"Sumqayıt Rəsmi Səhifə” və “Şəbəkə” internet platformasında yayılan Sumqayıt bulvarının görüntüsü sosial mediada maraqla qarşılanıb.
Bulvarın yanında yerləşən park və futbol stadionu sumqayıtlılara tanışdır. Amma fotonu onlara göstərən olsa, bəlkə də təəccüblənərlər. Çünki orada bu şəkildə olduğu kimi bir yaşayış kompleksi görmək mümkün deyil.
Skrinşot “Şəbəkə” feysbuk səhifəsindən götürülüb.
145 mindən çox izləyicisi olan “Şəbəkə” səhifəsinin admini Rahil Sayadoğlu bildirib ki, bu foto “facebook”da onun qarşısına çıxıb.
“Maraqlı gəldiyi üçün biz də paylaşmağa qərar verdik. Şərhlərdə foto ilə bağlı müsbət reaksiya almışdıq", – deyə o bildirib.
“Sumqayıt Rəsmi Səhifə” profili isə fotonun Sumqayıtda çəkildiyinivurğulayıb. Sumqayıt şəhər İcra Hakimiyyətinin (İH) mətbuat xidmətinin rəhbəri Eyvaz Qocayev “Fakt Yoxla”ya deyib ki, İH-nin bu səhifə ilə hər hansı formada əlaqəsi yoxdur.
Skrinşot “Sumqayıt Rəsmi Səhifə” feysbuk səhifəsindən götürülüb.
Açıq mənbələrdən əldə olunan məlumata görə, “Sumqayıt Rəsmi Səhifə” adlı səhifəni “xeberle.com” saytının baş redaktoru Ramil Zeynallı yaradıb. O, “Fakt Yoxla”ya bu fotonu “Sumqayıt 50” adlı “facebook” qrupundan götürdüyünü deyib.
“Google map” üzərindən baxanda həmin ərazidə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunu, Bulvar küçəsi və parkı görmək mümkün olsa da, yaşayış kompleksi nəzərə çarpmır.
Skrinşot “Google Map” saytından götürülüb.
Tərs şəkil axtarışı vasitəsilə əldə etdiyimiz məlumata görə, foto ilk dəfə Mənzil İnşaatı Dövlət Agentliyinin saytında “Sumqayıt yaşayış kompleksi” başlığı altında paylaşılıb.
Foto "MİDA"-nın arxivindən götürülüb.
Qurumun saytında verilən məlumatda deyilir ki, Mehdi Hüseynzadə adına şəhər stadionunun şimal-şərqində yerlən bu yaşayış kompleksinin ümumi sahəsi 2 hektardır.
Foto “MİDA” saytının arxivindən götürülüb.
"Azərtac"ın məlumatına görə, yaşayış kompleksinin təməli ötən il sentyabrın 3-də qoyulub.
Təməlqoyma mərasimində Prezident İlham Əliyev də iştirak edib.
Foto “president.az” saytının arxivindən götürülüb.
Sözügedən əraziyə baş çəkəndə isə məlum oldu ki, həmin ünvanda inşası başa çatmış bina kompleksi yox, tikilməkdə olan yarımçıq binalar var.
Tikinti meydanındakı məlumat lövhəsində yazılıb ki, doqquz mərtəbədən ibarət bina kompleksinin inşasına ötən il noyabrın 25-də start verilib. Binaların tikintisi 2024-cü il aprelin 25-də başa çatmalıdır.
Tikinti meydanındakı məlumat lövhəsi.
Beləliklə, sosial mediada paylaşılan foto Sumqayıt şəhərinə aid olsa da, oradakı göstərilən yaşayış kompleksinin hələ tikilməkdə olduğu qeyd edilməyib.
“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, “Şəbəkə” və “Sumqayıt Rəsmi Səhifə” resurslarının iddiası əsasən yanlışdır.