logo logo

Believe in facts, not what has been said

Human rights

Deputat: “Taleh Bağırzadə qanunvericiliyi pozduğuna görə həbs olunub”

Deputat: “Taleh Bağırzadə qanunvericiliyi pozduğuna görə həbs olunub”

“Taleh Bağırzadə Azərbaycanın qanunvericiliyini pozduğuna görə həbs olunub. Yəni, onun həbsi məsələsi qanunauyğun şəkildə əsaslandırılıb”. 

Deputat, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov belə deyib.

“Fakt Yoxla” bu iddianın doğru olub-olmadığını yoxlayıb.

Müsəlman Birliyi Hərəkatının rəhbəri Taleh Bağırzadə 2015-ci il noyabrın 26-da Bakının Nardaran qəsəbəsində polis əməliyyatı nəticəsində saxlanılıb

Bu əməliyyat zamanı ikisi polis əməkdaşı olmaqla 7 nəfər həlak olub.

Bağırzadə qəsdən adam öldürmə, terrorçuluq, o cümlədən dini nifrəti təhrik etmək, kütləvi iğtişaşlar təşkil etmək, qanunsuz silah saxlamaq və s. kimi maddələrlə ittiham edilib. 

2017-ci ildə ona 20 il azadlıqdan məhrum etmə cəzası verilib

“Amnesty International”ın elə həmin il “Nardaran işi” ilə bağlı yaydığı hesabatda Taleh Bağırzadənin məhkəməsinin beynəlxalq standartlara cavab vermədiyi və bu prosesin işgəncə iddiaları ilə müşayiət edildiyi qeyd olunub.

 “Nardaran hadisələri zamanı həbs edilənlərin mühakimə olunması və cəzalandırılması çoxsaylı insan haqlarının pozulması ilə nəticələnib. Bu pozuntulara işgəncə və digər pis rəftarlar, ədalətli məhkəmə araşdırması hüququnun pozulması və təcili tibbi yardımın göstərilməməsi daxildir”, – deyə hesabatda bildirilib.

“Human Rights Watch”un hesabatında 2015-ci ilin noyabrında Nardaranda keçirilən polis əməliyyatının qeyri-müəyyən və mübahisəli şəraitdə keçirildiyi, Bağırzadənin məhkəmədə dövlət nümayəndələri tərəfindən döyüldüyü, iki müxalif siyasi liderə qarşı ifadə verməyə məcbur edildiyi vurğulanıb.  

Bu məsələlər “Human Rights Watch” Azərbaycanla bağlı 2017-ci ilə dair hesabatında da yer alıb. 

Hesabatda Taleh Bağırzadə və azadlıqdan məhrum edilən digər şəxslərin başqalarına qarşı ifadə vermək və məcburi etiraflar etmələri üçün işgəncələrə məruz qaldığı vurğulanır. 

Təşkilat qeyd edir ki, “hökumət bu iddiaların heç biri ilə bağlı səmərəli araşdırma aparmayıb.

Avropa Şurası Parlament Assambleyasının Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsinin Azərbaycanda siyasi məhbuslarla bağlı hesabatında bildirilir ki, məhkəmə zamanı Taleh Bağırzadə işgəncəyə məruz qaldığı barədə ətraflı məlumat versə də, iddialar araşdırılmayıb, ittiham tərəfi ayrı-ayrı təqsirləndirilən şəxslərə qarşı kifayət qədər və ya tutarlı sübut təqdim etməyib. 

“Xüsusən də hakimiyyətin açıq-aşkar düşmənçiliyi və ondan əvvəlki repressiya cəhdləri məhbusların siyasi/dini fəaliyyəti və məhkəmə proseslərində aşkar qüsurlar - Assambleyanın müddəalarına uyğun olaraq cənab Bağırzadə və cənab Hüseynovun siyasi məhbus olması ehtimalını irəli sürmək üçün kifayətdir”, – deyə hesabatda qeyd edilir. 

Ümumbəşər dini və inanc azadlığı hüququnu monitorinq edən Beynəlxalq Dini Azadlıq üzrə ABŞ Komissiyası (USCIRF) Azərbaycanla bağlı 2017-ci ildəki hesabatında bildirib ki, Taleh Bağırzadə və digərlərinin bir il davam edən mühakimələri ədalətsiz keçirilməsi səbəbi ilə insan haqları təşkilatları tərəfindən geniş şəkildə tənqid edilib. Həmçinin hesabatda bildirilir ki, bu mühakimələrin şəffaflığı ağır işgəncələrdən geniş istifadə iddiaları ilə ləkələnib.

Komissiyanın Mərkəzi Asiya regionu üzrə eksperti Ketrin Kosman Nardaran hadisələri və Azərbaycanda din azadlığı sahəsində vəziyyəti şərh edərkən uzun zamandır bu prosesdə əsas fiqurlardan biri olan Taleh Bağırzadənin işi və fəaliyyətlərini izlədiklərini bildirib. 

O qeyd edib ki, Bağırzadənin və onun “Müsəlman Birliyi” qrupunun nə vaxtsa zorakılığa yol verməsinə, yaxud da buna çağırış etməsinə inanmağa əsas yoxdur. 

ABŞ Departamentinin 2017-ci ildə dərc etdiyi Beynəlxalq Dini Azadlıq Hesabatında Bağırzadənin 20 il azadlıqdan məhrum edildiyi vurğulanaraq Azərbaycan hökumətinin siyasi məhbus hesab edilən dini fəalları fiziki zorakılığa məruz qoymağa və həbs etməyə davam etdiyi bildirilib. 

Siyasi məhbusların İşçi Qrupu Azərbaycanda siyasi məhbusların siyahısını hazırlayır.  

Bu siyahiya Taleh Bağırzadənin də adı daxil edilib. Siyahı hazırlanarkən Azərbaycanın da təmsil olunduğu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 3 oktyabr 2012-ci il 1900 saylı Qətnaməsində təsbit edilmiş siyasi məhbus meyarları nəzərə alınır. Bu meyarlar aşağıdakılardır:

a. həbs İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya və onun protokollarında təsbit olunmuş fundamental təminatlardan biri, xüsusilə fikir, vicdan və din azadlığı, ifadə və informasiya azadlığı, toplaşma və birləşmə azadlığı pozulmaqla həyata keçirilibsə. Bu bənddə sadalananlar Avropa İnsan Hüquqları Konvensiyasının qoruduğu və təmin etdiyi əsas hüquqlardır. Əgər vətəndaş bu hüquqlarından istifadə etməsinin nəticəsi olaraq  cinayət məsuliyyətinə cəlb edilirsə, siyasi məhbus hesab olunur. 

b. həbs heç bir cinayətlə əlaqəsi olmadan sırf siyasi səbəblərdən həyata keçirilibsə. Siyasi hakimiyyət öz rəqibini və ya hər hansı bir şəxsi hər hansı bir cinayət motivi olmadan yalnız siyasi səbəblərlə, saxta və qurama şəkildə cəzalandırırsa, həmin şəxs siyasi məhbus hesab edilir. 

c. siyasi səbəblərdən, saxlanmanın müddəti və ya onun şərtləri şəxsin şübhəli və ya təqsirkar sayıldığı cinayətə aydın şəkildə proporsional deyilsə. Belə ki, şəxsin törətdiyi cinayətin cəza müddəti və şərtləri cinayətin cəzalandırılması kriteriyaları ilə uyğunluq təşkil etmirsə, həmin şəxs siyasi məhbus hesab edilir. 

d. şəxs başqa şəxslərlə müqayisədə siyasi səbəblərdən ayrı-seçkilik şəraitində həbs edilirsə. Eyni cinayəti törətməkdə ittiham olunan şəxslərlə müqayisədə, həmin şəxsə fərqli münasibət göstərilir və  diskriminasiyaya məruz qalırsa, siyasi məhbus hesab olunur. 

e. həbs aydın şəkildə ədalətsiz məhkəmə proseslərinin nəticəsidirsə və bu, hakimiyyətin siyasi motivləri ilə bağlıdırsa. Bu bənd ədalətli məhkəmə araşdırması huququ ilə bağlıdır. Məsələn, həmin elementlərdən biri olan müdafiə tərəfinin işin obyektiv araşdırlmasına xidmət edən vəsatətləri təmin edilmirsə, ədalətli məhkəmə araşdırmasının standartları pozulur. Bu zaman prosses hakimiyyətin siyasi motivləri ilə bağlı olduğuna görə həmin şəxs siyasi məhbus hesab edilir.  

“Həbs olunan şəxslər onlara ağır işgəncələr verildiyini, bu işgəncələr altında onların öz əleyhlərinə ifadə verməyə məcbur edildikləri ilə bağlı açıqlamalar veriblər. Xüsusən T.Bağırzadə və onunla birgə həbs olunan şəxslər məhkəmə prosesləri zamanı ağır və dəhşətli işgəncələrə məruz qaldıqlarını, təhqir edildiklərini bildiriblər”, – deyə  İşçi Qrup öz hesabatında bildirib.

Hesabatda qeyd olunur ki, “Nardaran hadisələri” zamanı saxlanılanların işgəncələrlə bağlı açıqlamalarını məhkəmə araşdırmayıb, istintaq onlara qarşı irəli sürülmüş ittihamları sübut edə bilməyib: “İstintaq özü həbs edilən şəxslərin əl izlərinin ekspertizasını aparmayıb, vəkillərin bununla bağlı vəsatəti isə təmin olunmayıb”. 

Bağırzadənin həbsi ilə bağlı verilən şikayətlər Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) icraatındadır. Beynəlxalq və yerli təşkilatların hesabatlarına və AŞPA-nın siyasi məhbus meyarlarına görə, Taleh Bağırzadə qanunvericiliyi pozduğuna görə yox, siyasi səbəblərə görə həbs edilib. 

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, Ceyhun Məmmədovun iddiası yanlışdır. 

“pravda.az”, Deputat: “Taleh Bağırzadə qanunvericiliyi pozduğuna görə həbs olunub, İranın bəzi media qurumlarının davranışı anlaşılan deyil”

“uscirf.gov”, Beynəlxalq Dini Azadlıq üzrə ABŞ Komissiyasının (USCIRF) Azərbaycanla bağlı 2017-ci ildəki hesabatı

“assembly.coe.int”, The definition of political prisoner

“amerikaninsesi.org”, Ketrin Kosman Nardaran hadisələri və Azərbaycanda din azadılığı sahəsində vəziyyəti şərh edir

“state.gov”, 2017 Report on International Religious Freedom: Azerbaijan

“mia.gov.az”, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğunun məlumatı

“bbc.com”, Həbsdə aclıq edən Taleh Bağırzadənin "səhhətində problemlər yaranıb"

“amnesty.org”, Azərbaycan: Nardaran işində işgəncə və ədalətin alçaldılması

“smdtaz.org”, AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN VAHİD SİYAHISI / HESABAT (səh. 50, 51)

 “assembly.coe.int”, Avropa Şurası Parlament Assambleyasının Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsinin Azərbaycanda siyasi məhbuslarla bağlı hesabatı (səh. 18, 19)

 “hrw.org”, Human Rights Watch World Report 2017  (səh. 104)

 “hrw.org”, Human Rights Watch World Report 2018 (səh. 54)

 “faktyoxla.info”, Dini Komitə: “Beynəlxalq Din Azadlığı Komissiyasının hesabatı qeyri-obyektivdir”

 “coe.int”, Avropa İnsan Hüquqları Konvensiyası və onun protokolları

 “hudoc.echr.coe.int”, JABBAROV v. AZERBAIJAN and 8 other applications

 “meydan.tv”, Avropa Məhkəməsi: 10 nəfər həbsdə qanunsuz saxlanılıb

False
  • 19 July, 2022
  • 2367

Share this article

Check own fact
Contact us