logo logo

Deyilənlərə yox, faktlara inanın

İqtisadiyyat

İlham Əliyev: “Heydər Əliyev Beynəlxalq Hava Limanı beşulduzludur və dünyada belə hava limanlarının sayı 10-a yaxındır”

İlham Əliyev: “Heydər Əliyev Beynəlxalq Hava Limanı beşulduzludur və dünyada belə hava limanlarının sayı 10-a yaxındır”

“Bakıdakı Heydər Əliyev Beynəlxalq Hava Limanı beşulduzlu hava limanıdır və dünyada belə hava limanlarının sayı 10-a yaxındır

“Azərtac”ın məlumatına görə, bunu prezident İlham Əliyev yanvarın 26-da nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevi videoformatda qəbul etdiyi görüşdə deyib.

“Fakt Yoxla” İlham Əliyevin bu iddiasını yoxlayıb. 

Dünya hava limanlarının ulduz reytinqlərini ölçən bir neçə sayt mövcuddur: airhelp.comedreams.comskytraxratings.com və s. Digər reytinq mərkəzlərində göstəricilər daha az meyara əsaslandığı üçün biz də yoxlama zamanı Skytrax-ın qiymətləndirmələrini əsas götürürük.

Məsələn, edreams veb səhifəsində qiymətləndirmə 3 meyar üzərindən aparılır: Restoranlar, alış-veriş və gözləmə otaqları. Bu veb səhifədəki reytinq siyahısında ilk 10-luqda Heydər Əliyev Beynəlxalq hava limanı yoxdur. 

Digər reytinq verən veb səhifə airhelp.com da 3 meyar üzərindən dəyərləndirmə edir: Uçuşların zamanlama dəqiqliyi, xidmət keyfiyyəti, ərzaqlar və alış-veriş. Bu reytinq cədvəlində də ilk 10-luqda Heydər Əliyev hava limanı yoxdur. 

Skytrax hava limanları Ulduz Reytinqi 20 ildir təqdim olunur və hava limanı sənayesi üçün qlobal keyfiyyət qiymətləndirməsi etalonuna çevrilib. 

Skytrax 1 və 5 ulduz aralığında reytinq tətbiq edir. Bura hava limanının veb saytından terminal otel keyfiyyətinə qədər 30 fərqli kriteriyanın qiymətləndirilməsi daxildir. 

Reytinq metodologiyası sektor üçün vahiddir - ən böyük hablardan kiçik regional müəssisələrə qədər bütün hava limanları eyni baza meyarları ilə qiymətləndirilir. Reytinqlər müştərilərin təcrübəsinə əsaslanır. Qiymətləndirmə meyarlarına yerüstü nəqliyyat, təhlükəsizlik, pasport kontrol, yol göstərən işarələr, hava limanına gəliş və gediş, transfer, terminal rahatlığı və digər kriteriyalar daxildir. Bu kriteriyalar özləri də daha kiçik bölmələrə ayrılırlar. 

Ulduz reytinq səviyyələrinin hər birinin qısa izahı Skytrax-da verilib. Mövzu konkret beşulduzlu hava limanlarını əhatə etdiyi üçün bunun nəyi nəzərdə tutduğuna nəzər yetirək.

Ən yaxşı göstərici olan beşulduzu almaq üçün, işçi heyətinin xidmətləri və ya məhsul standartları qlobal göstəricilərə uyğun olmalı yaxud da özü-özlüyündə ən yaxşı təcrübəni yaratmalıdır. Hava limanının ümumilikdə belə yüksək qiymətləndirilməsi üçün hər bir elementin beşulduz olması vacib deyil. 

Skytrax qiymətləndirməsində 5 ulduzlu hava limanlarının sayı 10 yox, 14-dür. Onlardan 8-i hab, 6-sı regional səviyyəlidir. Bu reytinq sıralamasında Heydər Əliyev hava limanı hablar səviyyəsində olmasa da, regional səviyyədə 5 ulduzlu hava limanıdır. Hava limanı baqajların çatdırılma vaxtı, yerimə məsafəsinin qısalığı, oturacaqların sayı və digər kriteriyalar üzrə 5 ulduzla qiymətləndirilib. Lakin digər veb səhifələrdəki qiymətləndirmələrdə Heydər Əliyev hava limanı ilk 10-luqda deyil. Bundan əlavə, hava limanın 5 ulduzlu olması onun ən yaxşı hava limanları sıralamasında öndə olması demək deyil. Belə ki, Skytrax-ın 2019-2020-ci ildəki sıralamasına əsasən ən yaxşı 100 aeroport arasında Heydər Əliyev hava limanı 58-ci yerdə qərarlaşıb. 

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, açıqlama yarı doğrudur. 

Yarı doğru
  • 11 Fevral, 2021
  • 4098

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə