logo logo

Deyilənlərə yox, faktlara inanın

İnsan hüquqları

Deputat Bəxtiyar Hacıyevin həbsinin siyasi motivli olmadığını deyib

Deputat Bəxtiyar Hacıyevin həbsinin siyasi motivli olmadığını deyib

Deputat Bəhruz Məhərrəmov (bitərəf) “Toplum TV”yə deyib ki, ictimai fəal Bəxtiyar Hacıyevin həbsi siyasi motivli deyil. 

“Bəxtiyar Hacıyevin həbsində siyasi qərardan söhbət gedə bilməz”, – deyə o vurğulayıb. 

“Fakt Yoxla” bu iddianın doğru olub-olmadığını yoxlayıb.

Dekabrın 9-da Bakının Xətai rayon Məhkəməsinin hakimi Fuad Axundovun sədrliyilə keçirilən məhkəmə prosesində ictimai fəal Bəxtiyar Hacıyev barəsində 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib. 

Fəal Cinayət Məcəlləsinin (CM) 221.1 (xuliqanlıq) və 289.1-ci (məhkəmə baxışı iştirakçılarını təhqir etməklə məhkəməyə hörmətsizlik etmə) maddələrilə ittiham olunur.

Bəxtiyar Hacıyevə qarşı cinayət işi onunla jurnalist Ülviyyə Alovlu arasında baş verən qalmaqallı hadisədən sonra açılıb. 

Hacıyevin vəkillərindən Şəhla Hümbətova “Fakt Yoxla”ya açıqlamasında deyib ki, Ülviyyə Alovlu ilə Bəxtiyar Hacıyev arasında münaqişə “facebook” üzərindən başlayıb və inkişaf edib. Onlar sözügedən sosial şəbəkədə bir-birini qarşılıqlı şəkildə ittiham ediblər. 

Bəxtiyar Hacıyev uzun müddət əvvəl polisə şikayət edərək, Ülviyyə Alovlunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb edib. Bir müddət əvvəl isə sosial şəbəkələrdə Yasamal Rayon Məhkəməsində Hacıyevlə Alovlu arasında məhkəmə prosesi zamanı baş verənlərin videogörüntüsü yayılıb. 

Videodan görünür ki, Bəxtiyar Hacıyev əlindəki sənədləri masanın üstünə atır. 

İctimai fəalın vəkili bildirib ki, sosial şəbəkələrdə yayılmasa da, videonun ilk hissəsində Ülviyyə Alovlu Bəxtiyar Hacıyevin üzərinə su stəkanı atıb. Hacıyev əlindəki sənədləri bundan sonra masanın üstünə atıb. 

Bu məsələ ilə bağlı Bakı şəhər Baş Polis İdarəsində araşdırma gedirdi. Hacıyev dəfələrlə polisin məsələni obyektiv araşdırmamasından şikayətlənib, hətta buna görə Daxili İşlər Nazirliyinin qarşısında etiraz aksiyası da keçirməyə cəhd göstərib. Nazirlik isə fəalın iddialarının əsassız olduğunu bildirib.

Lakin bir müddət əvvəl bu məsələ üzərindən Bəxtiyar Hacıyevin özünə qarşı cinayət işi açılıb. Belə ki, o, xuliqanlıqda, məhkəmədən sonra dəhlizdə Ülviyyə Alovlunu vurmaqda və məhkəməyə hörmətsizliklə ittiham olunub. 

Bu, Bəxtiyar Hacıyevin həbsilə bağlı baş verənlərin qısa xülasəsi idi. Gələk deputatın ictimai fəal haqqında iddiasına. Qanunvericiliyə nəzər salanda məlum olur ki, məhkəmə Bəxtiyar Hacıyev barəsində həbs qətimkan tədbiri seçməyə də bilərmiş.    

Çünki onun ittiham olunduğu əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər sırasındadır. CM-nin 15.1-ci maddəsinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əməllər (hərəkət və ya hərəkətsizliklər) xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə bölünür.

Qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. 

Hacıyevin təqsirləndirildiyi CM-nin 221.1 və 289.1-ci maddələrinin sanksiyaları müvafiq olaraq min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə və beş yüz manatdan min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya altı ayadək müddətə azadlıqdan məhrum etmədir.

Cinayət prosessual qanunvericilik böyük ictimai təhlükə törətməyən maddələrlə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsini qadağan edir. Yalnız Cinayət-Prosessual Məcəlləsinin 155.3.2-cü maddəsinə görə, cinayət prosesini həyata keçirən orqandan gizlənməsinin qarşısını almaq məqsədilə, 2 (iki) ilədək müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilə bilən cinayətin törədilməsində ittiham olunan şəxs həbs oluna bilər. 

Bəxtiyar Hacıyevin cinayət prosesini həyata keçirən orqandan gizlənmə ehtimalı sıfıra bərabər olduğundan qanunvericiliyin bu istisna halı ona münasibətdə tətbiq edilə bilməz. Sonuncu dəfə o dekabrın 7-də Çexiyanın paytaxtı Praqaya səfər edib və geri qayıdıb.

Bundan başqa, Ali Məhkəmənin Plenumunun “Həbs və ev dustaqlığı qətimkan tədbirlərinə dair müraciətlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 3 noyabr 2009-ci il tarixli, 2 saylı qərarında deyilir ki, məhkəmələr həbs qətimkan tədbiri seçərkən yalnız CPM-nin 155-ci maddəsində göstərilən prosessual əsasları formal sadalamaqla kifayətlənməməli, hər bir əsasın konkret təqsirləndirilən şəxsə münasibətdə mövcudluğunun nədən ibarət olduğunu və cinayət işinin materialları ilə onların təsdiq edilib-edilməmədiyini yoxlamalıdırlar.     

Prezidentin 10 fevral 2017-ci il tarixli “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” sərəncamının 8-ci bəndində ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunması, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirililməsi öz əksini tapıb. 

Göründüyü kimi, B.Hacıyevin məhkəməyə qədərki icraatda həbs edilməsi həm cinayət prosessual qanunvericiliyin, həm Ali Məhkəmənin Plenum qərarının, həm də Prezidentin imzaladığı sərəncamın tələblərini pozmaqla həyata keçirilib. 

Beləliklə, cinayət prosessual qanunvericilik böyük ictimai təhlükə törətməyən maddələr üzrə təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsini bir qayda olaraq qadağan edir. 

Yalnız şəxsin cinayət prosesini həyata keçirən orqandan gizlənmə ehtimalının olduğu və bunu təsdiq edən mötəbər sübutların mövcudluğu şəraitində şəxs barəsində həbs qətimkan tədbiri seçilə bilər. Amma Hacıyevin məhkəmənin qərarından qısa vaxt əvvəl Avropaya səfər edib geri qayıtması onun istintaqdan yayınması ehtimalını azaldır. Buna baxmayaraq, Bəxtiyar Hacıyev barəsində məhkəmə qərarıyla həbs qətimkan tədbiri seçilib. 

“Fakt Yoxla”nın yuxarıda qeyd olunanlara əsasən gəldiyi nəticəyə görə, deputatın iddiası yanlışdır.

Yanlış
  • 27 Dekabr, 2022
  • 5366

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə