Prezident İlham Əliyevin fərmanına əsasən, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu ləğv edilərək, Medianın İnkişafı Agentliyi publik hüquqi şəxsi yaradılıb.
Yeni qurumun yaradılmasına münasibət bildirən deputat, rəsmi dövlət qəzeti olan “Azərbaycan”ın baş redaktoru Bəxtiyar Sadıqov ölkədə söz və mətbuat azadlığı sahəsində problem olmadığını deyib.
“İstədiyimiz fikri deyirik, istədiyimiz mövzuda yazırıq, istədiyimiz kimi məsələyə yanaşırıq. Həm redaksiya daxilində, həm də hər bir jurnalistin fərdi yaradıcılığında dövlətin təyin etdiyi senzura yoxdur. Qanun bu məsələləri həll edir”, – deyə o bildirib.
“Fakt Yoxla” Bəxtiyar Sadıqovun sözlərinin doğru olub-olmadığını yoxlayıb.
Hazırda Azərbaycanda 3 jurnalist həbsdədir: “Azadlıq” qəzetinin əməkdaşı Elçin İsmayıllı, dini mövzularda yazan jurnalist Araz Quliyev və xeberman.com saytının rəhbəri Polad Aslanov.
Onlara qarşı irəli sürülmüş ittihamlar peşə faəliyyətləri ilə bağlı olmasa da, vəkilləri jurnalistlərin peşə fəaliyyətlərinə görə həbs edildiklərini açıqlayırlar.
Cinayət Məcəlləsinin 274-cü maddəsi – dövlətə xəyanətdə suçlanan Polad Aslanov Dövlət Təhlükəsizlik Xidmətini tənqid edən yazılarına görə həbsdə olduğunu bildirir. Ona 16 il azadlıqdan məhrumetmə cəzası verilib.
Ölkədə öldürülən, cinayət işinin üstü hələ də tam açılmayan jurnalistlər də var. Belə ki, “Monitor” jurnalının təsisçisi və baş redaktoru Elmar Hüseynov 2005-ci il martın 2-də yaşadığı binanın girişində güllələnərək qətlə yetirilib.
Qətlin sifarişçisi müəyyən edilməyib, icraçılarının adları bəlli olsa da və onlar beynəlxalq axtarışa verilsələr də, bugünədək tutulub, cinayət məsuliyyətinə cəlb edilməyiblər.
Yazıçı-publisist Rafiq Tağı 2011-ci ilin noyabrında naməlum şəxslər tərəfindən bıçaqlanıb və qısa müddətdən sonra müalicə olunduğu xəstəxanada vəfat edib.
Rafiq Tağı həm İran rejimi, həm də Azərbaycan hakimiyyətinin əleyhinə tənqidi yazılarla tanınırdı.
Jurnalist Rasim Əliyev “Qəbələ” futbol klubunun hücumçusu Cavid Hüseynovun xarici jurnalistlə davranışı haqqında sosial mediada yazdığı tənqidi statusdan sonra özünü futolçunun qohumları kimi təqdim edən bir qrup şəxs tərəfindən döyülüb. Rasim Əliyev bir gün sonra xəstəxanada vəfat edib.
Sərhədsiz Reportyorlar Təşkilatının 2020-ci il üzrə Dünya Mətbuat Azadlığı indeksində Azərbaycan 180 ölkə arasında 168-ci yerdə qərarlaşıb.
Bundan əlavə, Konstitusiyada dövlət senzurasının qadağan edildiyi, kütləvi informasiyanın azadlığına təminat verildiyi vurğulansa da, son illər ifadə və mətbuat azadlığı sahəsində qanunvericiliyə çox sayda məhdudlaşdırıcı dəyişikliklər edilib.
“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna III fəslin əlavə olunması və “Telekommunikasiya haqqında” Qanuna dəyişikliklər dövlət qurumuna rəsmi qaydada, bəzən də məhkəmə qərarı olmadan belə elektron resurslara ölkə daxilində girişi bloklamaq hüququ verib.
Məhkəmə qərarı ilə Azadlıq Radiosu, “Azadlıq” qəzeti, “Meydan” TV, “Azərbaycan saatı” və Turan TV-nin saytlarına giriş məhdudlaşdırılıb.
2014-cu ildə Azadlıq Radiosuna qarşı açılan cinayət işi hələ də davam edir.
2016-cı ildə Meydan TV-ə qarşı açılan cinayət işi isə artıq bağlanıb. Amma sayta qoyulan bloklanma hələ də götürülməyib.
2013-cü ildən bəri 10-dan çox jurnalistin ölkədən çıxışına qadağa qoyulub. 2019-cu ildən bəzi jurnalistlərə qoyulan qadağa götürülsə də, bəzilərinki davam edir.
Avropa Məhkəməsi qoyulan qadağalarla bağlı bir neçə jurnalistin şikayətini təmin edib. AİHM ərizəçilərin Avropa İnsan Haqları Konvensiyasının 13 (səmərəli hüquqi müdafiə), habelə bu sənədin 4 saylı Protokolunun 2-ci (hərəkət etmə azadlığı) maddələri ilə zəmanət verilmiş hüquqlarının pozulduğunu hesab edib.
Müxalifyönlü “Azadlıq” qəzetinin 2016-cı ildən çapı dayandırılıb. Həmçinin ölkədəki siyasi vəziyyətlə bağlı tənqidi media ölkədən kənarda fəaliyyət göstərir.
2014-cu ildə Azadlıq Radiosunun Bakı bürosunun ofisi bağlanıb, Meydan TV isə müstəqil mediaya edilən təzyiqlərə görə Bakı ofisini bağlamaq məcburiyyətində olduğunu bildirib.
2019-cu ildə Baş Prokurorluq Gəncənin icra başçısı Elmar Vəliyevə sui-qəsd və Mingəçevirdə elektrik enerjisinin kəsilməsi nəticəsində bütün ölkənin işıqsız qalması ilə bağlı internetdə yayılan “yalan məlumatlar” və “qanunsuz çağırışlar”a dair cinayət işi qaldıraraq “bastainfo.com”, “criminalaz.com”, “topxeber.az” və “fia.az” saytlarının bağlanması barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edib.
“bastainfo.com” saytının rəhbəri Mustafa Hacıbəyli, “criminalaz.com” saytının baş redaktoru Anar Məmmədov və “teref.info” saytının redaktoru Nurəddin Xoca (İsmayılov) 2 il sınaq müddəti olmaqla 5 il 6 aylıq şərti cəzaya məhkum edilib.
Hər üç redaktor rəhbərlik etdikləri saytlarda “hakimiyyətin zorla ələ keçirilməsinə və konstitusiya quruluşunun zorla dəyişdirilməsinə açıq çağırışlar etmə”də ittiham olunub, vəkilləri isə bu ittihamları əsassız sayıblar.
“Fakt Yoxla” daha öncəki araşdırmasında bu barədə vəziyyəti ətraflı təsvir edib.
Həmçinin, 2017-ci ildə qəbul olunan “Hərbi vəziyyət haqqında” Qanunla KİV üzərində dövlət senzurası qanunvericilik səviyyəsində təsbit olunub.
Ölkədə Nazirlər Kabinetinin 19 iyun tarixli qərarı ilə tətbiq olunan pandemiya vəziyyəti və sentyabrın 28-dən tətbiq olunan hərbi vəziyyətlə bağlı jurnalistlərin fəaliyyəti məhdudlaşdırılıb.
Sadalananlar jurnalistlərin peşəkar fəaliyyətlərinə görə təqibə məruz qaldığını, medianın fəaliyyətinin məhdudlaşdırıldığını və qanunvericilik səviyyəsində mətbuata senzura tətbiq edildiyini göstərir.
Beləliklə, “Fakt Yoxla”nın gəldiyi qənaətə görə, Bəxtiyar Sadıqovun iddiası yanlışdır.