logo logo

Deyilənlərə yox, faktlara inanın

Siyasət

Deputat Elman Nəsirovun Əli Kərimli haqqında iddiası

Deputat Elman Nəsirovun Əli Kərimli haqqında iddiası

“Əli Kərimlinin guya azad fikrini ifadə etməklə bağlı maneələri var, qarşısına sədlər çəkilib. Son çıxışı elə bütün dediklərinin yalan olduğunu, həqiqətlə daban-dabana ziddiyyət təşkil etdiyini bir daha sübuta yetirdi”.

Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatı Elman Nəsirov AXCP sədri Əli Kərimlinin avqustun 12-də “Caspian Platforum”da demokratik dəyişikliklər uğrunda insan resursları mövzusunda etdiyi çıxışına münasibət bildirərkən belə deyib. 

“Fakt Yoxla” deputatın “Əli Kərimlinin guya azad fikrini ifadə etməklə bağlı maneələri var, qarşısına sədlər çəkilib” iddiasının doğru olub-olmadığını yoxlayıb. 

2020-ci ilin aprelində Əli Kərimlinin evində mobil, ev telefonu və internet əlaqələri kəsilib. Bu hadisədən bir müdddət sonra isə partiya sədrinin “WhatsApp” və “Telegram”dakı hesabları ələ keçirilib.

Əli Kərimli və həyat yoldaşı Samara Seyidova bununla bağlı məhkəməyə müraciət etsələr də, məhkəmə şikayətə baxmaqdan imtina edib. Nəsimi rayon Məhkəməsi onların şikayətini geri qaytarıb.

2021-ci ildə ABŞ Dövlət Departamentinin dünyada insan haqlarının vəziyyətinə dair dərc etdiyi hesabatın Azərbaycanla bağlı hissəsində bildirilir ki, 2020-ci ilin aprelin 13-də Azərbaycan hakimiyyəti AXCP sədri Əli Kərimli və həyat yoldaşının internet və telefon əlaqələrini kəsib. Ə.Kərimli məhkəməyə müraciət etsə də, məhkəmə onun şikayətinə baxmaqdan imtina edib, həmçinin 2006-cı ildən bəri Əli Kərimliyə ölkədən çıxmaq qadağası qoyulub. 

Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Sunna Evarsdottir partiya sədrinin de-fakto ev həbsində olduğunu bildirib. O deyib ki, “biz həmçinin narahatıq ki, onun telefonları və interneti bloklanıb. Azərbaycan üzrə həmməruzəçilər bu durumla tanışdırlar. Avropa Şurasının durumdan xəbəri var və bundan narahatdır".

Əli Kərimlinin informasiya blokadasına salınması vətəndaşın Konstitusiya ilə təminat verilən fikir və söz, məlumat azadlığına (maddə 47 və 50), eləcə də “İnformasiya əldə etmək haqqında” Qanunla təsbit edilən hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığına qanunsuz müdaxilədir.

“Fakt Yoxla” 2020-ci ildə Kərimlinin informasiya blokadasına salınmasıyla bağlı dərc etdiyi analizdə bunun qanunsuz olduğunu, nəticədə partiya sədrinin hüquqlarının pozulduğunu müəyyənləşdirib:

“Əli Kərimli qanunsuz olaraq informasiya blokadasına alınıb və bu onun Konstitusiya ilə təmin edilən bərabərlik hüququ və ifadə azadlığına hökumət tərəfindən qanunsuz müdaxilədir. Siyasətçinin sosial media hesabları, telefon və mobil telefon xətlərinə edilən müdaxilələr isə onun Konstitusiya ilə qorunan təhlükəsiz yaşamaq və şəxsi toxunulmazlıq hüquqlarının pozuntusudur. Partiya sədrinə qarşı edilən hərəkətlər Telekommunikasiya, İnformasiya əldə etmək və Fərdi məlumatlar haqqında qanunların müddəalarına ziddir və cinayət qanunverciliyi ilə kriminallaşdırılmış əməllərdir. Yuxarıda sadalananlar həm də Avropa Konvensiyasının müddəalarının pozuntusu halıdır”, – deyə məqalədə vurğulanıb.

Bundan başqa, Əli Kərimliyə 2006-cı ildən ümumvətəndaş pasportu verilmir. Buna görə də, o ölkə xaricinə çıxa bilmir. 

2021-ci il aprelin 1-dən etibarən Azərbaycandan  Türkiyəyə getmək üçün pasport tələbi aradan qaldırılıb. Bu isə o deməkdir ki, pasportu olmayan şəxslər şəxsiyyət vəsiqələri ilə Türkiyəyə gedə bilərlər. Lakin partiya sədri bu qaydanın qüvvəyə mindiyi vaxtdan sonra Türkiyəyə gedə bilmədiyinə görə ona qarşı maneələrin aradan qaldırıldığından danışmaq mümkün deyil. 

Bu qaydanın qüvvəyə mindiyi vaxtdan öncə, 2016-cı ildə Əli Kərimli Türkiyəyə getmək istəsə də, pasportu olmadığı üçün onun səfəri baş tutmamışdı

DİN-in Pasport İşi, Viza və Qeydiyyat İdarəsi Əli Kərimli barəsində 1994-cü ildə Azərbaycan SSR Cinayət Məcəlləsinin 220.1-ci maddəsi ilə başlanmış cinayət işinin xitam olunmamasını ona pasport verilməməsi üçün əsas göstərib. 

Qeyd edək ki, Əli Kərimli bu cinayət işi üzrə əqsirləndirilən şəxs qismində həbs olunsa da, sonradan azadlığa buraxılıb. 1995-ci ildə həmin işin icrası dayandırılsa da, işə xitam verilməyib. 

Maraqlıdır ki, Nəsimi rayon Prokurorluğunun müstəntiqinin 11 dekabr 1995-ci il tarixli qərarında işin dayandırılmasına əsas kimi “cinayəti törədən şəxsin müəyyən edilməməsi” göstərilib. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən, təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən olunmadıqda cinayət təqibi üzrə icraat dayandırılır.

Əli Kərimlinin ittiham olunduğu Azərbaycan SSR Cinayət Məcəlləsinin 220.1-ci maddəsində (Müvafiq icazə olmadan silah, döyüş sursatı və ya partlayıcı maddələr gəzdirmə, saxlama, əldə etmə, hazırlama və ya satma) 5 ilədək müddətdə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulurdu.

Həmin vaxt Azərbaycanda qüvvədə olan 1960-cı il Cinayət Məcəlləsinin 44.3-cü maddəsinə əsasən, şəxs 5 ildən çox olmayaraq azadlıqdan məhrum etmə cəzası təyin edilə bilən cinayət törədildiyi gündən 5 il müddət keçdikdə cinayət məsuliyyətinə cəlb edilə bilməz. 

2000-ci ildə qəbul edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.2-ci maddəsinə əsasən, bu müddət 7 il müəyyənləşdirilib. Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-ci maddəsinə əsasən, cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir).

Bu o deməkdir ki, Əli Kərimlinin keçmiş cinayət işinə xitam verilməməsi qanunsuz və əsassızdır. 

Bundan başqa, ona 2001-ci ildə verilmiş və 2006-cı ildə müddəti bitən ümumvətəndaş pasportu və hətta 1998 və 2003-cü illərdə millət vəkili kimi diplomatik pasport da verilib.

Əli Kərimli ona pasport verilməsindən imtina ilə bağlı Azərbaycanda yerli məhkəmələrə müraciət etsə də onun şikayətləri təmin edilməyib. 

Konstitusiyanın 28.3-cü maddəsinə əsasən, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər.

Pasport haqqında” Qanunda göstərilir ki, insan hüquqlarının ümumi bəyannaməsinə və Azərbaycan Respublikasının müvafiq beynəlxalq müqavilələrinə uyğun olaraq bu Qanunla Azərbaycan Respublikası vətəndaşının Azərbaycan Respublikasından getmək və Azərbaycan Respublikasına gəlmək hüququna təminat verilir.

Miqrasiya Məcəlləsinin 9-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşı dövlət sərhədinin buraxılış məntəqələrindən keçərək sərbəst surətdə ölkədən getmək və ölkəyə gəlmək hüququna malikdir.

Bu maddəyə əsasən, vətəndaş ölkədən getmək və ölkəyə gəlmək hüququndan məhrum edilə bilməz. Məcəllədə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırıla biləcəyi halların heç biri AXCP sədrinə münasibətdə tətbiq edilə bilməz.   

Azərbaycanın da üzv olduğu Avropa İnsan Hüquqları Konvensiyasının 4 saylı protokolunun 2-ci maddəsinin 2-ci bəndinə əsasən, hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır. Həmin maddənin 3-cü bəndində göstərilir ki, bu hüquqların həyata keçirilməsinə qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz.

2007-ci ildə Avropa Şurası baş katibinin Azərbaycandakı nümayəndəsi Denis Bribossia bu məsələni şərh edərkən deyib ki, “Müxalifət liderlərindən biri Əli Kərimlinin xaricə səfər edə bilməməsi yaxşı hal deyil və bu, ciddi məsələdir”.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) 2013-cü ildə Bakıda səfərdə olmuş seçkiqabağı qiymətləndirmə missiyası edib ki, prezidentliyə namizədlərdən Əli Kərimli ona pasport verilmədiyi üçün xaricə səfər edə bilmir.

2015-ci il iyulun 16-da Avropa Məhkəməsi bu işlə bağlı qərar çıxarıb. Həmin qərarda AXCP sədrinə pasport verilməməsi Avropa Konvensiyasının 4 saylı Protokolunun 2-ci (hərəkət azadlığı hüququ) maddəsinin pozuntusu hesab edilib.

Məhkəmə mənəvi ziyana və çəkilmiş digər xərclərə görə dövlətin Əli Kərimliyə 8 min 600 avro kompensasiya ödəməsinə qərar verib.

Azərbaycan hökuməti də bu qərarla razılaşıb, Avropa Məhkəməsinin Yuxarı Palatasına şikayət verməyib. Partiya sədri Daxili İşlər Nazirliyi və bu qurumun tabeliyində olan Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı iddia qaldırsa da, Bakı İnzibati Məhkəməsinin hakimi Elvin Əliyev iddiaya baxılmasının mümkün sayılmaması haqda qərar çıxarıb.

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, Elman Nəsirovun iddiası yanlışdır. 

Yanlış
  • 30 Avqust, 2022
  • 1761

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə