logo logo

Deyilənlərə yox, faktlara inanın

İqtisadiyyat

Bankların gəlirlərinin 50 faizi prezidentin ailəsinə məxsus bankların payına düşüb

Bankların gəlirlərinin 50 faizi prezidentin ailəsinə məxsus bankların payına düşüb

Mərkəzi Bank Azərbaycanın bank sektorunun 2022-ci ilə dair statistik göstəricilərini açıqlayıb. “Fakt Yoxla” həmin göstəriciləri analiz edib.

Rəsmi məlumata görə, 2022-ci ildə ölkədə fəaliyyət göstərən 25 bank toplam 915 milyon manat mənfəət əldə edib. 

2021-ci illə müqayisədə ötən il bank sektoru öz mənfəətini 306 milyon manat ( təxminən 50 faiz) artırıb. Pandemiyadan əvvəlki dövrə - 2019-cu ilə nəzərən bank sektorunun mənfəətindəki artım 70 faizə bərabərdir.  

Azərbaycanda bank sektorunun gəlirləri

Ötən il ərzində mənfəətin təmərküzləşmə səviyyəsi də yüksək olaraq qalıb. Bankların maliyyə hesabatlarında açıqladıqları göstəricilərdən aydın olur ki, bank sektorunun xalis mənfəətinin 85 faizi ən çox mənfəət əldə edən beş bank arasında bölünüb. Mənfəətin həcminə görə ilk üç yeri tutan bankın ümumi mənfəətdə payı 78 faiz təşkil edib.

2022-ci ildə ən çox mənfəət qazanan banklar

2022-ci ildə ölkədə ən çox mənfəət əldə edən bank “Paşa Holdinq”ə daxil olan Kapital Bankdır. Bankın il ərzində qazandığı mənfəətin məbləğiı 308 milyon manatdır. Bu o deməkdir ki, 25 bankın fəaliyyət göstərdiyi bank sektorunda toplam mənfəətinin üçdə biri sadəcə bir banka məxsus olub.

“Paşa Holdinq” bank bazarında təkcə Kapital Bankla təmsil olunmur. Mənfəətin həcminə görə üçüncü yerdə qərarlaşan Paşa Bankın da əsas səhmdarı bu holdinqdir. Bankın toplam mənfəəti 149 milyon 400 min manatdır. 

Deməli, 2022-ci ildə “Paşa Holdinq”in təkcə bank sektorundan əldə etdiyi mənfəətin miqdarı 457 milyon manat təşkil edib. Bu isə o deməkdir ki, ötən il ölkənin bank sektorunun toplam mənfəətinin yarısı bir holdinqin payına düşüb.

2022-ci ildə dövlətə məxsus bankların da mənfəəti kifayət qədər çox olub. Ötən il ən çox mənfəət əldə edən ikinci bank Beynəlxalq Bankdır. Bankın mənfəəti 254 milyon manatı ötüb. 

Dövlətə məxsus olan digər bank – Azər Türk Bank da 2022-ci ilin yekununda 11 milyon manat mənfəət əldə edib. Beləcə, ötən il dövlət banklarının toplam mənfəəti 265 milyon manat təşkil edib. Bu, sektorun toplam qazancının 29 faizi deməkdir. 

Azər Türk Bank ötən il ölkədə ən çox mənfəət əldə edən 8-ci bank olub. Beləliklə, 2022-ci ildə Azərbaycanda bankların mənfəətinin 79 faizi “Paşa Holdinq”ə və dövlətə məxsus banklara, yerdə qalan 21 faizi isə, digər 21 banka çatıb.

Mənfəət həcminə görə ilk beş yeri tutan banklardan üçünün (Kapitak Bank, Paşa Bank və Xalq Bank) səhmdarları arasında Prezident İlham Əliyevin ailə üzvləri təmsil olunur. İlk beşlikdəki digər iki bankdan Beynəlxalq Bank dövlətə məxsusdur. Bank of Bakunun ən böyük səhmdarı isə “NAB Holdinq”dir.

Yuxarıda qeyd etdiyimiz kimi, 2022-ci ildə bank sektorunun ümumi mənfəəti 306 milyon manat artıb. Bu vəsaitin 247 milyon manatı (81%) məhz ilk beşlikdəki bankların mənfəət artımlarının payına düşüb.Bank sektorunda təmərküzləşmə sadəcə mənfəətin həcminə görə deyil, aktivlərin həcmində də müşahidə edilib. 

Aktivlərin həcminə görə ilk beş bank

Cədvəldən göründüyü kimi, 25 bankın cəmi aktivlərinin 74 faizi aktivlərin həcminə görə ilk beş yeri tutan banka məxsusdur. Aktivlərin həcminə görə ilk üç yeri tutan bankların payı isə 65 faizdir.

Banklarda saxlanılan vəsaitlərə - depozit portfelinə görə də, bank sektorunda təmərküzləşmə yüksək səviyyədədir. Rəsmi göstəricilərə görə, banklardakı depozitlərin 79 faizi depozit portfelinin həcminə görə ilk beş yeri tutan banklara məxsusdur. İlk üçlükdəki bankların toplam depozit portfelində payı 70 faizə bərabərdir.

Depozit portfelinin həcminə görə ilk beş bank

2022-ci ildə bankların toplam depozit portfelində artım qeydə alınıb. 2021-ci ilin sonunda fiziki şəxslərin banklarda saxladıqları depozitlərin həcmi 9 milyard 32 milyon manata bərabər idisə, 2022-ci ilin sonunda bu rəqəm 11 milyard 483 milyon manata yüksəlib. Yəni, il ərzində əhalinin banklarda olan vəsaitlərinin həcmi 2 milyard 450 milyon manat artıb. 

Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi isə 41.7 faizdən, 39.8 faizə enib. Hüquqi şəxslərin banklarda saxladığı vəsaitlərin həcmi, fiziki şəxslərin depozitlərinə nəzərən daha yüksək artım göstərib. İl ərzində hüquqi şəxslərin banklardakı vəsaitlərinin həcmi 17 milyard 906 milyon manatdan, 22 milyard 280 milyon manata yüksəlib. Bu, il ərzində 4 milyard 374 milyon manat və ya 24.4 faiz artım deməkdir.

Dollarlaşma baxımından da, hüquqi şəxslərin göstəricisi fiziki şəxsləri qabaqlayıb. Hətta son bir ildə onların banklarda saxladığı vəsaitlərin dollarlaşma səviyyəsi cüzi artıb. Hazırda hüquqi şəxslərin vəsaitlərinin təxminən 51 faizi xarici valyutada saxlanılır.

Bank sektorunun deposit portfelində diqqət çəkən qeyri-rezidentlərin Azərbaycan banklarında saxladıqları vəsaitlərin həcmindəki artımla bağlıdır. Artım dinamikasından məlum olur ki, 2022-ci ilin fevralından – Rusiya-Ukrayna müharibəsinin başlamasından etibarən ölkə banklarında qeyri-rezidentlərə məxsus vəsaitin həcmində artım müşahidə edilib. Əgər 2022-ci ilin yanvar ayının sonunda Azərbaycan banklarında qeyri-rezidentlərə məxsus 294 milyon manat vəsait var idisə, artıq ilin sonunda bu göstərici 1 milyard 174 milyon manata yüksəlib. Bu o deməkdir ki, il ərzində xarici ölkə vətəndaşlarının Azərbaycan banklarında saxladıqları vəsaitlərin həcmi 880 milyon manat artıb.

2022-ci ildə bankların kredit portfeli təxminən 3 milyard manat böyüyüb. Əgər 2021-ci ilin sonunda bankların kreditləri 16 milyard 659 milyon manata bərabər idisə, 2022-ci ilin sonunda həmin rəqəm 19 milyard 594 milyon manat olub. Yəni, il ərzində ölkədə kredit portfeli 17.6 faiz artım göstərib.

Rəsmi statistikadan çıxan nəticəyə görə, istehlak kreditləri biznes kreditlərinə nəzərən daha çox artıb. 2022-ci ilin sonuna kredit portfelinin 55.4 faizi biznes kreditlərinin payına düşüb. Lakin 2021-ci ilin sonunda bu rəqəm 58.5 faizə bərabər olub. 2022-ci il ərzində ölkə üzrə biznes krediti portfeli 1 milyard 115 milyon manat və ya 11.4 faiz böyüyüb. 

Eyni müddət ərzində ölkədə istehlak kreditlərinin həcmi 5 milyard 574 milyon manata çatıb. Bu o deməkdir ki, əhalinin banklara olan borcu 1 milyard 236 milyon manat və ya 27 faiz artıb. Buna görə də, istehlak kreditlərinin toplam kredit portfelində payı 27.1 faizdən 29.4 faizə yüksəlib.

Bank sektoru ilə bağlı diqqət çəkən daha bir göstərici nağdsız ödənişlərin həcmindəki artımla bağlıdır. 2022-ci ildə ölkədaxili pos-terminal şəbəkəsində baş tutan əməliyyatların həcmi 5.8 milyard manat təşkil edib. 2021-ci ildə bu rəqəm 3.9 milyard manat idi. 

Ötən il elektron ticarət vasitəsi ilə baş tutan əməliyyatların həcmi isə, 18.3 milyard manat olub. 2021-ci ildə həmin göstərici 7.2 milyard manata bərabər idi.

 

Analiz
  • 13 Fevral, 2023
  • 2574

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə