logo logo

Deyilənlərə yox, faktlara inanın

İnsan hüquqları

Çingiz Qənizadənin beynəlxalq təşkilatlara dair iddiası

Çingiz Qənizadənin beynəlxalq təşkilatlara dair iddiası

“Bu müddət ərzində işğalçı Ermənistan ordusu dinc soydaşlarımızı qətlə yetirdi, soyqırımı törətdilər, öz ölkələrində dinc əhalini gülləbaran etdilər. Bu faktların heç biri insan haqlarının pozuntusu kimi beynəlxalq təşkilatların hesabatlarında öz əksini tapmadı”.

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə “Xalq” qəzetinə verdiyi müsahibəsində belə deyib. 

"Fakt Yoxla" bu iddianın doğru olub-olmadığını yoxlayıb.

1988-1994-cü illərdə Dağlıq Qarabağ münaqişəsi zamanı Ermənistan ordusu tərəfindən dinc azərbaycanlılara qarşı müxtəlif qətliamlar törədilib. Bu qətliamlar və etnik təmizləmə yaşamaq və mülkiyyət hüququ kimi əsas insan haqlarının kobud pozuntusu ilə nəticələnib.

1992-ci ildə Xocalıda törədilənlər münaqişə müddətində miqyasına görə ən çox insan ölümünə səbəb olan qətliam hesab edilir. 

Azərbaycanın Xarici İşlər Nazirliyinin məlumatına görə, 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı moto-atıcı alayının köməyilə Xocalıda nəzarəti ələ keçirərək 613 dinc sakini qətlə yetirib, 1275 sakin əsir və girov götürülərək işgəncələrə məruz qalıb, onların 487 nəfəri müxtəlif bədən xəsarəti alıb, 150 nəfər itkin düşüb.

1993-cü ildə BMT Baş Assambleyası və Təhlükəsizlik Şurası Azərbaycan ərazilərinin işğaldan azad edilməsini tələb edən dörd qətnamə çıxardıb. 822853874884 saylı qətnamə qəbul etsə də, Xocalıda törədilən qətliami insan haqlarının pozuntusu kimi vurğulanmayıb.

Avropa İttifaqı Parlamenti 2010-cu ildə qəbul etdiyi qətnamədə Dağlıq Qarabağ münaqişəsi nəticəsində məcburi köçkün düşmüş yüzminlərlə insanın vəziyyətindən ciddi narahatlığını ifadə edərək erməni qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasına çağırıb. 

Avropa Şurası Parlament Assambleyası 2005-ci ildə qəbul etdiyi 1416 nömrəli qətnamədə Azərbaycan ərazilərinin erməni qüvvələri tərəfindən işğalı nəticəsində yüz minlərlə insanın məcburi köçkün düşməsindən, ərazilərin qorxunc etnik təmizləməyə məruz qalmasından narahatlığını ifadə edib. Müharibə dövründə mülki şəxslərin qətliamı qətnamədə vurğulanmır.

Lakin, Avropa İnsan Haqları Məhkəməsi 2010-cu ildə çıxardığı “Fətullayev Azərbaycana qarşı” işi üzrə qərarında 1992-ci ildə erməni döyüşçülərinin hücumu zamanı Xocalıda yüzlərlə mülki azərbaycanlının öldürüldüyünü, yaralandığını və əsir götürüldüyünü vurğulayıb.

“Human Rights Watch” beynəlxalq insan haqları təşkilatı 1992-ci ilin sentyabrında dərc etdiyi hesabatında Xocalı da daxil olmaqla Dağlıq Qarabağın kəndlərində azərbaycanlılara qarşı törədilmiş müharibə cinayətləri və qətliamların bir hissəsini sənədləşdirib. 

Hesabatın Xocalıya aid hissəsində 22-dək zərəçəkən və şahid ifadələri yer alıb. 

İlkin məlumatlara görə, Xocalıda 13-ü uşaq olmaqla 181 nəfər mülki sakin öldürüldüyü, 180 nəfərin isə itkin düşdüyü qeyd olunub. 

Xocalı hadisələrini araşdıran parlament komissiyasının rəhbəri Namiq Əliyev 1992-ci ilin aprelində təşkilata deyib ki, Ağdamda 213 Xocalı qurbanı dəfn edilib.  

Malıbəyli kəndinin işğalı zamanı isə bəziləri uşaqlar və qadınlar olmaqla 8 nəfərin öldürüldüyü qeyd olunur. 

“Human Rights Watch” təşkilatının həmin hesabatında həmçinin Erməni silahlı qüvvələrinin Quşçular, Kərkicahan, Cəmilli, Axullu kəndlərində  mülki əhalini hədəf aldığı da əksini tapıb.

“Fakt Yoxla”nın yuxarıda qeyd olunanlara əsasən  gəldiyi nəticəyə görə, Çingiz Qənizadənin beynəlxalq təşkilatlarla bağlı iddiası əsasən yanlışdır.

Əsasən yanlış
  • 16 May, 2022
  • 2350

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə