ də, pandemiyadan öncəki göstəriciyə çata bilməyib.

Analiz
  • 26 May, 2023
  • 3536

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə