logo logo

Deyilənlərə yox, faktlara inanın

İqtisadiyyat

Vüqar Bayramov: “Fransanın Ermənistana ixracatı 2019-cu ildə cəmi 60 milyon dollar olub”

Vüqar Bayramov: “Fransanın Ermənistana ixracatı 2019-cu ildə cəmi 60 milyon dollar olub”

Milli Məclisin deputatı Vuqar Bayramov noyabrın 26-da APA-ya açıqlamasında deyib ki, Fransa iqtisadi tərəfdaşı olan Azərbaycana qərəzli münasibət göstərir. Deputat Fransa Senatında “Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair” 145 nömrəli qətnamə layihəsinin qəbul olunmasına münasibət bildirərkən belə deyib. 

O vurğulayıb ki, Fransa Ermənistanın inkişafında maraqlı olubsa, bu ölkəyə sərmayə qoymalı, iqtisadi əlaqələri möhkəmləndirməli idi.   

“Fransanın Ermənistana ixracatı 2019-cu ildə cəmi 60 milyon dollar olub. Sərmayə qoyuluşlarına gəldikdə isə BMT-nin məlumatına görə, ötən il Ermənistana xarici sərmayə qoyuluşu cəmi 254 milyon dollar olub və bu da əsasən 4 ölkənin (Rusiya, Yunanıstan, Kipr və Almaniya) payına düşüb”, – deyə Bayramov vurğulayıb. 

“Fakt Yoxla” deputatın Fransadan Ermənistana ixrac olunan mallar və investisiyalar haqqında iddiasının doğru olub-olmadığını yoxlayıb.

Ermənistan Statistika Komitəsi xarici ticarətə dair məlumatı ölkələr üzrə iki formada - müvafiq əmtəənin gətirildiyi ölkə və mənşəyinə görə paylaşır. 2019-cu ildə Fransadan Ermənistana birbaşa 65 mln. dollarlıq mal gətirilib. 

Fransada istehsal olunan və Ermənistana çatan malların dəyəri isə 84 mln. dollar təşkil edib.

Ermənistanın Dövlət Statistika Komitəsi

 Fransadan Ermənistana ixracat (min ABŞ dolları)

İl

2016

2017

2018

2019

Göndərilən ölkə üzrə

59 383,2

95 473,0

86 249,9

65 083,8

Pay %-lə

1,8

2,3

1,7

1,2

Əmtəənin mənşəyinə görə

52 968,1

77 650,9

110 153,4

84 126,2

Pay %-lə

1,6

1,9

2,2

1,5

Hər iki təsnifat üzrə Fransadan Ermənistana ixrac olunan məhsulların dəyəri 2018-ci illə müqayisədə azalıb. 2019-cu ildə Fransa Ermənistanın idxalında 1,2-1,5% paya malik olub. 

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2019-cu ildə Fransa Azərbaycana 250,7 mln. dollar dəyərində mal ixrac edib. Bu, Azərbaycanın idxalının 1,8%-ni təşkil edib.

Azərbaycanın Dövlət Statistika Komitəsi

Fransadan Azərbaycana ixracat, min ABŞ dolları

İl

2016

2017

2018

2019

İdxal

150198,8

154722,0

183050,1

250 727,3

Payı, % ilə

1,8

1,8

1,6

1,8

BMT-nin Ticarət Statistikasına (COMTRADE) görə,  2019-cu ildə Fransadan Azərbaycana 160,5 mln dollar, Ermənistana isə 60,3 mln. dollar mal ixrac olunub. Son dörd ildə Azərbaycanın Fransadan idxal etdiyi malın dəyəri,  Ermənistanla müqayisədə  1,6-3,6 dəfə çox olub.

BMT-nin Ticarət Statistikası

Fransanın Azərbaycan və Ermənistana ixrac, min ABŞ dolları

İl

2016

2017

2018

2019

Ermənistan

39 379

46 930

81 608

60 289

Azərbaycan

141 878

115 025

134 359

160 478

Azərbaycan və Ermənistan üzrə göstəriciləri nominal əsasla müqayisə etmək doğru olmazdı. Hər iki ölkədə həm əhalinin sayı, həm də iqtisadiyyatın həcmi müxtəlifdir. Fransa Azərbaycana idxal olunan məhsullar arasında 1,6-1,8%  paya malik olub. Ermənistanda müvafiq göstərici isə 1,2-2,3% arasında dəyişib.

BMT-nin Ticarət və İnkişaf Konfransının(UNCTAD)məlumatına görə, 2019-cu ildə Ermənistana 254,5 mln. dollar investisiya yatırılıb. Ermənistan Statistika Komitəsinin 2017-2019-cu illər üzrə “Xarici iqtisadi fəaliyyət” adlı məcmuəsinə görə, investisiya münasibətlərində mənfi saldo müşahidə olunub. Yəni, Ermənistandan Fransaya daha çox vəsait yatırılıb, nəinki əksinə. Azərbaycanada 2019-cu il üzrə müvafiq göstərici 1503,9 mln. dollar təşkil edib. 

Avrasiya İnkişaf Bankının “Ermənistanın inteqrasiya inkişafının əsas tendensiyaları” adlı məruzəsinə görə, 2019-cu ildə  Ermənistana ən çox investisya yatıran ölkələrin beşliyində Fransanın adı yer alamyıb.

BMT-nin Ticarət və İnkişaf Konfransı

2019-cu ildə Ermənistana ən çox investisya qoyan ölkələr mln. ABŞ dolları

Rusiya

33,2 

İtaliya

27,1

Argentina

18,8 

Almaniya

18,6

Kipr

6

Dövlət Statistika Komitəsinin məlumatına görə, Fransa Azərbaycan iqtisadiyyatına 2019-cu ildə 85,4 mln. dollar yatırıb. Bu göstəriciyə görə, Fransa Azərbaycana investisiya qoyan ölkələr arasında 11-ci yeri tutub. 

Beləliklə, BMT-nin Ticarət Statistikasının məlumatına görə, 2019-cu ildə Fransadan Ermənistana ixrac olunan malların dəyəri 60 mln. dollar olub.  Ermənistanın Statistika Komitəsinin məlumatında isə bu göstəricinin 65 mln. dollar olduğu qeyd edilib. Müxtəlif mənbələrə əsaslanan bu iki rəqəm arasında kənarlaşma (7,7% fərq) BMT-nin metodologiyası baxımından 15%-dək qəbul ediləndir. 

Avrasiya İnkişaf Bankının məlumatına görə, 2019-cu ildə Ermənistana ən çox investisiya yatıran ölkələr Rusiya, İtaliya, Argentina, Almaniya və Kipr olub.  Ötən il Ermənistana investisiya yatıran ölkələrin ilk beşliyində Fransanın adına rast gəlinmir. 

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə Vüqar Bayramovun iddiası doğrudur.

Doğru
  • 21 Dekabr, 2020
  • 2251

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə