logo logo

Believe in facts, not what has been said

Media

Kaktus kompüter şüasının zərərli təsirlərini azaldırmı?

Kaktus kompüter şüasının zərərli təsirlərini azaldırmı?

Kaktusun kompüter şüasını neytrallaşdırdığına dair iddialara vaxtaşırı müxtəlif media resurslarında rast gəlmək mümkündür. 

2009-cu il fevralın 28-də “Azərbaycan” qəzetində dərc olunan “Kaktus gül açanda…” sərlövhəli məqalədə kaktusların şüaları çəkərək ətraf mühitin təmizlənməsinə xidmət göstərdikləri qeyd edilib.

“medicina.az” isə kaktusun kompüter, televizor, telefon, modem və digər elektron qurğulardan yayılan elektromaqnit şüalarını qəbul edən və zərərsizləşdirən yeganə bitki olduğunu iddia edib.

xeberler.az”, “day.az” və “milli.az” kimi saytlarda da əhali arasında geniş yayılmış bu fikrin yer aldığını görmək mümkündür. Psevdo-elmi məlumatlar paylaşan “thewholejourney.com”, “emfadvice.com”, “orgoneenergy.org” kimi saytlarda isə kaktusun zərərli radiasiyanı udduğuna dair fikirləri müdafiə etmək üçün “NASA” tədqiqatlarına belə istinad olunub. 

“Fakt Yoxla” kaktusla bağlı iddiaların doğru olub-olmadığını müəyyənləşdirmək  üçün iki suala aydınlıq gətirib: 

1. Müasir kompüterlərin ekranı zərərli radiasiya yayırmı? 

2. Kaktusun radiasiyanı udan xüsusiyyətini təsdiq edən elmi tədqiqatlar mövcuddurmu?

Kompüter ekranlarından yayıldığı deyilən radiasiya elektromaqnit şüalanmasıdır. Elektromaqnit radiasiyasına radiodalğalar, mikrodalğalar, infraqırmızı şüalar, ultrabənövşəyi şüalar, rentgen və qamma şüaları daxildir. 

Gündəlik istifadə etdiyimiz elektron cihazlardan yayılan radiasiya aşağı səviyyədə enerji daşıyan qeyri-ionlaşdırıcıradiasiyadır. 

Radiasiya anlayışı bir çox hallarda nüvə fəlakətləri, xərçəng xəstəliyi və s. anlayışlarla assosiasiya olunsa da, tədqiqatçıların əksəriyyəti elektron cihazlardan yayılan elektromaqnit radiasiyasının zərərsiz həddə fərqli növ radiasiya olduğunu qeyd edirlər. 

Kompüter ekranından yayılan elektromaqnit şüaları yalnız həddindən artıq uzun müddət və qısa məsafədə (50 sm-dən yaxın) dayandıqda zərərli təsirə malik olurlar. Bu zaman insanlarda ürək xəstəlikləri, baş ağrısı, yanğı hissi, qızartı, yorğunluq kimi hallar müşahidə oluna bilər.

2005-ci ildə Benue Universitetində aparılan tədqiqatın nəticəsinə görə, kompüterlərin ekranlarından yayılan radiasiyanın səviyyəsi Beynəlxalq Radioloji Müdafiə Komissiyasının tövsiyə etdiyi həftəlik 0.02 mSv-lik limiti keçmir.

2017-ci ildə Port Harcourt Universitetində aparılan digər tədqiqatda ən yüksək həftəlik radiasiya 0.0089 mSv ilə “Dell” kompüter modelində qeydə alınıb. 

2009-cu ildə Tehranda bir sosial təminat təşkilatının işçilərinin istifadə etdikləri kompüterlər üzərində ətraf mühit amillərinin sağlamlığa təsirini araşdıran tədqiqatçı Məhəmməd Rəncbəri elektromaqnit radiasiyasının məsafələr üzrə “TCO” və “MPR II” standartlarına uyğunluğunu araşdırıb. 

Tədqiqat zamanı 237 kompüter monitorunun ətrafında 30, 50 və 60 sm məsafələrdə elektrik və maqnit sahəsinin intensivliyi ölçülüb. Əldə olunan nəticələrə əsasən, LCD masaüstü ekranlarından 30 sm məsafədə elektromaqnit sahəsinin intensivliyi standartlarda qeyd olunan səviyyədən yüksək olub. Bununla belə, tədqiqatda bu səviyyənin 50 sm məsafədə standarta uyğun olduğu qeyd edilib.

Kompüter ekranları ətrafındakı elektromaqnit sahələrinin ölçülməsi ilə bağlı digər tədqiqatlar da bu sahələrin həddən artıq aşağı tezlikli (3 - 3000 Hz) və çox aşağı tezlikli (3 - 30 kHz) sahələr olduğunu üzə çıxardıb.

Kaktusların bu dalğaların hərəkətinə təsirinə gəlincə, elektromaqnit radiasiyası düz xət boyunca yayılır. Bu baxımdan, ekranın kənarına qoyulmuş kaktus radiasiyaya təsir etmir. Kaktusun kompüter ekranından yayılan radiasiyanın qarşısını alması onun radiasiya mənbəyi olan ekranla radiasiyaya məruz qalan şəxs arasında yerləşdirilməsi və insanın üzərinə kölgə salması halında mümkün ola bilər ki, bu da işləmək üçün əlverişli olmur. 

Bunu 2018-ci ildə Qazi Universiteti ilə Qaradəniz Texniki Universitetinin apardığı tədqiqat da sübut edib. Bu tədqiqat müxtəlif kaktus növlərinin müasir LCD və köhnə elektron-şüa borusu texnologiyasına əsaslanan kompüter ekranları ətrafına yerləşdirilməklə aparılmışdı. Əldə olunan nəticələrə əsasən, kaktusun harada qoyulmasından asılı olmayaraq, onun elektromaqnit sahəsi üzərində yaratdığı fiziki təsirdən başqa hansısa xüsusi təsirə malik deyil. Həmçinin, tədqiqatçıların ekran ətrafındakı elektromaqnit sahəsini kaktusla və kaktussuz ölçmələri nəticəsində də kaktusun elektromaqnit sahəsində hər hansı dəyişikliyə səbəb olmadığı üzə çıxarılıb.

NASA bitkilər üzərində radiasiyanın təsirini ölçmək üçün tədqiqatlar aparır. Həmin araşdırmalar Marsda və ya digər planetlərdə insan koloniyası qurmaq mümkün olacağı halda bitkilərin həmin mühitin şərtlərinə daha dözümlü olduğunu üzə çıxarmaq məqsədilə həyata keçirilir. Nəzərə almaq lazımdır ki, NASA-nın araşdırdığı radiasiya molekulyar strukturu dəyişə bilən, ionlaşdırıcı, yüksək enerji daşıyan radiasiyadır. 2005-ci ildə həyata keçirilmiş tədqiqat nəticəsində arasında kaktusun da olduğu beş bitkinin ionlaşdırıcı radiasiyaya qarşı daha dözümlü olduğu aşkar olunmuşdu. Bu araşdırmalar kaktusun zərərli səviyyə olan radiasiyaya digər bitkilərə nisbətən daha çox dözdüyünü göstərir.

Beləliklə, tədqiqatlar müasir kompüter ekranlarının tövsiyyə olunan məsafə daxilində zərərli olmayan radiasiya yaydığını və kaktusların elektromaqnit radiasiyasının təsirlərini aradan qaldıran xüsusi bir bitki olmadığını göstərir. 

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, kaktusun radiasiyanın qarşısını alması ilə bağlı iddialar yanlışdır.

False
  • 16 March, 2023
  • 895

Share this article

Check own fact
Contact us