logo logo

Deyilənlərə yox, faktlara inanın

Media

Saxta xəbər: Qubad İbadoğlu FETÖ ilə əlaqə ittihamına görə həbs edilib

Saxta xəbər: Qubad İbadoğlu FETÖ ilə əlaqə ittihamına görə həbs edilib

Xəbərin qısa icmalı

  • İqtisadçı Qubad İbadoğlu Cinayət Məcəlləsinin 204.3.1-ci maddəsilə (saxta pul, qiymətli kağızlar əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) təqsirli bilinərək saxlanılıb.
  • Sonradan Qubad İbadoğluya qarşı Cinayət Məcəlləsinin 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddəsi ilə yeni ittiham irəli sürülüb.

Avqustun 12-də "Report.az" iqtisadçı Qubad İbadoğlunun həbsi barədə yayımladığı məqalədə onun Türkiyə və Azərbaycan tərəfindən terror təşkilatı olaraq tanınan FETÖ ilə əlaqə ittihamına görə həbs edildiyini bildirib: “...Qubad İbadoğlu FETÖ ilə əlaqə ittihamı üzrə həbs olundu, ardınca da Türkiyədə Fazil İsmayılov soyadlı şəxs həbs olunub Azərbaycana gətirildi.” Bu cümlə "Report.az" dərc olunan məqalədə daha sonra dəyişdirilib, lakin Reporta istinadla həmin məqaləni yayımlayan Yeni Musavat, İki SahilAzərbaycan24 xəbər saytlarında qalıb. 

Fakt Yoxla iddianın doğru olub-olmadığını yoxlayıb.

İqtisadçı Qubad İbadoğlunun barəsində iyulun 24-də Bakının Nərimanov rayon məhkəməsinin qərarı ilə 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilib. O, iqtisadçı Anar Əliyev adlı şəxsin şikayəti əsasında Cinayət Məcəlləsinin 204.3.1-ci maddəsilə (saxta pul, qiymətli kağızlar əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) təqsirli bilinərək saxlanılıb. Anar Əliyev siyasətçinin “ona dollar verdiyini” bildirib. 

Avqustun 25-də Qubad İbadoğluya qarşı Cinayət Məcəlləsinin 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddəsi ilə yeni ittiham irəli sürülüb. Qubad İbadoğlu bu ittihamları rədd edir və həbsini siyasi-ictimai fəaliyyəti ilə əlaqələndirir. 

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri olan Qubad İbadoğlu hakimiyyətə qarşı tənqidi çıxışları və Azərbaycan iqtisadiyyatına dair araşdırmaları ilə tanınır. O, həbsindən 2 həftə əvvəl professor Cəmil Həsənli və sabiq diplomat Arif Məmmədovla Böyük Britaniyada Azərbaycan Gənclərinin Təhsili Fondunu qeydiyyatdan keçirdiklərini açıqlayıb. İqtisadçı Fondun məqsədlərindən birinin “Azərbaycan hakimiyyətinin xalqdan oğurladığı çirkli pulları geri qaytarmaq və onu gənclərin xaricdə təhsil almasına sərf etmək” olacağını bildirib.

Fondun yaradılmasının elan olunmasından sonra, İbadoğlu və digər həmtəsisçiləri haqqında Azərbaycanda hakimiyyətə yaxın media orqanları tərəfindən fondun “anti-Azərbaycan şəbəkəsinə xidmət etdiyi” iddia edən budigər yazılar çap edilib.

İqtisadçının müəllim kimi işlədiyi London İqtisadiyyat və Siyasi Elmlər Məktəbi, Avropa Parlamentinin bir sıra deputatları, Avropa Şurası Parlament Assambleyasının siyasi məhbuslar üzrə baş məruzəçisi Sunna Evarsdottir, Avropa İttifaqı, bir sıra beynəlxalq hüquq-müdafiə təşkilatları Azərbaycan hakimiyyətini Qubad İbadoğlunu azad etməyə çağırıb.  

Fakt Yoxlanın gəldiyi nəticəyə görə, rəsmi ittiham aktına əsasən Qubad İbadoğlunun FETÖ ilə əlaqəyə görə həbs edilməsi xəbəri saxtadır.

Saxta xəbər
  • 30 Avqust, 2023
  • 2699

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə