logo logo

Believe in facts, not what has been said

Society

Anar Məmmədlinin Bakıda havanın keyfiyyəti haqqında iddiası

Anar Məmmədlinin Bakıda havanın keyfiyyəti haqqında iddiası

Siyasi şərhçi Anar Məmmədli azərbaycanlı eko-fəalların Laçın-Şuşa yolunda keçirdiyi aksiya haqqında danışarkən deyib: “Həmin şəxslər Xəzər dənizinin çirkləndirilməsi, Şəkidə meşələrin qırılmasına münasibət bildirməliydilər ki, Qarabağa yürüş edəndə də onların bu addımları Azərbaycanda və dünyada legitim qarşılansın”. 

Bu aksiyanın daha çox siyasi xarakterli olduğunu qeyd edən siyasi şərhçi arqumentinə paytaxt Bakıda havanın çirklənmə dərəcəsi ilə bağlı məlumatı da əlavə edib. “Bu gün Bakı şəhəri dünyanın ən çirkli şəhərlərindən biridir, havanın keyfiyyətinə görə”, – deyə Məmmədli vurğulayıb.

“Fakt Yoxla” bu iddianın doğru olub-olmadığını yoxlayıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) havanın keyfiyyəti ilə bağlı hazırladığı hesabatlarda PM10 və PM2.5 ölçüsünü meyar kimi qəbul edib. Çirklənmə hesablanarkən 1 kubmetr havada olan hissəciklərin (ozon, nitrogen dioksid, kükürd dioksid və karbon monoksid) müvafiq olaraq 10 və ya 2.5 mikroqramdan az, ya da çox olması əsas götürülür. Təşkilat 2019-cu ildə bu göstəricinin Azərbaycanın ümumi şəhərləri üzrə 26,18 mikroqram olduğunu açıqlamışdı.

İsveçin hava keyfiyyəti texnologiyası şirkəti “IQAir”in şəhərlər üzrə hazırladığı və 117 ölkəni əhatə edən reytinq siyahısında Bakı 57-ci sırada qərarlaşıb. 

Skrinşot “IQAir”ın hesabatından götürülüb.

“IQAir”ın bölgələr üzrə  də reytinq cədvəli hazırlayıb. 2021-ci ildə Azərbaycanın da yer aldığı Qərbi Asiya regionunda ən çirkli 15 şəhərin adı arasında Azərbaycan şəhərlərinin adına rast gəlinmir. 

Qonşu ölkələrdən Gürcüstanın 1, Ermənistanın isə 2 şəhəri ən kirli 15 şəhər siyahısında yer alıb.

Skrinşot “IQAir”ın hesabatından götürülüb.

13 ölkənin təmsil olunduğu “Qərbi Asiya”  hesabatında Azərbaycan çirkliliyinə görə 13-cü, yəni, sonuncu sırada qərarlaşıb. Bölgənin ən çirkli ölkəsi olan Oman 1-ci sırada yer alıb.

Hesabatda o da qeyd edilir ki, Qatar və Azərbaycan hökumətləri tərəfindən aparılan monitorinqlərin nəticələri “IQAir”a təqdim edilməyib. Buna görə də, hesabat hazırlanarkən ABŞ-ın bu ölkələrdəki səfirliklərinin, təşkilat və fiziki şəxslərin verdiyi məlumatlardan istifadə olunub. Qeyd edək ki, Anar Məmmədlinin danışarkən istinad etdiyi məlumat da ABŞ səfirliyinin apardığı monitorinqlərə əsaslanır. 

“IQAir” paytaxtlar üzrə çirklilik reytinqini də hazırlayıb. Bakı 2021-ci il 107 şəhər arasında  51-ci yerdə qərarlaşıb. Ermənistanın paytaxtı Yerevan 17-ci, İranın paytaxtı Tehran 21-ci, Gürcüstanın paytaxtı Tbilisi isə 40-cı sırada yer alıb.

Skrinşot “IQAir”ın hesabatından götürülüb.

Dünyanın nəhəng data bazası olan “Numbeo” da müxtəlif ölkələrdən olan istifadəçilərin informasiyaları əsasında Bakıda həyatın dəyərinə dair məlumat yayır. Bu məlumatlara havanın çirkliliyi ilə bağlı məlumatlar da daxil edilir. Ən son məlumata görə, paytaxtda havanın çirklilik indeksinin 69,5  (yüksək), havanın keyfiyyət indeksinin isə 30,5 (aşağı) olduğunu açıqlanıb.

Beləliklə, yuxarıdakı müxtəlif kriteriyalar üzrə siyahıları nəzərə alsaq, Bakı dünyanın ən çirkli şəhərlərindən biri deyil.

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, Anar Məmmədlinin iddiası yanlışdır.

False
  • 27 December, 2022
  • 239

Share this article

Check own fact
Contact us