logo logo

Believe in facts, not what has been said

Economy

İlham Əliyev: “Böyük Britaniya Azərbaycanın əsas ticarət tərəfdaşı və iqtisadiyyatımıza ən böyük sərmayə qoyan ölkədir”

İlham Əliyev: “Böyük Britaniya Azərbaycanın əsas ticarət tərəfdaşı və iqtisadiyyatımıza ən böyük sərmayə qoyan ölkədir”

Prezident İlham Əliyev martın 9-da Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisini qəbul edərkən deyib ki, Böyük Britaniya Azərbaycanın əsas ticarət tərəfdaşı və Azərbaycan iqtisadiyyatına ən böyük sərmayə qoyan ölkədir.

“Fakt Yoxla” Prezidentin bu iddiasının doğru olub-olmadığını araşdırıb.

2003-2019-cu illərdə Böyük Britaniya Azərbaycan iqtisadiyyatına 20 milyard dollara yaxın sərmayə qoyub. “Fakt Yoxla”nın ötən ilin fevralında dərc olunan araşdırmasına görə, Böyük Britaniya bu göstərici üzrə özündən sonra gələn Türkiyəni üç dəfə qabaqlamışdı.

Dövlət Statistika Komitəsinin 2020-ci ildə xarici sərmayələrlə bağlı məlumatına görə, Böyük Britaniya Azərbaycana ən çox investisiya yatıran on ölkə arasında birinci yerdə qərarlaşıb. Bütün xarici yatırımların üçdə birindən çoxu Böyük Britaniyanın payına düşüb.

Böyük Britaniyanın Azərbaycanın əsas ticarət tərəfdaşı olmasına gəlincə, Dövlət Gömrük Komitəsinin 2021-ci ilin yekunları ilə bağlı hesabatından aydın olur ki, ötən il ərzində Azərbaycandan Böyük Britaniyaya ixracın həcmi 397 milyon dollar, idxalın həcmi isə 271 milyon dollar təşkil edib. 

 

Ötən il Böyük Britaniya Azərbaycanın ən çox ixrac həyata keçirdiyi 14-cü, ən çox idxal həyata keçirdiyi 9-cu ölkə olub. İki ölkə arasında ticarət dövriyyəsinin ümumi həcmi 667 milyon 870 min dollar təşkil edib və Böyük Britaniya Azərbaycanın əsas ticarət tərəfdaşları sırasında 11-ci yerdə qərarlaşıb.

Beləliklə, İlham Əliyevin Böyük Britaniyanın Azərbaycana ən çox investisiya qoyan ölkə olması ilə bağlı dedikləri doğrudur. Amma  Azərbaycanın əsas ticarət tərəfdaşı olan 10 ölkə sırasına daxil olmadığından Böyük Britaniyanın Azərbaycanın əsas ticarət tərəfdaşı olduğunu iddia etmək mümkün deyil.   

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, Prezidentin iddiası yarı doğrudur.

Half true
  • 22 March, 2022
  • 1733

Share this article

Check own fact
Contact us