logo logo

Believe in facts, not what has been said

Society

Azərbaycanda kişilər qadınlardan 54 faiz çox maaş alır

Azərbaycanda kişilər qadınlardan 54 faiz çox maaş alır

Bu gün Beynəlxalq Qadınlar Günüdür. 

Hər il martın 8-də dünyanın müxtəlif ölkələrində keçirilən etirazların əsas tələblərindən biri də qadınlar və kişilər arasında iqtisadi bərabərsizliyin aradan qaldırılması ilə bağlı olur.

Bəs, Azərbaycanın əmək bazarında qadın və kişilər arasında maaş fərqi nə qədərdir?

“Fakt Yoxla” bu suala aydınlıq gətirib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ildə Azərbaycanda iqtisadi fəal (məşğul və işsiz) əhalinin sayı 5 milyon 304 min nəfər olub. Bunun 2 milyon 714 min nəfərini qadınlar, 2 milyon 591 min nəfərini kişilər təşkil edib.

Kişilər bu kateqoriya üzrə sayca üstünlük təşkil etsələr də, işsizlik səviyyəsi qadınlar arasında daha çox nəzərə çarpır. Rəsmi statistikaya görə, 2022-ci ilin əvvəlinə, Azərbaycanda qadınlar arasında işsizlik 7%, kişilər arasında 4.9% olub. 

Ölkədə iqtisadi qeyri-fəal əhalinin böyük əksəriyyətini qadınlar təşkil edir. Bu kateqoriyadan olan 2 milyon 161 nəfərin 1 milyon 420 min nəfərini (66%) qadınlar təşkil edir ki, onların da 650 min nəfəri evdar qadınlardan ibarətdir. Bu o deməkdir ki, əmək qabiliyyətli yaşda və sağlamlığı yerində olan yarım milyondan çox qadın əmək bazarından kənarda qalıb. 

Müstəqil ekspertlərə görə, Azərbaycanda qadınlar arasında işsizliyin real səviyyəsi rəsmi açıqlamadan daha yüksəkdir. “Fakt Yoxla”nın 2019-cu ildə apardığı müstəqil hesablama ölkədə ümumi işsizlik səviyyəsinin rəsmi statistikadan dəfələrlə yuxarı olduğunu təsdiqləmişdi. 

Əməkhaqlarına gəlincə, ölkədə qadınlarla kişilər arasında maaş fərqi nəzərəçarpacaq dərəcədə yüksəkdir. 2021-ci ildə Azərbaycanda gender maaş fərqi 300 manat (54%) təşkil edib. Dövlət Statistika Komitəsinin məlumatına görə, muzdla işləyən kişilərin orta aylıq əmək haqqı 852 manat, qadınların orta aylıq əmək haqqı 552 manat olub. 

Ölkədə qadınların bütün iqtisadi fəaliyyət növləri üzrə orta aylıq əməkhaqları kişilərə nəzərən daha aşağıdır. Ən böyük məvacib fərqi isə peşə, elmi və texniki fəaliyyət (103%) maliyyə və sığorta (73%), emal sənayesi (60%) kimi fəaliyyət növlərində qeydə alınıb. 

Qadınlar və kişilər arasında gəlir fərqi yaradan amillərdən biri təhsillə bağlıdır. Azərbaycanda məşğul hesab edilən kişilərin 19.2%-i, qadınların isə 14.4% ali təhsillidir. Peşə təhsili almış kişilərin sayı da (7.5%) qadınlarla (3.5%) müqayisədə yüksəkdir. 

Orta ixtisas, natamam orta təhsil alanlar arasında isə qadınlar kişilərə nisbətən daha yüksək paya sahibdirlər. Onların daha az ixtisaslı sahələrə yönəlməsi az gəlir əldə etməsi ilə nəticələnir.

Qadınların əmək bazarında mövqeyi onların iqtisadi fəaliyyət növləri üzrə qruplaşması ilə də şərtlənir. Belə ki, muzdla çalışan qadınların 51.9 %-i sadəcə təhsil, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahələrində fəaliyyət göstərir. Hər iki sahədə orta aylıq əmək haqqı səviyyəsinin digər sahələrə nəzərən daha aşağı olması da yekunda qadınların daha az gəlir əldə etməsinə gətirib çıxarır.

Muzdla işləyən qadınların sayı ilə bağlı açıqlanan göstəricilərdən məlum olur ki, ölkədə iqtisadi fəal qadınların cəmi 26%-i əmək müqaviləsi əsasında muzdla fəaliyyət göstərir. Bu isə o deməkdir ki, iqtisadi fəal əhali qrupuna aid olan hər 100 qadından cəmi 26-sı ona pensiya və məzuniyyət hüququ qazandıran sosial haqlara sahibdir.

Qeyd edək ki, Nazirlər Kabinetinin 1999-cu ildə qəbul etdiyi qərara görə, sağlamlıq və təhlükəsizlik səbəbindən qadınların 674 peşə üzrə çalışması qadağan edilmişdi. Bu maddə ötən il Əmək Məcəlləsindən çıxarılıb. Nazirlər Kabinetinə həmin qərarın dəyişdirilməsi  tapşırılıb. “Report”un yazdığına görə ölkədə qadınların fəaliyyətinin qadağan olunduğu peşələrin sayı 204-ə endiriləcək. Məhdudiyyətlər yalnız hamilə və ya 1 yaşınadək uşağı olan qadınlara tətbiq ediləcək. 

Bütün bunları nəzərə alaraq qeyd etmək olar ki, Azərbaycanda qadınlar işsizlik, orta aylıq gəlir və ali təhsil baxımından kişilərə nəzərən daha aşağı göstəricilərə malikdirlər. Bu fərqlərin əsas səbəbləri isə ali təhsilə çıxış imkanlarının daha aşağı olması və ənənəvi gender rolları ilə bağlıdır.

 

Analysis
  • 8 March, 2023
  • 469

Share this article

Check own fact
Contact us