logo logo

Deyilənlərə yox, faktlara inanın

Siyasət

Sabir Rüstəmxanlı: “Azərbaycanda keçirilən seçkilərdə vətəndaşlar fəal olur.”

Sabir Rüstəmxanlı: “Azərbaycanda keçirilən seçkilərdə vətəndaşlar fəal olur.”

Xəbərin qısa icmalı

- Milli Məclisin Deputatı, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı Türkiyədə keçirilən son seçkilərə münasibət bildirərkən deyib ki, Azərbaycanda keçirilən seçkilərdə də vətəndaşlar fəal olur. 

- Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası (MSK) bildirib ki, 11 aprel 2018-ci il növbədənkənar prezident seçkilərində seçici fəallığı 74,30 % olub, yəni 5,3 milyona yaxın seçicidən təxminən 3,9 milyona yaxın seçici səsvermədə iştirak edib. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) Seçki Müşahidə Missiyası (SMM) bu seçkilərdə seçici iştirakı və səsvermənin nəticələrini müşahidə edərkən ciddi uyğunsuzluqlar aşkar etmişdi. Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) bu seçkilərdə 110 seçki dairəsi üzrə 125 seçki məntəqəsində seçkiləri müşahidə edib. Təşkilat yekun hesabatında bildirib ki, SMDT-nin qeydə aldığı seçici fəallığı rəsmi rəqəmlərdən əsaslı şəkildə aşağı olub. SMDT-yə daxil olan məlumatlara görə, təsadüfi yolla seçilmiş 125 seçki məntəqəsində seçici fəallığı 43.6% olub ki, həmin seçki məntəqələrdə MSK 30% daha çox seçici fəallığı olduğunu bildirmişdi. 

23 dekabr 2019-cu il bələdiyyə seçkilərində MSK-nin məlumatına əsasən,  seçici fəallığı 32.69% olub. Başqa sözlə 5 milyona yaxın seçicidən 1,6 milyona yaxın seçici səsvermədə iştirak edib. SMDT-nin müşahidələrinə əsasən seçici fəallığı MSK-nin göstəricilərindən 11% daha az olaraq 21.3% təşkil edib.

9 fevral 2020-ci il növbədənkənar parlament seçkilərində MSK-nin məlumatına görə, seçici fəallığı 46.84% olub. Başqa sözlə, 5,3 milyon seçicidən 2,5 milyona yaxın seçici bu seçkilərdə səs verib. DTİHB SMM yekun hesabatında bu seçkilər zamanı ciddi pozuntu hallarının aşkarlandığını və seçici fəallığına dair rəqəmlərin dəyişdirilməsi də bu pozuntu hallarından biri kimi qeyd olunub. SMDT-ninmüşahidəçiləri qeydə alıblar ki, məntəqələrin 35%-də müşahidə edilən seçici fəallığı rəsmi protokollarda əks olunmuş seçici fəallığı rəqəmlərindən 50% aşağıdır. 

“Azərbaycanda keçirilən seçkilərdə də vətəndaşlar fəal olur…”

Bunu Milli Məclisin Deputatı, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı 88,92% seçici fəallığı (səh.3) ilə Türkiyədə keçirilən prezident seçkiləri haqqında danışarkən Abzas Media-ya deyib.

“Fakt Yoxla” iddianın doğru olub-olmadığını yoxlayıb. 

11 aprel 2018-ci il növbədənkənar prezident seçkiləri

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası (MSK) bildirib ki, bu seçkilərdə seçici fəallığı 74,30 % olub, yəni 5,3 milyona yaxın seçicidən təxminən 3,9 milyona yaxın seçici səsvermədə iştirak edib (səh.3).

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) Seçki Müşahidə Missiyası (SMM) bu seçkilərdə seçici iştirakı və səsvermənin nəticələrini müşahidə edərkən ciddi uyğunsuzluqlar aşkar etmişdi: “...Bu da həm rəqəmlərin qurama olduğuna ciddi işarə edir, həm də iştirak haqqında həqiqi hesabatların göndərildiyi və səslərin sayılması prosesinin düzgün keçirildiyi ilə bağlı suallar yaradır” (səh.68)

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) bu seçkilərdə 110 seçki dairəsi üzrə 125 seçki məntəqəsində seçkiləri müşahidə edib. Təşkilat yekun hesabatında (səh.3) bildirib ki, SMDT-nin qeydə aldığı seçici fəallığı rəsmi rəqəmlərdən əsaslı şəkildə aşağı olub:

Ümumiyyətlə, seçki məntəqələrinin 50 faizindən çoxunda adları seçki siyahısında olmayan şəxslərin səsverməyə buraxılması, bir şəxsin bir neçə dəfə səsvermədə iştirakı və seçki qutularına saxta bülletenlərin atılması halları seçici fəallığının süni şəkildə şişirdildiyini iddia etməyə əsas verir”.

SMDT-yə daxil olan məlumatlara görə, təsadüfi yolla seçilmiş 125 seçki məntəqəsində seçici fəallığı 43.6% olub ki, həmin seçki məntəqələrdə MSK 30% daha çox seçici fəallığı olduğunu bildirmişdi. 

23 dekabr 2019-cu il bələdiyyə seçkiləri

MSK-nin məlumatına (səh.4) əsasən, bu seçkilərdə seçici fəallığı 32.69% olub. Başqa sözlə 5 milyona yaxın seçicidən 1,6 milyona yaxın seçici səsvermədə iştirak edib. 

SMDT seçki fəallığının MSK-nin göstərdiyi rəqəmlərdən aşağı olduğunu qeyd edib. Belə ki, SMDT-nin müşahidələrinə əsasən seçici fəallığı MSK-nin göstəricilərindən 11% daha az olaraq 21.3% təşkil edib. Qeyd edək ki, SMDT 118 seçki dairəsi üzrə 125 seçki məntəqəsində müşahidə aparıb. 

2019-cu il bələdiyyə seçkilərində MSK və SMDT-nin seçici fəallığı ilə bağlı göstəriciləri. (Mənbə: SMDT)

Həmçinin SMDT seçkilərin qeyri-şəffaf keçdiyini, 40%-dən çox məntəqədə bir şəxsin bir neçə dəfə səs verdiyini və seçki qutularına topa bülleten atıldığını qeyd edib. 

9 fevral 2020-ci il növbədənkənar parlament seçkiləri

MSK-nin məlumatına görə, 9 fevral 2020-ci il seçkilərində seçici fəallığı 46.84% olub. Başqa sözlə, 5,3 milyon seçicidən 2,5 milyona yaxın seçici bu seçkilərdə səs verib. 

DTİHB SMM yekun hesabatında bu seçkilər zamanı ciddi pozuntu hallarının aşkarlandığını və bir çox məqamda prosesin qeyri-şəffaf keçdiyini bildirib. Seçici fəallığına dair rəqəmlərin dəyişdirilməsi də bu pozuntu hallarından biri kimi qeyd olunub (səh.29)

Bu əksikliklərə rəğmən SMDT seçici fəallığı ilə bağlı uyğunsuzluqları və şübhə doğuran faktları da hesabatda bildirib. Belə ki, SMDT-ninmüşahidəçiləri qeydə alıblar ki, məntəqələrin 35%-də müşahidə edilən seçici fəallığı rəsmi protokollarda əks olunmuş seçici fəallığı rəqəmlərindən 50% aşağıdır. 

Demokratik Təşəbbüslər İnstitutu (IDI) bu seçkilərdə 33 seçki məntəqəsində seçici fəallığını müşahidə edib. IDI müşahidələrinə görə, 33 seçki dairəsinin yekunu üzrə seçici fəallığı 20,56% təşkil edib. Lakin MSK-nın məlumatına görə, bu dairələrdə saat 19:00-a olan seçici fəallığı dəqiqləşdirilməyib. 

Müşahidə aparılan müvafiq dairələrdə MSK və IDI-nin açıqladığı rəqəmlərin müqayisəsi (Mənbə: IDI).

Müqayisədən də məlum olduğu kimi IDI-nin açıqladığı seçici fəallığı ilə bağlı rəqəmlər MSK-nin göstəricilərindən təxminən 50% daha aşağıdır. 

Beləliklə, MSK son 2 seçkidə (2019 və 2020-ci illərdə) seçici fəallığının 50%-dən az olduğunu qeyd edib. SMDT-nin və IDI-nin seçkilərdə seçici fəallığı ilə bağlı məlumatları MSK-nın təqdim etdiyi rəqəmlərdən də xeyli aşağı olub. Başqa sözlə, Azərbaycanda seçici fəallığı MSK tərəfindən əsassız şəkildə şişirdilib. Həm MSK, həm SMDT, həm də IDI-nin göstəricilərinə əsasən, Azərbaycanda keçirilən seçkilərdə fəallıq Türkiyə seçkiləri ilə müqayisədə xeyli aşağı olub.

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, Sabir Rüstəmxanlının iddiası faktlarla manipulyasiyadır. 

 

Faktlarla manipulyasiya
  • 9 İyun, 2023
  • 4207

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə