logo logo

Deyilənlərə yox, faktlara inanın

Siyasət

Naxçıvanın Baş Naziri: “Muxtar respublika özünü 100 faiz alternativ və bərpaolunan enerji ilə təmin edəcək”

Naxçıvanın Baş Naziri: “Muxtar respublika özünü 100 faiz alternativ və bərpaolunan enerji ilə təmin edəcək”

Səbuhi Məmmədov mayın 23-də Naxçıvan Muxtar Respublikasının Baş Naziri təyin olunub. O, təyinatından sonra Ali Məclisdə çıxışında deyib ki, gələcəkdə Naxçıvanı alternativ enerji ilə təmin etmək mümkün olacaq.

“Hazırda tikintisi davam etdirilən 2 yeni su elektrik stansiyası fəaliyyətə başladıqdan sonra muxtar respublika özünü 100 faiz alternativ və bərpaolunan enerji ilə təmin edəcəkdir”, - deyə Baş Nazir vurğulayıb.

“Fakt Yoxla” Səbuhi Məmmədovun iddiasının doğru olub-olmadığını araşdırıb.

Dövlət Statistika Komitəsi və Energetika Nazirliyinin məlumatlarına görə, Naxçıvan MR-də elektrik enerji istehsalı ildən-ilə azalır. 2014-cü ildə muxtar respublikada 565 mln. kVt·st elektrik enerjisi istehsal olunmuşdusa, 2019-cu ildə bu göstərici 423,3 mln. kVt·st-a düşüb.

Naxçıvan MR-da elektrik enerjisi istehsalı
İl mln. kVt·st
2014 565,0
2015 446,0
2016 437,8
2017 431,7
2018 425,9
2019 423,3

Cədvəldə qeyd olunan məlumatlara ənənəvi enerji mənbələrindən əldə olunan elektrik enerjisi də daxildir. Səbuhi Məmmədov isə alternativ və bərpa olunan enerji mənbələrindən əldə olunan elektrik enerjisi haqqında danışıb.

Bərpa olunan enerji mənbələrinə ətraf mühitdə daim mövcud olan, yaxud mütəmadi yaranan enerji mənbələri - günəş, külək, yerin istilik axınları, biokütlə, dəniz, su axınları və s. aiddir. 

Ötən il Naxçıvanda istehsal olunan 423,3 mln. kVt·st elektrik enerjisinin 55,4 %-ni (234,5mln. Kvt·st) alternativ və bərpaolunan enerji mənbələrindən əldə olunan elektrik enerjisi təşkil edib. Bunun da 37,78 mln. kVt·st-ı günəş enerjisinin payına düşüb.

Hazırda Naxçıvan MR-da mövcud olan 8 elektrik stansiyasından 5-i su, 2-si istilik və 1-i günəş elektrik stansiyasıdır. Səbuhi Məmmədov iki SES-in fəaliyyətə başlayacağı təqdirdə Naxçıvanın tam olaraq alternativ enerji mənbələrindən əldə olunan enerji istehsalına keçə biləcəyini deyib. 

Hazırda Naxçıvanda 2 elektrik stansiyası tikilir. Bunlardan biri 36 meqavat gücündə olan Ordubad Su Elektrik Stansiyası (SES), digəri isə 3 meqavat gücündə olan Kəngərli rayonunun Qabıllı kəndində inşa olunan günəş elektrik stansiyasıdır

Qeyd edək ki, Ordubad SES-in təməli iki dəfə qoyulub. 2011-ci ildə baş tutan təməlqoyma mərasimində stansiyanın 2013-cü ildə istifadəyə veriləcəyi nəzərdə tutulurdu. Stansiyanın 190 mln. kVt·st elektrik enerjisi istehsal edəcəyi proqnozlaşdırılırdı. Stansiyanın 2-ci dəfə təməli 2017-ci ildə qoyulub.

Qabıllı kəndində tikilən günəş elektrik stansiyasında isə 4,5 mln. kVt·st elektrik enerjinin istehsalı nəzərdə tutulur. Bu iki stansiyanın birlikdə istehsal gücü 194,5 mln. kVt·st edir. Ötən il Naxçıvanda istehsal olunan alternativ enerji həcmini (234,5 mln. kVt·st) nəzərə alsaq, bu mənbələrindən əldə olunan elektrik enerjisinin həcmi 429 mln. kVt·st edəcək. Bu göstərici Naxçıvanın 2019-cu ildə istehsal etdiyi elektrik enerjisinin həcmindən bir qədər artıqdır.

Qeyd edək ki, rəsmi rəqəmlər Səbuhi Məmmədovun iddiasını təstiq edir. Amma Naxçıvanda elektrik enerjisi istehsalına başlayan stansiyalarla bağlı özünü doğrultmayan təcrübələr də olub. 2010-cu ildə Ordubad rayonunda açılan Biləv Su Elektrik Stansiyasının 80 mln. kVt·st elektrik enerjisi istehsal edəcəyi deyilsə də, dörd il sonra bu stansiyadan nəzərdə tutulandan iki dəfə az - 34,9 mln. kVt·st enerji əldə edilmişdi. 

Bu baxımdan tikintisi davam edən  SES-in 190 mln. kVt·st istehsal edəcəyi də mübahisəlidir. Çünki SES-lərin fəaliyyəti su ehtiyatlarından, bir sözlə təbiətdən asılıdır. 

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, Səbuhi Məmmədovun iddası mübahisəlidir. 

Qərarsız
  • 11 İyun, 2020
  • 1571

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə