logo logo

Deyilənlərə yox, faktlara inanın

İnsan hüquqları

Aqşin Kərimov: Azərbaycanda jurnalistlərin hüquq və azadlıqları qanunla qorunur

Aqşin Kərimov: Azərbaycanda jurnalistlərin hüquq və azadlıqları qanunla qorunur

Aqşin Kərimov Dünya Mətbuat Azadlığı Günü “oxu.az” saytında dərc olunan məqaləsində iddia edib ki, Azərbaycanda jurnalistlərin hüquq və azadlıqları qanunla qorunur. 

Müəllif bu hüquqların qorunması üçün ayrıca qanunların mövcud olduğunu vurğulayıb.

“Fakt Yoxla” bu iddia əsasında Azərbaycan qanunvericiliyində jurnalistlərin hüquq və azadlıqlarını məhdudlaşdıran normaların olub-olmadığını araşdırıb.

Konstitusiyanın 50-ci maddəsinə görə, hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı var. 

Kütləvi informasiya vasitələrində, o cümlədən mətbuatda dövlət senzurası qadağandır. 

Amma son illərdə sahəvi qanunvericiliyə jurnalistlərin hüquq və azadlıqlarını məhdudlaşdıran xeyli dəyişikliklər olunub.

1999-cu ildə qəbul olunan “Kütləvi informasiya vasitələri haqqında” (KİV haqqında) Qanuna son illərədək ümumilikdə 29 dəfə əlavə və dəyişiklik edilib. Bu dəyişikliklərin əksəriyyəti məhdudlaşdırıcı xarakterli olub. Məsələn, 2014-cü ilin dekabrında edilmiş əlavəyə görə, Ədliyyə Nazirliyi məhkəmənin qərarı ilə qərəzli yazılara görə il ərzində iki dəfə məsuliyyətə cəlb edilən KİV-in istehsalına və yayımına xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldıra bilir.

Nardaranda baş verən hadisələrdən təxminən 1 il sonra “KİV haqqında” Qanuna dini ekstremizmlə mübarizə zamanı jurnalistlərin fəaliyyətinə senzura tətbiq olunması barədə dəyişiklik edilib. 

Qanunun 7-ci maddəsində qeyd olunur ki, dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması zonasında kütləvi informasiya vasitələri işçilərinin fəaliyyəti əməliyyat aparan orqan tərəfindən müəyyən edilir. Dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat barədə ictimaiyyətə məlumatlar əməliyyat aparan orqanın müəyyən etdiyi formada və həcmdə verilir.

Həmin maddəyə 2018-ci ilin mayında olunan daha bir əlavə ilə fövqəladə və hərbi vəziyyət zamanı KİV-in senzura edilməsi üçün hüquqi əsas yaradılıb. Bu Qanunun 11-ci maddəsinə isə məhkəmə-istintaq işi ilə bağlı KİV-in fəaliyyətini məhdudlaşdıran normalar əlavə olunub.

2017-ci ildə “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna III fəslin əlavə olunması və “Telekommunikasiya haqqında” Qanuna dəyişikliklər dövlət qurumuna rəsmi qaydada, bəzən də məhkəmə qərarı olmadan belə elektron resurslara ölkə daxilində girişi bloklamaq hüququ verib.

İnformasiya əldə etmək haqqında” Qanun 2005-ci ildən bəri 27 dəyişikliyə məruz qalıb.

Sonuncu dəfə bu Qanunun 30.1-ci maddəsinə dəyişiklik olunub. Buna qədər Qanun maliyyə məlumatları ilə bağlı informasiyaları öz saytlarına yerləşdirməklə bağlı qurumların üzərinə vəzifə qoyurdu. Amma dəyişiklikdən sonra informasiya sahiblərinin illik maliyyə fəaliyyəti, dövlət büdcəsindən verilən vəsaitdən istifadəyə aid olan məlumatlar birbaşa sayt üzərindən deyil, Nazirlər Kabinetinin müəyyənləşdirdiyi qaydalar əsasında açıqlanır. Qanunda deyilir ki, məlumatların qapalı tutulması inzibati məsuliyyət doğurur. 

İnzibati Xətalar Məcəlləsində buna görə, cərimə cəzası nəzərdə tutulur. Məcəllənin qüvvəyə minməsindən beş ilə yaxın vaxt keçsə də, bu müddəaların icra mexanizmi müəyyənləşdirilməyib. Vəzifəli şəxs jurnalistə məlumat vermədikdə inzibati xətalar üzrə protokol tərtib etmək səlahiyyətinin kimə verildiyi məlum deyil.

Senzuranın internet resurslarında tətbiqini təmin edən başqa bir dəyişiklik Cinayət Məcəlləsində (CM) böhtan və təhqir (147, 148) maddələri ilə bağlıdır. Bu maddələr Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərlə ziddiyyət təşkil edir. Beynəlxalq təşkilatların iradlarına baxmayaraq, bu maddələr nəinki CM-dən çıxarılıb, əksinə, daha da sərtləşdirilib.

Belə ki, 2016-cı ilin noybarında CM-ə əlavə edilən 148-1-ci maddəyə əsasən, internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir etmə 1000 manatdan 2000 manatadək cərimə və ya 360 saatdan 480 saatadək müddətə ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər.

2016-cı ilin avqustunda Nazirlər Kabinetinin “Jurnalistlərin cəbhəboyu zonaya xidməti ezamiyyətinin Müdafiə Nazirliyi ilə razılaşdırılması Qaydası” adlı 279 nömrəli qərarı qüvvəyə minib. Bu qərara görə, ezamiyyət qaydalarını pozan KİV nümayəndələrinin xidməti ezamiyyətləri dayandırılır və akkreditasiyası ləğv edilir. Halbuki Konstitusiyanın 71-ci maddəsində qeyd olunur ki, hərbi vəziyyət elan edilmədən KİV-lərə məhdudiyyət qoyul bilməz.

Konstitusiyanın 148-ci maddəsinə görə, parlamentdə qəbul olunan qanunlar qanunvericilik sisteminə daxil olan normativ aktlar sırasında üçüncü, Nazirlər Kabinetinin qərarları isə beçinci yerdə gəlir. Lakin jurnalistlərin cəbhə xəttinə ezam olunması zamanı qanunlar yox, NK-nin bu qərar əsas götrülür.

2017-ci ilin fevralında “Hərbi vəziyyət haqqında” Qanun qəbul olunarkən senzuranın rəsmi ləğvindən sonra senzuranın tətbiqinə dair müddəalar yenidən qanunvericiliyə qaytarılıb. 

2018-ci ildə isə “KİV haqqında” Qanunun 7-ci maddəsinə edilmiş başqa bir dəyişiklikdə hərbi vəziyyət elan olunduğu zaman mediaya senzura tətbiq olunması qərara alınıb.

Yuxarıda sadalanan hallardan məlum olur ki, Azərbaycan qanunvericiliyi jurnalistlərin hüquq və azadlıqları baxımından qoruyucu yox, məhdudlaşdırıcı xarakterlidir. 

Konstitusiyanın 71-ci maddəsində qeyd olunur ki, “müharibə, hərbi vəziyyət və fövqəladə vəziyyət, habelə səfərbərlik elan edilərkən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərini nəzərə almaq şərti ilə qismən və müvəqqəti məhdudlaşdırıla bilər”. 

Beləliklə, mətbuat azadlığına gətirilən məhdudiyyətlər bir çox hallarda Azərbaycanın beynəlxalq öhdəliklərinə ziddir, üstəlik tam və daimi xarakter daşıyır. Bu isə məhdudlaşdırıcı normaların legitim məqsədə xidmət etmədiyini göstərir.

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, jurnalist Aqşin Kərimovun iddiası yanlışdır.

Yanlış
  • 20 May, 2021
  • 3194

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə