logo logo

Deyilənlərə yox, faktlara inanın

İnsan hüquqları

Deputat Avropa Məhkəməsinin Azərbaycanın xeyrinə qərar qəbul etmədiyini iddia edib

Deputat Avropa Məhkəməsinin Azərbaycanın xeyrinə qərar qəbul etmədiyini iddia edib

Fevralın 24-də Milli Məclis “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 16 saylı Protokolunun təsdiqi barədə qanun layihəsi qəbul edib. 

Deputat Səməd Seyidov sənədin Azərbaycanın Avropa Məhkəməsi ilə əməkdaşlığını yeni səviyyəyə qaldıracağını desə də, həmkarı Siyavuş Novruzovun çıxışı tənqidə yönəlik olub.

“Azərbaycan müstəqillik əldə etdikdən bu günə qədər Avropa Məhkəmələrinə olunan müraciətdə bir dənə də olsun dövlətin xeyrinə qərar qəbul olunmayıb”, – deyə Novruzov vurğulayıb. 

“Fakt Yoxla” bu iddianın doğru olub-olmadığını araşdırıb.

2022-ci ilə olan məlumata görə, Avropa Məhkəməsi Azərbaycanla bağlı 274 qərar qəbul edib. Statistik məlumatlarda qeyd olunur ki, ən çox pozuntu halları azadlıq və təhlükəsizlik, ədalətli mühakimə və mülkiyyət hüququnun pozuntusu ilə bağlı olub. 

Bununla belə, Avropa Məhkəməsinin praktikasında Azərbaycan hökumətinə qarşı verilən, amma rədd edilən qərarlara da rast gəlmək mümkündür.

“Azıx” mağarasında qazıntı aparan arxeoloqlar

Avropa Məhkəməsi 2021-ci ildə Böyük Britaniya və İspaniyadan olan arxeoloqlar – Tania Kristine Kinq, Peter John Endrjus və Yolanda Fernandez-Jalvonun Azərbaycana qarşı iddialarını qəbul etmədiyini açıqlayıb. Hər üç arxeoloq 1999-2017-ci illərdə Xocavənd rayonunda yerləşən Azıx mağarasında qazıntı və tədqiqat işləri aparıb. 

2017-ci ilin fevralında Azərbaycan hakimiyyət orqanları Tanya Kristine Kinq və Yolanda Fernandez-Jalvounun saxlanması və həbsi barədə qərarlar qəbul edib, bunun ardınca isə İnterpolun Milli Mərkəzi Bürosu onları beynəlxalq axtarışa verib. İnterpol isə siyasi, hərbi, dini və irqi xarakterli fəaliyyətlərə qarışmadığını əsas gətirərək həbsi dayandırıb. Bununla belə, arxeoloqların adları Xarici İşlər Nazirliyinin “arzuolunmaz şəxslər” siyahısına salınıb. 

Avropa Məhkəməsinə müraciət edən ərizəçilər Azərbaycan tərəfinin onlar barəsində verdiyi qərarlarla şəxsi həyatlarına hörmət hüququnun pozulduğunu, onlara qarşı səyahət qadağası tətbiq edildiyini və effektiv müdafiə hüquqlarının olmadığını bildiriblər. 

Avropa Məhkəməsi qeyd edib ki, ərizəçilər onlara qarşı açılan cinayət işinin istintaqı ilə bağlı yol verilən pozuntuları yerli hakimiyyət orqanlarına çatdırmağa cəhd etməyiblər, yerli məhkəmələrdə çıxış etmək üçün vəkil tapa bilmədiklərini sübut edəcək sənəd təqdim etməyiblər. Buna görə də, onların Azərbaycana qarşı iddiası qəbul edilməyib.

Aprel döyüşlərinə görə edilən şikayət

Avropa Məhkəməsi Azərbaycana qarşı daha bir iddianı 2019-cu ilin martında verdiyi qərarla rədd edib. Məhkəmənin qərarında qeyd edilir ki, milliyyətcə erməni olan və “Dağlıq Qarabağ Respublikası”nda yaşayan Svetlana Khudunts 2016-cı ildə aprel döyüşləri zamanı Azərbaycan hərbi qüvvələrinin hücumu nəticəsində onun həyatına real və qaçılmaz təhlükə yaranıb və onun sağ qalması təsadüfən mümkün olub. Khudunts ərizəsində hərbi toqquşma nəticəsində onun ailə həyatına və mənzilinə hörmət hüququnun pozulduğunu iddia edib. Ərizəçi həmçinin atəşkəsin pozulması zamanı evinin zədələndiyini, mülkünə giriş imkanının olmadığını qeyd edib.

Qərarda bildirilir ki, ərizəçi Mardakertdəki (Ağdərə) əkin sahəsinin mülkiyyət hüququnu təsdiqləyən sənədləri Avropa Məhkəməsinə  göndərsə də, evə ziyan dəyməsi ilə bağlı dəlil təqdim etməyib. Məhkəmə vurğulayıb ki, Svetlana Khudunts 2016-cı ilin aprelində Mardakertdən Stepanakertə (Xankəndi) getsə də, sonra geri qayıdıb və evində yaşamağa davam edib. 

Qərarda qeyd olunur ki, ərizəçinin düşmənçiliyə görə bir müddət başqa şəhərə sığınmaq məcburiyyətində qalması onda müəyyən dərəcədə stres yaratsa da, Məhkəmə bu narahatlığın ərizəçinin ailə və mülkiyyət hüququna müdaxilə etmədiyi qənaətinə gəlib.

Əli İnsanovun işi 

Avropa Məhkəməsi 2009-cu il noyabrın 19-da keçmiş səhiyyə naziri Əli İnsanovun Azərbaycana qarşı iddiasını təmin etməyib. 1993-2005-ci illərdə səhiyyə naziri olmuş İnsanov dövlət çevrilişinə cəhddə şübhəli bilinib və vəzifə səlahiyyətlərindən sui-istifadə və dövlət vəsaitlərini mənimsəməkdə ittiham olunaraq saxlanılmışdı. 

Nəsimi Rayon Məhkəməsinin 22 oktyabr 2005-ci il tarixli qərarından sonra sabiq nazir barəsində həbs qəti imkan tədbiri müxtəlif müddətlərdə 2007-ci ilin aprelinədək uzadılıb. Ərizəçi həbs şəraiti, adekvat tibbi qayğının göstərilməməsi, yerli məhkəmələrin ona qarşı pis rəftarla bağlı iddialarını səmərəli şəkildə araşdırmamasından, məhkəmədən öncə saxlanmasının qanunsuz olmasından, vəkili ilə görüşlər üçün yetərli vaxt ayrılmamasından, Ali Məhkəməyə verdiyi kassasiya şikayətinə onun iştirakı olmadan baxılmasından, birinci instansiya məhkəməsində protokolların düzgün tərtib edilməməsindən, onun və qohumlarının adına olan mülkiyyətin qanunsuz əldə edilməsinə dair sübutların yetərli olmadığı halda müsadirə edilməsi, “AzTV” və “Lider TV” də böhtan iddiaları, AMEA-dan çıxarılması ilə bağlı qərar verilərkən təqsirsizlik prezumpsiyasının pozulmasından şikayətçi idi. 

Məhkəmə qeyd edib ki, birinci instansiya məhkəməsi ərizəçini 2007-ci il aprelin 20-də məhkum edib. Lakin şikayət 2008-ci il martın 31-də verilib ki, bu da altı aylıq müddəti keçib. 

Avropa Məhkəməsi ərizəçinin məhkəmələrin qərəzli olması, iclas protokolları, televiziyalarla və AMEA ilə bağlı şikayətlərini araşdırarkən pozuntu aşkar edilmədiyindən şikayətin əsassız olduğu qənaətinə gələrək iddianı rədd edib, digər pozuntu halları ilə bağlı hökumətə məlumat verməyin zəruri olduğunu bildirib və araşdırmanı təxirə saldığını elan edib.

İsgəndər Həmidov

Avropa Məhkəməsi 2004-cü il yanvarın 8-də açıqladığı qərarda keçmiş daxili işlər naziri İsgəndər HəmidovunAzərbaycana qarşı iddiasını qəbul etməyib. Ərizəçi şikayətində bildirmişdi ki, onun işi üzrə araşdırma yekunlaşsa da o, qanunsuz olaraq həbsdə saxlanılıb və onun həbsinin qanuniliyi ilə bağlı araşdırmalar ədalətsiz olub. Ərizəçinin digər bir iddiası isə ədalətli məhkəmə araşdırmasının təmin edilməməsi ilə bağlı olub. 

Avropa Məhkəməsinin iddia ilə bağlı qərarında bildirilir ki, ərizəçi Apellyasiya Məhkəməsinin qərarından şikayət verməyib və buna görə, Azərbaycan qanunvericiliyində olan mümkün vasitələri tükəndirməyib. Müvafiq olaraq, şikayətin bu hissəsi də Konvensiyanın 35-ci maddəsinin 1 və 4-cü bəndlərinə əsasən rədd edilib.

Rüstəm İbrahimbəyov

Avropa Məhkəməsi 2023-cü il fevralın 16-da “İbrahimbəyov və başqaları Azərbaycana qarşı” işi üzrə qərar qəbul edib. Bu işdə “Demokratik Qüvvələrin Milli Şurası”nın keçmiş sədri Rüstəm İbrahimbəyov, Şöhrət İbrahimbəyova və Lalə Əfəndiyeva onlara məxsus torpaq sahəsinin sənədlərinin Dövlət Neft Şirkətinin tələbi ilə qanunsuz olaraq ləğv edilməsi barədə iddia qaldırmışdı. Məhkəmə öz qərarında ərizəçilərin mülkiyyət hüquqlarına müdaxilənin baş vermədiyi qənaətinə gəlib. Qərarda qeyd edilib ki, ərizəçilərin mülkiyyət hüquqlarına müdaxilə, uyğun daxili qanunvericiliyin tətbiqinin qanuni nəticəsi olub və qanunun aliliyinə hörməti təmin etmək məqsədi daşıyıb.

“Fakt Yoxla”nın yuxarıda qeyd edilənlərə əsasən gəldiyi nəticəyə görə, Siyavuş Novruzovun iddiası yanlışdır.

”Milli Məclis”, Planer İclas 24.02.2023

“Avropa İnsan Haqları Məhkəməsi”, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 16 nömrəli Protokolu

”report.az”, Deputat: Avropa məhkəməsinin qərarlarının tam ədalətə söykənməsinə etibar etmirəm

“Avropa İnsan Haqları Məhkəməsi”, Qərarlar

“Avropa İnsan Haqları Məhkəməsi”, Tania Kristine KINQ və Başqaları Azərbaycana qarşı

“Avropa İnsan Haqları Məhkəməsi”, Svetlana Khudunts Azərbaycana qarşı

“Avropa İnsan Haqları Məhkəməsi”, Əli İnsanov Azərbaycana qarşı

“Avropa İnsan Haqları Məhkəməsi”. İsgəndər Həmidov Azərbaycana qarşı

“Avropa İnsan Haqları Məhkəməsi”, İbrahimbəyov və başqaları Azərbaycana qarşı

“Avropa İnsan Haqları Məhkəməsi”, Zeynalov Azərbaycana qarşı

Yanlış
  • 21 Mart, 2023
  • 5065

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə