Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli qadın və kişilərin otel və mehmanxanalara nigah şəhadətnaməsi tələb olunmadan buraxılmasına etiraz edərkən qadınların geyiminə də münasibət bildirib. Deputat Cənubi Koreyanı misal gətirərək deyib ki, bu ölkədə qısa ətək və açıq-saçıq geyinən qadınlar 45 dollarcərimə olunurlar. Deputat bu qaydanı Cənubi Koreyanın milli dəyərlərinə sahib çıxması kimi qiymətləndirib.
“Cənubi Koreya ateist dövlətdir. Orada mini yubka, açıq-saçıq geyinən qadınlar 45 dollar cərimə edilirlər”, ‒ deyə Kərimli vurğulayıb.
“Fakt Yoxla” deputatın bu iddiasının doğru olub-olmadığını yoxlayıb.
Cənubi Koreyanın İnzibati Xətalar Məcəlləsi (maddə 3.1.33) 2012-ci il martın 21-nə olan redaksiyasında qeyd olunurdu ki, “qadın və kişi olmasından asılı olmayaraq ictimai yerdə bədənini həddindən artıq, yaxud bədəninin ötrülü qalmalı hissəsini başqa şəxsləri utandıran və xəcalət hiss yaşadacaq dərəcədə açan şəxslər 100 min vondan (təxminən 90 dollar) çox olmayaraq cərimələnəcək, qısa müddətə həbs ediləcək”.
2013-cü ildə Prezident Park Geun Hyenin yeni hökumət tərəfindən təsdiqlənən fərmanına əsasən, ictimai yerlərdə “həddindən artıq açıq-saçıqlığa” görə 50.000 von (45 ABŞ dolları) cərimə nəzərdə tutulurdu. Tahir Kərimli açıqlamasında 2013-cü ildə “agahmedia.com” saytının “Səs” İnformasiya Agentliyinə istinadən yazdığı bu xəbərə istinad edib. Amma 3 il sonra qanuna dəyişiklik olunub.
2015-c ildə Yangsan Polis İdarəsinin polis rəisi beldən yuxarı soyunaraq evinin yanındakı parkda günəşlənən vətəndaşı (qadın yox, kişi olub) cərimələyib. Polis rəisi cəriməni ödəməyən şəxsdən Ulsan Rayon Məhkəməsinə şikayət edib. Məhkəmə 45 dollar məbləğində cərimənin ödənilməsi ilə bağlı qərar verib. Cərimələnən şəxs öz növbəsində bu qərardan şikayət verib. Ondan sonra məhkəmə Konstitusiya Məhkəməsindən Məcəllədə cəriməyə səbəb olan maddə 3.1.33-ə dair rəy istəyib.
Nəhayət, 2016-cı ilin noyabrında Konstitusiya Məhkəməsi “açıq-saçıqlıq” və “bədənin gizlədilməli olan” ifadəsinin yayğın, üstəlik aydın olmadığını əsas gətirərək qanunun bu hissəsinin Konstitusiyaya zidd olduğuna dair rəy verib. Bundan sonra sözügedən bəndə dəyişiklik edilib “bədənin hansısa hissəsi” ifadəsi konkret olaraq cinsiyyət orqanlarının yerləşdiyi yer ifadəsi ilə əvəzlənib.
Cinayət Məcəlləsinin 245-ci maddəsində açıq şəkildə ədəbsiz hərəkət edən şəxslərin bir ildən çox olmayan müddətə azadlıqdan məhrum etmə, 5 milyon vondan (4,514.60 dollar) çox olmayan cərimə, həbs və ya kiçik cərimə ilə cəzalandırılması nəzərdə tutulur.
Beləliklə, Cənubi Koreyada qadınların qısa ətək geyinməsinə görə cərimə nəzərdə tutulmur. Tahir Kərimlinin açıqlama verərkən istinad etdiyi xəbər 2013-cü ilə aiddir. 2016-cı ildə Cənubi Koreyanın Konstitusiya Məhkəməsinin qərarından sonra İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib. Bundan sonra ictimai yerlərdə cinsi üzvlərin yerləşdiyi nayihələri açan şəxslər cəzalandırılır.
“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, Tahir Kərimlinin iddiası yanlışdır.
P.S. Tahir Kərimlinin açıqlamasından sonra Cənubi Koreyanın Azərbaycandakı səfirliyindən açıqlama verilərək Koreya Respublikasında (Cənubi Koreya) qısa ətəyi qadağan edən qayda, qanun, yaxud nizamnamənin olmadığı bildirilib.