logo logo

Deyilənlərə yox, faktlara inanın

Siyasət

Bəhruz Məhərrəmov: “Heydər Əliyevin Sovet Azərbaycanı Azərbaycan Xalq Cumhuriyyətindən heç də az müstəqil deyildi.”

Bəhruz Məhərrəmov: “Heydər Əliyevin Sovet Azərbaycanı Azərbaycan Xalq Cumhuriyyətindən heç də az müstəqil deyildi.”

Xəbərin qısa icmalı

- Deputat Bəhruz Məmmədov deyib ki, Heydər Əliyevin Sovet Azərbaycanı Azərbaycan Xalq Cumhuriyyətindən heç də az müstəqil deyildi, 1991-93-cü ilin Azərbaycanından çox daha müstəqil idi.

- Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi kimi fəaliyyət göstərdiyi 1969-1982-ci illər ərzində 1978-ci ilə qədər Azərbaycan SSR-də qüvvədə olan 1937-ci il Konstitusiyanın (səh.41) 13-cü maddəsində göstərilmişdi ki, Azərbaycan SSR digər Respublikalar ilə birlikdə Sovet Sosialist Respublikaları İttifaqında birləşib. O səbəbdən, Azərbaycan SSR, SSRİ Konstitusiyasının 14-cü maddəsi ilə müəyən edilmiş hüququ SSRİ-yə verir. 14-cü maddə xaricində, Azərbaycan SSR, öz suveren hüququnu tamamilə mühafizə edərək, dövlət hakimiyətini müstəqil surətdə həyata keçirir. 14-cü maddədə ittifaq dövlətlərin hökümətlərinin səlahiyyətlərinin məhdudlaşdırıldığı sahələr qeyd edilib. 15-ci maddədə də bildirilib ki, üzv dövlətlərin suverenliyi yalnız SSRİ Konstitusiyasının 14-cü maddəsində göstərilən hədlər daxilində məhdudlaşdırılır.

- 1977-ci il SSRİ Konstitusiyasının 73-cü maddəsi də əvvəlki SSRİ konstitusiyasının nəzərdə tutduğu məhdudiyyətləri tətbiq etmişdi. 

- Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycanın SSR müstəqilliyin bütün xüsusiyyətlərini daşımırdı.

 

14 iyul 1969-cu ildə Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. Həmin tarixin il dönümü münasibətilə açıqlama verən deputat Bəhruz Məmmədov deyib ki, Heydər Əliyevin Sovet Azərbaycanı Azərbaycan Xalq Cumhuriyyətindən heç də az müstəqil deyildi, 1991-93-cü ilin Azərbaycanından çox daha müstəqil idi.

 “Fakt Yoxla” deputatın bu iddiasının doğru olub-olmadığını yoxlayıb.

 Müstəqillik anlayışı

Davamlı əhalisi, müəyyən ərazisi, mərkəzi hakimiyyəti və başqa dövlətlərlə münasibətlərə girmək bacarığı olan dövlət müstəqil dövlətdir. Başqa sözlə, müstəqil dövlət başqa bir dövlətdən asılı və həmin dövlətə tabe olmamalıdır. 

 Heydər Əliyevin Sovet Azərbaycanına rəhbərlik etdiyi dövr və müstəqilliklə bağlı müqayisə

 Heydər Əliyevin Sovet Azərbaycanı dedikdə onun Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi kimi fəaliyyət göstərdiyi 1969-1982-ci illər nəzərdə tutulur. 

1978-ci ilə qədər Azərbaycan SSR-də qüvvədə olan 1937-ci il Konstitusiyanın (səh.41) 13-cü maddəsində göstərilmişdi ki, Azərbaycan SSR digər Respublikalar ilə birlikdə Sovet Sosialist Respublikaları İttifaqında birləşib. O səbəbdən, Azərbaycan SSR, SSRİ Konstitusiyasının 14-cü maddəsi ilə müəyən edilmiş hüququ SSRİ-yə verir. 14-cü maddə xaricində, Azərbaycan SSR, öz suveren hüququnu tamamilə mühafizə edərək, dövlət hakimiyətini müstəqil surətdə həyata keçirir.

 SSRİ Konstitusiyanın 14-cü maddədə ittifaq dövlətlərin hökümətlərinin səlahiyyətlərinin məhdudlaşdırıldığı sahələr qeyd edilib. 15-ci maddədə də bildirilib ki, üzv dövlətlərin suverenliyi yalnız SSRİ Konstitusiyasının 14-cü maddəsində göstərilən hədlər daxilində məhdudlaşdırılır.

 14-cü maddə İttifaq dövlətlərinin, habelə Azərbaycan SSR-nin müstəqilliyini tamamilə məhdudlaşdırmışdı. Belə ki, Azərbaycan SSR-in beynəlxalq münasibətlərin aktoru ola bilməzdi, müqavilələr bağlaya bilməzdi, sərhədlərini qonşu dövlətlərlə istədiyi şəkildə dəyişə bilməzdi, öz ərazisində yeni rayon yarada bilməzdi, qanunvericiliyini müstəqil formada dəyişə bilməzdi. 

 Azərbaycan SSR-in 1978-ci il Konstitusiyanın (səh.69) 68-ci maddəsində də dövlətin SSRİ-nin tərkibində olduğu və dövlət müstəqilliyinin 1977-ci il SSRİ Konstitusiyasının 73-cü maddəsi ilə məhdudlaşdırıldığı qeyd olunub (səh.69).

 1977-ci il SSRİ Konstitusiyasının 73-cü maddəsi də əvvəlki SSRİ konstitusiyasının nəzərdə tutduğu məhdudiyyətləri tətbiq etmişdi. 

 Hüquq qaydalarının üstünlüyü məsələsində SSRİ qanunları ittifaq respublikalarının qanunlarından üstün norma idi. Belə ki, Azərbaycan SSR-nin 1937-ci il Konstitusiyasının 16-cı, 1978-ci il Konstitusiyasının isə 75-ci maddəsində qeyd olunub ki, SSRİ qanunları Azərbaycan SSR ərazisində məcburidir.

 Göründüyü kimi, Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycanın SSR müstəqilliyin bütün xüsusiyyətlərini daşımırdı.

 Məhz buna görə SSRİ hüquqi baxımdan dağılmadan əvvəl 1989-cu ildə Azərbaycan Ali Soveti Azərbaycan SSR-nin Suverenliyi Haqqında Konstitusiya Qanunu, 1991-ci ildə Azərbaycan Respublikasında Dövlət Müstəqilliyi Haqqında Konstitusiya Aktı qəbul edib. Bu iki sənəd 1922-1991-ci illər ərzində Azərbaycan SSR-nin müstəqil olmadığını təsdiqləyən sənədlərdir.

 1991-1993-cü ilin Azərbaycanı və müstəqilliklə bağlı müqayisə

 1991-ci ilin 18 oktyabrında Azərbaycan Respublikasında Dövlət Müstəqilliyi Haqqında Konstitusiya Aktı qəbul edildi və dövlət müstəqilliyi bərpa edildi. Azərbaycan Respublikası 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan olundu. Aktın 3-cü maddəsində qeyd olunub ki, SSRİ-nin təşkili haqqında 1922-ci il 30 dekabr tarixli müqavilənin Azərbaycana aid hissəsi imzalandığı andan etibarsız hesab edilir.

 Aktın 12-ci maddəsində bildirilib ki, Azərbaycan suveren, müstəqil dövlədir və müstəqil xarici siyasət yürüdür. 

 Bu aktda Azərbaycan Respublikasının ərazisi və əhalisi və onun Azərbaycan Respublikasına aidliyi ifadə olunub.

 Azərbaycanda rəsmi olaraq hər il mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü kimi qeyd edilir.

 Həmçinin, Azərbaycan 1992-ci il martın 2-də müstəqil dövlət kimi BMT-yə üzv qəbul edilib. BMT üzvlüyü Azərbaycana beynəlxalq ictimaiyyətə qoşulmaq imkanını yaradıb

 Beləliklə, yalnız 1991-ci ildə qəbul edilmiş Konstitusiya Aktı ilə Azərbaycan müstəqil dövlət xüsusiyyətləri daşımağa başlayıb. Ondan öncə,  SSRİ-nin tərkibində olduğu dövrdə isə dövlət başqa bir dövlətdən asılı olub.

 “Fakt Yoxla”nın gəldiyi qənaətə görə, deputatın iddiası yanlışdır.

Yanlış
  • 12 Avqust, 2023
  • 541

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə