Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Nigar Arpadarai deyib ki, 44 günlük Vətən müharibəsində əksər təşkilatlar ədalət və beynəlxalq hüquq prinsiplərinə uyğun olmayan mövqe sərgiləyiblər.
“Azərbaycanın üzv olduğu BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı və digər təşkilatlar çox təəssüf ki, mühüm məqamda böyük oyunçuların təşkilatlar daxilində mövqeyini qoruduqlarını, onların maraqlarını dəstəklədiklərini bariz şəkildə nümayiş etdirdilər”, ‒ deyə Arpadarai vurğulayıb.
“Fakt Yoxla” deputatın iddiasının doğru olub-olmadığını araşdırıb.
Birləşmiş Millətlər Təşkilatının 44 günlük müharibə dövründə verdiyi açıqlamada münaqişənin hərbi yolla həllinin olmadığı vurğulanıb.
Qurumun Baş katibi tərəfləri bütün hərbi əməliyyatları dərhal dayandırmağa, ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında danışıqlara qayıtmağa səsləyib.
Qeyd edək ki, Prezident İlham Əliyev də müharibə dövründə xalqa müraciətində bildirmişdi ki, BMT-nin Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə sənəd təklif olunsa da, qəbul edilməyib.
“Minsk qrupunun həmsədr ölkələri BMT Təhlükəsizlik Şurasının iclasını çağırırlar. Bir dəfə artıq bunu etmişdilər. Orada qəbul edilmiş sənəd görünür ki, onları qane etmədi.
Bu dəfə də bir neçə gün bundan əvvəl biz yeni sənədin ortaya çıxmasını gördük, xəbər tutduq. Dərhal biz hərəkətə keçdik və bu sənədin qəbul edilməsinə imkan vermədik. Baxmayaraq ki, üç həmsədr ölkə BMT Təhlükəsizlik Şurasına üzv olan digər ölkələrə böyük təzyiqlər edirdi”, – deyə Prezident bildirmişdi.
Daha sonra Azərbaycan mediasında yayılan xəbərlərdə qeyd edilən sənədin Təhlükəsizlik Şurasının daimi üzvü Böyük Britaniyanın qoyduğu veto nəticəsində qəbul edilmədiyi bildirildi.
“Fakt Yoxla” alternativ mənbələrdə bu iddianı təsdiqləyən məlumat əldə edə bilməyib.
Amma Böyük Britaniya Parlamentinin saytına yerləşdirilən məlumata görə, Xarici İşlər Nazirliyinin rəsmisi Baroness Sugg 2020-ci il noyabrın 19-da Lordlar Palatasının nümayəndəsi Baroness Coxun sualına cavabında deyib ki, Böyük Britaniya dağlıq Qarabağda atəşkəs layihəsinə veto qoymayıb.
“Prezidentin bəyanatı Təhlükəsizlik Şurasına təqdim edildi. Şuranın münaqişəyə son qoyulması ilə bağlı yekdil rəyi olsa da, üzvlər mətnin üzərində razılığa gələ bilmədilər”, ‒ deyə Baroness Sugg bildirib.
Skrinşot Böyük Britaniya parlamentinin saytından götürülüb
Qeyd edək ki, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) da Qarabağ müharibəsi ilə bağlı açıqlamasında hər iki tərəfi münaqişəni dayandırmağa səsləmişdi.
“Mən hər iki tərəfi ərazidə yaşayan mülki əhalinin maraqları naminə hərbi əməliyyatları dayandırmağa və münaqişənin uzunmüddətli həllinə nail olmaq üçün ATƏT-in Minsk Qrupunun həmsədrlərinin himayəsi altında danışıqlara qayıtmağa çağırıram”, ‒ deyə ATƏT Parlament Assambleyasının Baş katibi George Tseritelinin adından yayımlanan açıqlamada qeyd edilirdi.
Avropa Şurasının müharibə ilə bağlı açıqlamasında da, müharibəni dərhal dayandırmaqla bağlı tərəflərə müraciət edilir.
“Dağlıq Qarabağ münaqişəsinin hərbi eskalasiyası ilə bağlı xəbərlərdən narahatam. Üzv dövlətlərimiz adından Ermənistan və Azərbaycanı hərbi əməliyyatları dərhal dayandırmaqla, məsuliyyət və təmkin nümayiş etdirməyə çağırıram. Avropa Şurasına daxil olarkən hər iki ölkə münaqişənin sülh yolu ilə həllinə dair öhdəlik götürüb və bu öhdəliyə ciddi şəkildə riayət edilməlidir”, ‒ deyə qurumun Baş katibi Mariya Buric bildirmişdi.
Avropa İttifaqı isə tərəfləri döyüş əməliyyatlarını dayandırmağa, gərginliyi azaltmağa, atəşkəsə ciddi əməl etməyə və ATƏT-in Minsk Qrupu formatında danıqışlara qatıymağa çağırmışdı. Amma BMT, ATƏT, Avropa Şurası və Avropa İttifaqı əvvəlki dövrlərdə Azərbaycanın ərazi bütövlüyünü tanıyan və ərazilərinin işğal edildiyini təsdiqləyən sənədlər (səhifə 5, 525, 578 və 586) qəbul etsə də, müharibə dövründəki açıqlamalarında Ermənistana işğal etdiyi ərazilərdən çıxmaqla bağlı çağırışlar etməyiblər.
Eyni zamanda, BMT Təhlükəsizlik Şurası qətnamələrin icra edilməsi üçün BMT Nizamnaməsinin 42-ci maddəsi əsasında hərbi olmayan təsir vasitələrindən, sanksiyalardan, bu vasitələr effektiv olmadıqda isə hərbi vasitələrdən istifadə etmək hüququ versə də, bu BMT-nin müharibə dövründəki açıqlamalarında vurğulanmayıb.
Beləliklə, 44 günlük müharibə dövründə BMT, ATƏT, Avropa Şurası və Avropa İttifaqı hər iki tərəfi döyüşləri dayandırmağa, danışıqlar masasına geri qayıtmağa səsləsə də, Azərbaycanın ərazi dütövlüyünə dair daha əvvəl verdikləri bəyanat və qətnamələrə istinad etməyiblər.
“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, Nigar Arpadarainin iddiası yarı doğrudur.