logo logo

Deyilənlərə yox, faktlara inanın

İnsan hüquqları

Sədaqət Vəliyeva: “Ermənistanda bələdiyyələri belə tənqidə görə 1200 avro cərimə tətbiq edilir”

Sədaqət Vəliyeva: “Ermənistanda bələdiyyələri belə tənqidə görə 1200 avro cərimə tətbiq edilir”

Yeni Azərbaycan Partiyasının Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib ki, Ermənistanda dövlət orqanlarının və vəzifəli şəxslərin hərəkətlərini tənqid edən, təkzib edən, şübhə altına alan və ya başqa bir şəkildə dəyərdən salan məlumatların dərc edilməsi və yayımlanması qadağan edilib: 

“Ölkədə hakimiyyəti, hətta bələdiyyələri belə tənqidə görə 1200 avro cərimə tətbiq edilir”, − deyə deputat vurğulayıb.

“Fakt Yoxla” Sədaqət Vəliyevanın bu iddiasının doğru olub-olmadığını araşdırıb.

Sentyabrın 27-dən Dağlıq Qarabağda başlayan hərbi əməliyyatlara görə Ermənistanda tətbiq edilən hərbi vəziyyət, oktyabrın 8-də daha da sərtləşdirilib. Ermənistan Nazirlər Kabinetinin qərarı ilə məmurların şübhə doğuran təşviqat aparması, ölkənin müdafiə qabiliyyətinin tənqid və inkar edilməsi, bu istiqamətdə müvafiq materialların yayımlanması qadağan edilib. 

Bu məhdudlaşdırmalara ölkədə dövlət idarəçiliyi və yerli özünüidarəetmə orqanlarının vəzifəli şəxslərinin çıxışlarını tənqid və ya təkzib edən və ya effektivliyinə şübhə yaradan proqramların yayımlanması da daxildir. 

Bu tələblər Kütləvi İnformasiya Vasitələri tərəfindən pozulduğu halda 700 min dramdan 1 milyon drama kimi (1216-1738 avro), fiziki şəxslər 300 min dramdan 700 min drama (521 -1216 avro) qədər cərimə oluna bilərlər.

Müharibə əleyhdarı olan erməni aktivist Georgi Vanyan “OC Media”ya deyib ki, noyabrda feysbukda paylaşdığı anti-müharibə postuna görə polis evinə gələrək onun 300 min dramdan - 700 min drama qədər cərimə olunduğunu bildirib. Həmçinin ona bildirilib ki, paylaşımı silməsə, cərimənin məbləği 1 milyon dram olacaq.

Avropa İnsan Hüquqları Konvensiyasının 15-ci maddəsi fövqəladə hallar və müharibə zamanı üzv ölkənin bəzi öhdəliklərdən geri çəkilməsinə imkan yaradır. Ermənistanda sentyabrın 27-dən hərbi vəziyyətin elan edilməsi ölkədə hüquq və azadlıqların məhdudlaşdırılmasına hüquqi zəmin yaranıb.

Azərbaycanda isə siyasi çıxışların tənqid olunmasına görə qanunvericilikdə hər hansı bir cəza tədbiri nəzərdə tutulmayıb. “Hərbi vəziyyət haqqında” Qanuna görə, isə hərbi vəziyyət tətbiq olunan zaman,

-  hərbi vəziyyətin elan edilməsinə səbəb olmuş halların aradan qaldırılmasına və müəyyən edilmiş tədbirlərin həyata keçirilməsinə mane olan siyasi partiyaların, həmkarlar ittifaqlarının, ictimai birliklərin, fondların və digər qeyri-hökumət təşkilatlarının fəaliyyətinin dayandırılması

- yığıncaqlar, mitinqlər, küçə yürüşləri, nümayişlər və piketlərin, habelə digər kütləvi tədbirlərin keçirilməsinin qadağan edilməsi və ya məhdudlaşdırılması

- kütləvi informasiya vasitələrinin məlumat və materiallarının hərbi senzuradan keçirilməsi, hərbi vəziyyət tətbiq edildiyi ərazidə (ərazilərdə) kütləvi informasiya vasitələrinin xüsusi fəaliyyət rejiminin tətbiq edilməsi

üçün qanuni əsaslar olduqda onların fəaliyyətinin məhdudlaşdırılması və ya dayandırılması nəzərdə tutulur.

Noyabrın 9-da Azərbaycan, Rusiya və Ermənistan arasında bağlanan atəşkəs müqaviləsindən sonra Ermənistanda kütləvi iğtişaşlar başlayıb, nümayişçilər nazir Nikol Paşinyanın istefasını tələb ediblər.  Noyabrın 12-də nümayişlərin təşkilatçısı olmaqda ittiham edilən 10 müxalif fəal hüquq mühafizə orqanları tərəfindən saxlanılıb. Ölkədə hərbi vəziyyət zamanımitinqlər və küçə nümayişlərində iştiraka görə 400 min dramdan 700 min drama (695- 1217 avro) cərimə tətbiq olunur.

Azərbaycanın İnzibati Xətalar Məcəlləsinin 517- ci maddəsinin 2.13-cü bəndinə görə, hərbi vəziyyət rejimi zamanı yığıncaqlar, mitinqlər, küçə yürüşləri, nümayişlər və piketlərin, habelə digər kütləvi tədbirlərin keçirilməsi ilə bağlı qoyulmuş qadağa və məhdudiyyətlərə əməl etməyən fiziki şəxslər 300 manatdan 500 manatadək (147-245 avro) cərimə edilir, işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla otuz günədək inzibati həbs tətbiq olunur. Normanın tələbini pozan vəzifəli şəxslər 600 manatdan 900 manatadək (294-442 avro), hüquqi şəxslər isə 4000 manatdan 6000 manatadək(1963-2945 avro) məbləğdə cərimələnirlər.

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, Sədaqət Vəliyevanın iddiası doğrudur.

Doğru
  • 30 Noyabr, 2020
  • 2484

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə